Diqqət, təxribat var!

Azər Həsrət

Azər Həsrət

Olayların bu yöndə gəlişəcəyini bəlkə də biriləri çoxdan bilirdi. Bilirdi də kimsəyə bildirmirdi. Çünki bu durumların ortaya çıxacağını bilənlər heç belə ağılsızlıqlara qol qoyardımı? Qoymazdı yəqin ki.

Qırğızıstan haqqında danışırıq. 19 aprel olayları bu ölkədə kimin əlinin kimin cibində olduğunu birmənalı təsdiq etdi: bütün baş verənlərin senari müəllifi və icraçısı Rusiyadır! Bəli, Rusiya! Əgər 6-7 aprel və sonrakı günlərdə baş verən olaylar zamanı hələ də əsas ilhamverici qüvvənin kim olduğu barəsində baş sındıranlar vardısa, artıq 19 apreldə baş verənlərdən və həmin olaylara Rusiya mediasının verdiyi şərhlərdən sonra birmənalı şəkildə demək olar ki, qardaş Qırğızıstanımızda olanların arxasında Şimal ayısının ən yüksək dairələri durur! Heç şübhəsiz!

…Qırğızıstanda baş verən son olaylar sırasında özəlliklə də Rusiya rəsmi dairələri və mediası inqilab alovlarında qovrulan Orta Asiya ölkəsində antirus əhval-ruhiyyəsinin hökm sürdüyünü iddia edirdi. Guya ki, ruslara qarşı basqılar artır və hətta rusların ölkədən çıxarılması üçün çağırışlar edilirmiş. Bu olaylar sırasında bir rusun belə burnu qanamazkən, Türkiyə işadamları və yerli Ahıska türklərinə qarşı sözün həqiqi mənasında edilən vəhşiliklər barədə yandaş rus mediası bir kəlmə olsun yazmır. Hətta bu günə qədər. İşin təəssüf doğuran tərəfi də odur ki, Azərbaycan mediası da rus mediasının qərəzli təbliğatını təkrarlamaqla məşğuldur.

Yuxarıda sözünü etdiyimiz 19 aprel olaylarına gəlincə, rus mediası onları da antirus kimi qələmə verməkdədir. Guya qırğızlar küçələrə çıxıb rusları qorxudur ki, ölkəni tərk etsinlər. Və… bu “antirus” qırğızlar birdən Bişkek yaxınlığındakı Mayovka kəndinə hücum edirlər. Ki, buranın da əhalisi əsasən Ahıska türklərindən ibarətdir. Kəndə hücum edənlərlə kənd camaatı arasında təbii ki, qarşıdurma çıxır. Nəyin baş verdiyini düz-əməlli anlamayan Ahıska türkləri üzərlərinə hücum edənlərdən qorunmaq zorunda qalırlar və dirəniş göstərirlər. Sonuc acınacaqlıdır: üç ölü və 25 yaralı! Və daha maraqlı fakt: ölən və yaralananlar arasında bir nəfər də olsun rus yoxdur! Hamısı Ahıska türkləri və qırğızlardır! Elə isə “antirus” əhval-ruhiyyəsi hara getdi? Buna baxmayaraq rus mediası yenə də olayları “antirus” zəminində qələmə verir. Düşündürücü deyilmi?

Bu arada düz 21 il öncə Fərqanə vadisinin Özbəkistana aid hissəsində baş verən olayları xatırlamaq yerinə düşərdi. O zaman özünün zəhmətkeşliyi ilə seçilən yerli Ahıska türkləri özbək qardaşlarımızın basqısına məruz qalmışdı. 1989-cu ilin 4 iyun tarixində baş verən olaylar sonucu 90 min Ahıska türkü Özbəkistanı tərk etməli olmuşdu. Əsasən Qazaxıstan və Azərbaycan, həm də Türkiyə bu qaçqın qardaşlarımıza qucaq açmışdı. Ahıskalıların bir qismi də başqa ölkələrə sığınmalı olmuşdu. 1989 olaylarında da qardaşı qardaşa qarşı qaldıran Rusiya idi! Əlbəttə, o zamankı Rusiya SSRİ adı altında təzahür edirdi.

İndi Qırğızıstanda ortaya çıxan olaylarda yenə də əski şərin – Rusiyanın barmağı apaçıq göz önündədir. Düşünmək və nəticə çıxarmaq faydalı olmazdımı?

Daha bir diqqət ediləsi məqam: Rusiya işğalı altında tutulan Tatarıstanla Başqırdıstan arasında olay çıxarılması üçün çalışmalar başlanmışdır. Say etibarilə Rusiyanın ikinci xalqı olan tatarların sayının az göstərilməsi üçün… başqırdlardan istifadə edilməkdədir. Son zamanlar Başqırdıstan ərazisində yaşayan tatarları başqırd kimi rəsmiləşdirmək cəhdləri var. Üstəlik, başqırd TV kanallarındakı tatarca verilişləri ya qapadır, ya da qeyri-sabit bir zamanda yayımlanmasına üstünlük verirlər. Həm də tatar olduğu şübhə doğurmayan əhalinin yaşadığı bölgələrdə guya elmi araşdırmalar aparıb oranın insanlarının əslində başqırd olduğunu sübut etməyə çalışırlar. Əlbəttə ki, bu yanaşma Moskvanın tətbiqatından başqa bir şey deyil.

Onu da qeyd edək ki, tatarlarla başqırdlar bizə görə əlbəttə eyni millətdir – Türk millətinin bir hissəsi olaraq. Ancaq Rusiyanın burada güddüyü məqsəd onları bir-birinə qarşı qoyaraq zəiflətmək, milli özünüdərkin önünü kəsməkdir. Və təsadüfi deyil ki, tatarlığı inkar edilən Başqırdıstan tatarları başqırd hökumətinə və nə yazıq ki, başqırd qardaşlarımıza qarşı qızğın olmağa başlayıb. Bənzər senaridir, deyilmi?

Rusiyanın barmağı hər yerdədir. Ona görə də diqqətli davranmalıyıq. Qorxunc senarilərin varlığı heç şübhə doğurmur. Rusiya özünün yandaşı sayıla biləcək Çin və İranla birləşib Türk dünyasını parçalamaq, qarşıdurmaya sürükləmək üçün uzunmüddətli strategiyaya sahibdir. Belə olan halda Türk dünyasının hər tərəfində hər gün olay çıxa bilər. Ayıq olmalıyıq. Təxriabatlara uyarsaq, sağalması çətin olan yaralarımızı heç cür sara bilməyəcəyik.

Çıxış yolu birdir: Türk dünyasına sahiblənəcək Bağımsız Türk Dövlətləri Birliyi ən qısa zamanda qurulmalıdır! Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Quzey Kıbrıs, Özbəkistan, Türkiyə və Türkmenistandan oluşacaq bir birliyimiz olarsa, qırğızları bu cür hərəkətlərə alət etməkdə işə yarayan iqtisadi sorunları tez bir zamanda aradan qaldırmaq da olar. Elə başqırd, tatar qardaşlarımıza, digər türk xalqlarına da sahib dura bilərik. İndiliksə təcili atılması gərəkən addım bağımsız Türk dövlətləri böyüklərinin bir araya gələrək Qırğızıstanı böhrandan çıxarmasıdır. Əks təqdirdə Şimal ayısının təxribatları digər Türk xalqlarının da qapısına dayanacaq.

Oxunma sayı: 5128
Share