N.Nəsibli Azər Həsrətin namizədliyindən qorxmadı

Milli Məclis

“Namizədliyimi versəm, yenə də 34-cü dairədən verəcəm”

Parlament seçkiləri yaxınlaşdıqca, namizədliyini vermək niyyətində olan şəxslərin də adları yavaş-yavaş üzə çıxmaqdadır. Belə ki, ara-sıra bu və ya digər şəxslər seçkidə iştirak etmək niyyətini, eyni zamanda hansı dairədən prosesə qoşulmaq istədiyini bəyan edir. Bu günlərdə Yeddi dövlət – Bir Millət Konseyi başqanı Azər Həsrət də parlament seçkilərində iştirak niyyətini açıqlayıb.

O, Milli Məclisin deputatı olmaq üçün 34-cü, II Xətai seçki dairəsindən namizədliyini irəli sürmək fikrindədir. Bu barədə o, media üçün yaydığı açıqlamada bildirib. A.Həsrət xatırladıb ki, ötən seçkilərdə olduğu kimi, bu dəfə də iki-56 saylı Xaçmaz kənd və 34 saylı Xətai II seçki dairələrini nəzərdən keçirir və çox güman ki, sonuncunun üzərində dayanmalı olacaq.

Qeyd edək ki, sözügedən 34-cü II Xətai dairəsindən hazırda deputat olaraq müxalifət nümayəndəsi, Müsavat Partiyasının üzvü Nəsib Nəsibli fəaliyyət göstərir. Bu isə o deməkdir ki, noyabr seçkilərində N. Nəsiblinn rəqiblərindən biri Azər Həsrət olacaq. Görəsən, millət vəkili A.Həsrətlə eyni dairədən düşmələrinə necə baxır? Belə olarsa, namizədliyini başqa dairədən vermək barədə düşünə bilərmi?

Bizimlə söhbətdə Nəsib Nəsibli Azər Həsrətin 34-cü dairədən namizəd olmaq istəyinə normal yanaşdığını qeyd etdi: “Bunu normal qarşılayıram. Hər bir insan istədiyi yerdən namizəd ola bilər. Amma özüm namizədliyimi versəm, yenə də 34-cü dairədən verəcəm. Başqa dairələr barədə düşünmürəm. Böyük ehtimalla, namizədliyimi verəcəm. Belədə, ola bilsin, Azər Həsrətlə eyni dairədən düşdüm”.

Qaynaq: QayNar.info

Oxunma sayı: 4131
Share