Türk dövlətləri Qırğızıstana sahib çıxmalıdır

Azər Həsrət

Bakı, Yeddi Dövlət – Bir Millət Konseyi, 15.04.2010 – “Bu il aprel ayının 6-7-də baş verən vətəndaş qarşıdurması sonucunda qardaş Qırğızıstan Respublikasında yer alan qanlı olaylar bütün türk dünyasını düşündürəcək özəllikdədir. Olayların əsas səbəbi iqtisadi gəlişmədən geri qalma, ölkənin dış etkilər qarşısında zəifləmiş hala gəlməsi və bu durumdan dağıdıcı qüvvələrin yararlanmasıdır. Acınacaqlı sonuclara görə, 80-dək insanın həlak olması, yüzlərlə vətəndaşın yaralanması, çox sayda iş yeri və dövlət qurumlarına məxsus binaların dağıdılması iqtisadi imkanları onsuz da zəif olan Qırğızıstanı xeyli geri atmışdır. Qısa müddət ərzində ölkədə bu cür vətəndaş ayaqlanmalarının təkrarlanması heç bir halda arzu olunan deyil və digər türk dövlətləri bunu nəzərə alaraq Qırğızıstanın iqtisadi inkişafına öz dəstəklərini verməlidirlər.” Bu sözləri Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrət deyib. O, belə bir durumun bütünlükdə türk dünyasına ciddi zərər vurduğunu, ona görə də digər türk dövlətlərinin vaxt itirmədən müzakirələrə başlamasının vacibliyini də vurğulayıb: “Biz elə bilirik ki, özünün iqtisadi imkanlarına və nüfuzuna görə öndə gələn türk dövlətlərinin başqanları ən qısa zamanda bir araya toplaşaraq bu durumu əsaslı müzakirə etməlidir. Hazırda Qırğızıstanın ciddi ehtiyac duyduğu iqtisadi yardım təxirə salınmadan göstərilməli, ən qısa zamanda ölkədə normal hakimiyyətin fəaliyyətə başlaya bilməsi üçün keçici hökumətlə işbirliyi qurulmalıdır. Türk dövlətlərinin bu ölkədə baş verənləri susaraq izləməsi heç bir halda başa düşülən deyil. Qırğızlarla digər türk xalqları qədim ortaq tarixə malik olan böyük bir millətdir və böyük türk coğrafiyasının önəmli parçası olan Qırğızıstanın taleyin öhdəsinə buraxılması düzgün olmazdı. Ona görə də özünün sabit dövlət yapısı və iqtisadiyyatı olan Azərbaycan və digər türk dövlətləri Qırğızıstana sahib çıxmalıdır”.

Konsey başqanı dövlət başqanlarının diqqətini ona da cəlb edir ki, əgər belə bir çətin durumda Qırğızıstana yardım edilməzsə bu, türk dövlətləri arasında inteqrasiyanın gerçəkləşməsini əngəlləmiş olar. “Biz yalnız vətəndaşı olduğumuz dövləti deyil, bütün türk dövlət və topluluqlarını özümüzünkü hesab edərək davranmalıyıq. Əgər bu gün Qırğızıstanda bu cür arzuolunmaz vətəndaş qarşıdurması baş verirsə, bu o deməkdir ki, bütün türk dünyası problemlə üz-üzədir. Problemin həllində isə türk dövlətləri mütləq şəkildə birgə hərəkət etməlidir”, – deyə Konsey başqanı bildirib.

Daha sonra o, qeyd edib ki, Azərbaycan və digər türk dövlətləri bu gün Qırğızıstana sahib çıxmazsa qardaş ölkə bizə yad olan dövlətlərin əlinə keçər və sonrakı proseslərdə biriləri ondan bizə qarşı istifadə edə bilər. “Bu gün türk dünyasını parçalamaq, qarşıdurmalara sürükləmək üçün dəridən-qabıqdan çıxan beynəlxalq mərkəzlər vardır ki, onlar bu fürsəti heç cür əldən verən deyil. Özəlliklə də digər türk dövlətlərinin susqunluğu bu məsələdə onların işinə yaraya bilər. Ona görə də mən prezident İlham Əliyevi təşəbbüsdə bulunmağa, ən qısa zamanda türk dövlət başqanlarının toplantısını təşkil etməyə çağırıram”, – deyən Azər Həsrət ümid etdiyini bildirib ki, onun bu çağırışı mütləq eşidiləcək.

Oxunma sayı: 4369