“Xarəzm” futbol klubunun rəsmi intеrnеt saytı açıldı
2010-cu il 5 mart günü “Xorazm” futbol klubunun rəsmi İnternet saytı açıldı. Onun tərtibində Urgənç şəhərinin futbol klubu özbək dilinin latın əlifbasıyla yazılışına əməl edib: sayt İnternet aləminə www.xorazmfk.com ünvanıyla daxil olub. “Xorazm”ın mətbuat katibi Babamurad Abdullanın dediyinə görə, bu sayt klubun 5 dekabr 2009-cu ildə qəbul edilən “2010-cu il üçün inkişaf proqramı”na uyğun layihə çərçivəsində qurulub.
“Saytın qurulmasında klubumuzun qardaş Azərbaycandakı tərəfdarları yaxından yardım etdi. Xüsusən də “Xorazm” futbol klubunun, Xarəzm torpağının və elinin tərəfdarı, mənim dostum jurnalist Azər Həsrət özünün maliyyə və əməli yardımını əsirgəmədi”, – deyir “Xorazm” mətbuat katibi. Onun dediyinə görə, Azər Həsrət “Xorazm” futbol klubunun rəsmi saytı ilə bağlı bütün texniki tərtibat və maliyyə xərclərini öz üzərinə götürüb.
Onu demək gərəkdir ki, “Xorazm”ın saytı üç dildə – özbək, türk və rus dillərində olub onda kluba aid bütün əsas məlumat və materiallar yer almaqdadır. Saytdakı bütün məlumatlar və foto- və videomateriallar klub mətbuat katibi Babamurad Abdulla tərəfindən toplanır, yazılır, türk və rus dillərinə tərcümə edilərək sayta yerləşdirilir. “Klubumuzda veb-saytın idarə edilməsi üçün ştat yoxluğu səbəbindən saytın təminatı və yenilənməsi işiylə özüm məşğul oluram. Bu iş mənim üçün əlavə zaman alsa da klubla bağlı yenilikləri və başqa materialları mümkün olduqca öz vaxtında yerləşdirməyə çalışıram”, – deyir “Xorazm” mətbuat katibi Babamurad Abdulla. Onun dediyinə görə, yeni sayt hələ tam olaraq doldurulmayıb, onun bəzi bölmələrinə materiallar hazırda yerləşdirilməkdədir.
“Xorazm”ın İnternet saytı Özbəkistandakı və xaricdəki idman jurnalistləri, həvəskarlar və klub tərəfdarlarının bilgi tələblərini təmin etmək, həm də klubu respublika içində və xaricdə tanıtmaq məqsədilə açılıb. “Xorazm” mətbuat katibi Babamurad Abdullanın şəxsi təşəbbüsü və çalışmaları ilə açılan www.xorazmfk.com İnternet saytının qurulması ilə özbək klublarının İnternet resurslarının sayı daha bir vahid artmış oldu.
Qaynaq: XorazmFK.com
Qeyd: Bu xəbəri özbək dilindən Azər Həsrət tərcümə edib
Oxunma sayı: 11


