Türk Birliyi Uğrunda İctimai Koalisiya

ATXƏM Mətbuat Xidmətindən Yalquzaq.com-a verilən bilgiyə görə, martın 11-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzində (ATXƏM) Azərbaycanda Türk dövlət və topluluqlarıyla əlaqəli fəaliyyət göstərən milli QHT-lərin növbəti görüşü keçirildi.

Görüşdə ATXƏM sədri İlham İsmayılov, Türk Ocaqlarının Bakı təmsilçisi Xalil Öztürk, “Tuğan Tel” Tatar Mədəniyyət Mərkəzinin sədri Gülcan Myasoutova, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı, Ahıska Türkləri “Vətən” Cəmiyyətinin sədri İbrahim Burhanov, “Yeddi Dövlət – Bir Millət” Kültür və Dayanışma Dərnəyinin Türk Cümhuriyyətləri baş təmsilçisi Azər Həsrət, “Muasir İnkişaf” Birliyinin sədri Mübariz Aşırlı, Türk-İslam Araşdırmaları Mərkəzinin sədri Vüqar Zifəroğlu, “BESAM” Beynəlxalq Elmi Araşdırmalar Mərkəzinin rəhbəri Aygün Həsənoğlu, Türkiyə Universitetləri Məzunları Birliyinin sədri Çingiz Bayramov, Bakı Strateji Araşdırmalar Mərkəzinin sədri Elnur Eltürk iştirak edirdi.

Görüşdə iştirak edən milli QHT rəhbərləri Türk Birliyi Uğrunda İctimai Koalisiyanın anlaşma protokolunu müzakirə edərək, Koalisiyanın qurulması haqqında ilkin niyyət protokolunu qəbul etdilər.

Protokolda bütün Türk xalqlarının və dövlətlərinin maraqları baxımından milli-mənəvi dəyərlərin qorunması, bundan sonra daha da inkişaf etdirilməsi, Türk xalqları arasında əməkdaşlığın dərinləşməsi məsələləri öz əksini tapmışdır. Eyni zamanda türk xalqlarının ümummilli məsələlərində ortaq mövqedən çıxış etmək, Türk xalqlarıyla bağlı vahid informasiya bazası yaratmaq, birgə layihələr həyata keçirmək, türk xalqlarının tarixi, mədəni və elmi inteqrasiya aparmasına yardımçı olmaq kimi məsələlər də Türk Birliyi Uğrunda İctimai Koalisiyanın qarşısında duran əsas məsələlərdəndir.

Oxunma sayı: 7710
Share