BAGT-dan “Türk və türkçülük” dartışması

BAGT məktəbində

Bakı, BAGT MX, 10.04.2010 – Bütöv Azərbaycan Gənclər Təşkilatının təsisçiliyilə fəaliyyət göstərən “Bütöv Azərbaycan” məktəbi 10 aprel 2010-cu il tarixində “Türk və türkçülük” mövzusunda növbəti dərsini keçirdi. Tədbirdə “Yeddi Dövlət – Bir Millət” Kültür və Dayanışma Dərnəği Türk Cümhuriyyətləri baş təmsilcisi, “Yeddi Dövlət – Bir Millət” Konseyi başqanı Azər Həsrət istirak edirdi.

BAGT sədri Ruslan İzzətli tədbiri Azərbaycanın dövlət himni ilə açıq elan etdi. Ruslan bəy mövzu haqqında qısa məlumat verdikdən sonra söz Azər Həsrətə verildi.

Azər bəy Türk millətinin tarixi keçmişi və bugünkü durumu haqqında gənclərə məlumat verdi. O, “bu gün türk millətinin bir birlik qurmasına çox böyük ehtiyac var. Bu birlik türk millətinin bütün problemlərini həll edəcək. Bizim düşüncəmizə görə, belə bir birlik modeli ilkin olaraq insan haqları və azadlıqlarının təmin ediləcəyi və hələlik yeddi bağımsız türk dövlətindən oluşacaq Bağımsız Türk Dövlətləri Birliyidir”, – deyə bildirdi.

Çıxışçı onu da qeyd etdi ki, birlik modeli olaraq SSRİ-ni deyil, Avropa Birliyini nəzərdən keçirmək doğru olardı: “SSRİ özlüyündə mürtəce olmaqla bərabər zorakı birlik idi. Yəni orada birləşən ölkələrin heç biri könüllü şəkildə bu birliyə qoşulmamışdı. Ancaq Avropa Birliyi xalqların azad iradəsinin məhsulu olmaqla qarşılıqlı etimad və hörmət əsasında qurulub və türk birliyi məhz bu cür dəyərlərə söykənməlidir”.

BAGT "Bütöv Azərbaycan" məktəbi

Azər Həsrət təkcə yeddi bağımsız türk dövlətinin ümumi hesabla 4,7 milyon kv. km. əraziyə və toplam 136 milyon əhaliyə sahib olduğunun altını da cızdı. Bunun yanısıra Rusiyanın, Çinin və İranın işğalı altındakı türk toplumlarının sorunlarına toxunan çıxışçı Yakutiyanın 3 milyon, Doğu Türkistanın isə 1,8 milyon kv. km əraziyə sahib olmasını xüsusi olaraq vurğuladı.

Özəl olaraq Güney Azərbaycan, Doğu Türkistan, Tatarıstan, Krım, Batı Trakya, Bolgarıstan və başqa türk toplumlarının sorunlarına da toxunan natiq hələ bağımsızlığını əldə edə bilməmiş türklərin də çıxış yolunun Bağımsız Türk Dövlətləri Birliyində olduğunu dedi.

Ortaq türkcə ilə bağlı suallara cavab verərkən çıxışçı ilkin olaraq ortaq əlifbanın – latın əlifbası əsasında ortaq türk əlifbasının müəyyənləşdirilməsindən yana olduğunu, bunun üçün təşəbbüs irəli sürəcəklərini dilə gətirdi.

Dildə birliyi təmin edə bilmək üçün ikinci addım kimi yer və şəxs adlarının yerində olduğu kimi yazılması və ifadə olunmasının tərəfdarı olduğunu da deyən Azər Həsrət misal üçün, Bakı şəhərinin bütün türk yurdlarında Bakı kimi, Toşkent adının da Toşkent kimi ifadə edilməsinin tərəfdarı olduğunu söylədi. Hansı türkcənin ortaq olmasıyla bağlı suala cavab verərkən o, praktiki və texniki cəhətdən Türkiyə türkcəsinin daha əıverişli durumda olduğunu, bununla belə sayı 50 milyonu aşan Azərbaycan türklərinin istifadə etdiyi türkcənin Asiya və Avropa türkləri arasında körpü ola biləcəyini vurğuladı. Bundan başqa Orta Asiyada daha rahat anlaşıla biləcək və 30 milyon uyğurun, bir o qədər də özbəyin istifadə etdiyi türkcənin də ortaq dil olmağa haqqı çatdığını deyən çıxışçı “biz hələlik bu mübahisələrə çox da zaman xərcləmək istəmirik. Öncə ortaq əlifba məsələsini həll edək, ortaq türkcəyə də addım-addım yaxınlaşaraq”, – deyə bildirdi.

Gənclərin maraqla qarşıladığı və fəal şəkildə qatıldığı müzakirələr başqa suallarla davam etdi.

"Bütöv Azərbaycan" məktəbinin dinləyiciləriylə xatirə şəkli

Oxunma sayı: 5189