Türkiyə Türk dünyası ilə bağlı nazirlik yaradır

Azər Həsrət: “Bu yöndə növbəti addımı Azərbaycan atmalıdır”

Fevralin 27-də İstanbulda Türkiyə hökumətinin nəzdində “Xaricdə Yaşayan Türklər və Türkdilli Xalqlarla İş üzrə İdarə”nin (Dış Türklər və Akraba Topluluqları Başkanlığı) yaradılması ilə bağlı tədbir keçirilib. Toplantıda bu idarənin yaradılması haqqında hazırlanmış qanun layihəsinin mahiyyəti dünyadakı türk icmalarına təqdim olunub. Onların da rəy və təklifləri dinləniləcək, xarici ölkələrdə yaşayan türklərin problemləri müzakirə ediləcək, həmçinin güclü Türkiyə lobbisinin yaradılması yollarından danışılacaq.

Dövlət naziri Faruk Çelikin təşkilatçılığı ilə keçirilən tədbirə ABŞ-dan Avstraliyaya qədər bütün dünyada yaşayan türk icmaları ilə yanaşı Türkiyədəki Qafqaz, Balkan dərnəklərinin təmsilçiləri də dəvət olunub. Yeni yaradılacaq idarənin tanıdılması mərasimində Azərbaycanda da nümayəndə heyəti qatılıb. Nümayəndə heyətinə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş katibi Ramil Həsənov və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları daxildir.

Qeyd edək ki, yaradılması nəzərdə tutulmuş idarə xaricdə yaşayan türklərin cəmiyyətə inteqrasiyası, hüquq və azadlıqlarının qorunması, milli-mənəvi dəyərlərinin mühafizəsi, Türkiyə ilə əlaqələrinin inkişafı, xaricdə təhsil alan türk tələbələrin problemlərinin həlli, türkdilli xalqlarla əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərəcək. İdarə həmçinin xaricdəki türkləri ayrıseçkilik, assimilyasiya və bu kimi digər problemlərdən qorumaq məqsədi daşıyacaq.

Qeyd edək ki, bu günlərdə “Yeddi Dövlət – Bir Millət” Kültür və Dayanışma Dərnəyi Türk Cümhuriyyətləri baş təmsilçisi Azər Həsrət Azərbaycanda da oxşar dövlət qurumunun – komitə və ya nazirliyin yaradılması təklifi ilə çıxış etmişdi. A.Həsrət məsələ ilə bağlı “Türküstan”a açıqlamasında Türkiyədə analoji qurumun yaradılmasının qürurverici olduğunu söylədi: “Türkiyə bu yöndə ilk addımı atdı. Mənə elə gəlir ki, indi növbə Azərbaycanınıdır. Azərbaycanda türk dövlət və topluluqlarıyla iş üzrə dövlət komitəsi və hətta deyərdim ki, nazirlik qurulması məqsədəuyğun olardı”.

Baş təmsilçi fikrini onunla əsaslandırır ki, Azərbaycan həm türk dünyasının birliyinin təmin edilməsi, həm də qardaş xalqların bizim dərdlərimizlə daha yaxşı tanış ola bilməsi üçün ardıcıl və sürətli dövlət siyasəti həyata keçirməlidir.

“Dəfələrlə şahidi olmuşuq ki, ən yaxın saydığımız türk topluluqlarında, hətta çox zaman Türkiyədə belə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi, Xocalı, 20 yanvar kimi qırğınlar haqqında bilgi ya yoxdur, ya da ki, çox azdır. Ən dəhşətlisi isə odur ki, bu bilgilər bizim əleyhimizə olan bir şəkildə təzahür edir. Nəticədə türk topluluqları eyni dərəcədə özlərinə də aid sayıla biləcək problemlərdən xəbərsiz qalırlar”, – deyə Azər Həsrət bildirib.

O, həmçinin qeyd edib ki, Azərbaycanın iqtisadi imkanları, dünya çapında yetərincə güclü bir dövlət olaraq qəbul edilməsi digər türk dövlət və topluluqlarını da ümidləndirir və onların yeni gözləntilərinin meydana çıxmasına səbəb olur: “Hətta mənimlə söhbətlər zamanı bir sıra türk dövlət və topluluqlarının nümayəndələri açıq şəkildə bildirirlər ki, Azərbaycandan gözləntiləri və umduqları bu gün ediləndən qat-qat artıqdır. Onlar hesab edirlər ki, türk dövlət və topluluqları ilə bağlı Azərbaycan öz üzərinə daha artıq məsuliyyət götürməyə imkanı olan az sayda türk dövlətlərindən biri, hətta bəzi hallarda isə müəyyən səbəblərdən birincisidir”.

“İstər Orta Asiya, istərsə də digər bölgələrdə yaşayan türk xalqlarının bu cür gözləntilərini təmin etmək üçün Azərbaycan dövləti bir an belə vaxt itirmədən Türk Dövlət və Topluluqları İlə İş Üzrə Dövlət Komitəsi və ya Nazirlik qurmalıdır. Bu, dövlətimizin mənəvi məsuliyyət məsələsi olmaqla bərabər onun rolunun daha da möhkəmlənməsinə səbəb ola biləcək güclü bir addım ola bilərdi”, – deyə bildirən Azər Həsrət, təşəbbüsə prezident İlham Əliyevin müsbət yanaşacağına ümidlidir.

Qaynaq: Türküstan qəzeti

Oxunma sayı: 5055
Share