Bursada “7 Dövlət – 1 Millət” meydanı (Foto)

Yeddi bayraq

Azər Həsrət: Yıldırım bələdiyyə başqanı Özgen Keskini verdiyi sözə əməl etdiyi üçün təbrik edirəm

Bursa, Yalquzaq.com, 21.04.2010 – Türkiyənin Bursa şəhərindəki Yıldırım bələdiyyəsinin ərazisində “Yeddi Dövlət” bayraq meydanı açılacaq. Bu haqda xəbəri Yeddi Dövlət – Bir Millət Kültür və Dayanışma Dərnəyinin başqanı İbrahim Demirtaş verib. O, bildirib ki, aprel ayının 20-də dərnək yetkililərini bələdiyyə binasına dəvət edən bələdiyyə başqanı Özgen Keskin artıq “Yeddi Dövlət” bayraq meydanının layihəsinin hazır olduğunu, 3 iyul 2010-cu il tarixində təntənəli açılış törəninin təşkil ediləcəyini deyib. Törəndə yeddi bağımsız türk dövləti – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Quzey Kıbrıs Türk Cümhuriyyəti, Özbəkistan, Türkiyə və Türkmənistanın bayraqları milli marşların müşayiətində bir daha endirilməmək şərtilə qaldırılacaqdır. Bununla da Bursa Yıldırım bələdiyyəsi bütün türk dünyasında bir ilkə imza ataraq yeddi bağımsız türk dövlətinin birləşəcəyi Bağımsız Türk Dövlətləri Birliyinə aparan yolda çox gözəl bir mesaj vermiş olacaqdır.

7 Devlet 1 Millet Bayrak Meydanı

Məsələyə münasibət bildirən Yeddi Dövlət – Bir Millət Konseyi başqanı Azər Həsrət Yıldırım bələdiyyə başqanı Özgen Keskini verdiyi sözə əməl etdiyi üçün təbrik etdiyini deyib: “Mən çox sevinirəm ki, Özgen bey onunla ötən ilin dekabr ayında Bursada görüşümüz sırasında verdiyi sözə əməl edir. İşin sevindirici tərəfi də odur ki, bütün türk dünyasına könüldən bağlılığı olan bir insan kimi Özgen bey Yıldırım bələdiyyəsinin tam mərkəzindəki önəmli bir yerdə bu meydanı təşkil edib yeddi bağımsız türk dövlətinin bayraqlarının daim dalğalanmasına şərait yaradır. İstərdim ki, bu təcrübə nəinki Türkiyədə, digər türk dövlətlərində də tətbiq edilsin və yaxın aylarda biz yeddi bağımsız türk dövlətinin hər birində bu cür meydanların qurulmasının şahidi olaq”.

Azər Həsrət onu da deyib ki, Osmanlı İmperatorluğunun birinci başkəndi olan Bursada belə bir təşəbbüsün ilk olaraq gerçəkləşdirilməsi də rəmzi anlam daşımaqdadır: “Bursa Türkiyənin dördüncü şəhəri olmaqla bərabər həm də şanlı tarixi keçmişimiz olan Osmanlının ilk başkəndidir. Buranı özünə başkənd edən Osmanlı dövləti 624 il ömür sürməklə bərabər əbədi bir miras qoyub getdi və bu baxımdan düşünürəm ki, Yıldırım bələdiyyəsi ərazisində yüksəldiləcək yeddi türk bayrağı da türk dünyasının əbədi birliyinin başlanğıcı olacaqdır”.

Onu da qeyd edək ki, Yıldırım bələdiyyəsi Bursanın əsas bələdiyyələrindən biridir və ərazisində yeddi yüz mindən çox əhali yaşayır. Bu bələdiyyənin ərazisində özünün gözəlliyi ilə seçilən və Bursalıların sevimli istirahət yerlərindən biri olan Heydər Əliyev parkı da mövcuddur.

Özgen Keskin və İbrahim Demirtaş layihəni göstərir

Oxunma sayı: 11713