Azər Həsrət 34-cü dairədən namizəd olacaq

Azər Həsrət

Bakı, Yeddi Dövlət – Bir Millət Konseyi, 18.04.2010 – Yeddi Dövlət – Bir Millət Konseyi başqanı Azər Həsrət bu ilki Milli Məclis seçkilərində böyük ehtimalla 34 saylı II Xətai seçki dairəsindən namizədliyini irəli sürəcək. Bu haqda o, aprelin 18-də media üçün yaydığı açıqlamada qeyd edib. Azər Həsrət onu da deyib ki, öncəki seçkilərdə olduğu kimi bu dəfə də iki – 56 saylı Xaçmaz kənd və 34 saylı Xətai II seçki dairələrini nəzərdən keçirir və çox güman ki, sonuncunun üzərində dayanmalı olacaq.

O, qeyd edib ki, həm 2000-ci, həm də 2005-ci ildə keçirilən Milli Məclis seçkilərində bu dairəni xoş məram nümayiş etdirərək müxalifət namizədlərinə güzəştə gedib və hər iki halda müxalifət qalib gəlib: “2000-ci ildə keçirilən seçkidə o zaman müxalifətdə olan Yurddaş Partiyasının sədri Mayis Səfərlinin xeyrinə seçkidən çəkildim və onun qələbəsi mümkün oldu. 2005-ci ildə isə “Azadlıq” Blokunun namizədi kimi seçkiyə qatıldığım üçün Müsavat Partiyasının namizədi Nəsib Nəsibliyə bu dairəni güzəştə getdim və o, qalib gəldi. Əlbəttə ki, bu zaman Müsavat Partiyası da mənim seçkidə iştirakım üçün güzəşt etdi və özünün 56 saylı Xaçmaz kənd seçki dairəsindəki namizədini geri çəkdi. Baxmayaraq ki, güclü təbliğat işi qurub seçkini ən azı 60 faiz səslə qazandım, sonuclar saxtalaşdırıldı və parlamentdən kənarda qaldım. Bununla belə yenə də ruhdan düşmədim və artıq bu il keçiriləcək seçkilərə bütün gücümü sərf etməyi düşünürəm”.

Azər Həsrət deyib ki, bu dəfə də seçkilərə müstəqil namizəd kimi qatılmağı düşünür. “Əgər 1995 və 2000-ci illərdə ciddi siyasi qüvvələrin dəstəyini almadan seçkilərə qatılmışdımsa, 2005-ci ildə “Azadlıq” Blokunun dəstəyini alaraq seçimə girdim və sonradan bir sıra ictimai-siyasi qurumlar öz dəstəyini verdi. Bu da bütövlükdə müsbət nəticəyə səbəb oldu. Bu üzdən də 2005-ci il seçkilərində mənim “Azadlıq” Blokunun namizədi kimi təsdiqlənməyimi təmin etmiş AXCP sədri Əli Kərimliyə, həmçinin Müsavat və Azərbaycan Demokrat partiyalarının rəhbərliyinə və üzvlərinə təşəkkür etmək istərdim. Özəl bir təşəkkürümü isə Müsavat Partiyası Xaçmaz rayon təşkilatının sədri Ramazan Əli və onun komandasına çatdırmaq mənim üçün xoş olardı”, – deyən Azər Həsrət bu dəfə seçki dairəsini geniş məsləhətləşmələr aparmadan özünün müəyyənləşdirəcəyini vurğulayıb. O, seçkilərə yenə də bağımsız namizəd olaraq qatılacağını deyib. Onu da qeyd edib ki, istənilən siyası qüvvənin verəcəyi dəstəkdən imtina etmək fikri yoxdur: “Əlbəttə ki, Azərbaycana düşmən mövqe tutan, bizə zərərli mövqedə duran mərkəzlərə bağlı qrupların dəstəyini birmənalı olaraq rədd edəcəyəm və əslində də onlardan hər hansı dəstək təklifini gözləmirəm”, – deyən Azər Həsrət istər hakim, istərsə də müxalif partiyaların ortaq dəstəyini qəbul edə biləcəyini qeyd edib.

“Artıq bir neçə partiyadan onların rəsmi siyahısında seçkiyə qatılmam üçün təkliflər gəlib və mən bundan nəzakətli şəkildə imtina etməli olmuşam. Çünki tək bir partiyanın namizədi olaraq seçkiyə qatılmaq istəməzdim. Onu da deyim ki, bu imtinam anlayışla qarşılanır və namizəd olacağım təqdirdə həmin partiyalar mənə açıq dəstək verməyə hazırdır. Bundan başqa ətrafımda media nümayəndələri və QHT sektoru təmsilçilərindən ibarət geniş koalisiya qurmaq üçün hərəkətə keçmişəm və bu işdə ciddi uğurlarımız var”, – deyə Konsey başqanı bildirib.

Niyə məhz 34-cü dairədən seçkiyə qatılmağa üstünlük verdiyi haqqında məsələyə də aydınlıq gətirən Konsey başqanı deyib ki, seçki qanunvericiliyində edilən son dəyişikliklərdən sonra təbliğat müddəti ciddi şəkildə azalıb və bu baxımdan Xaçmaz kimi böyük rayonun kəndlərini gəzib təbliğat aparmaq sadəcə vaxt baxımından mümkün olan deyil. “Mən isə hər bir seçicinin ayağına şəxsən getməyə üstünlük verən birisi olaraq bunu etmədən seçkiyə qatıla bilmərəm. 34-cü dairə ərazi baxımından əlverişli olduğu üçün onun üzərində dayanmağa üstünlük verirəm”, – deyə o, bildirib.

Oxunma sayı: 6905
Share