Hər deputat haqqında bir cümlə

Milli Məclis

Az qalıb. Seçkilərə deyirəm. Noyabrın 7-də Milli Məclisə yenidən seçki keçiriləcək və bu yarışda kim uda, kim uduza. Ancaq sözüm onda deyil. Sadəcə zor-xoş Milli Məclisdə yer alanların ötən dövrdə sərgilədiyi faydalı iş əmsalını bir cümlə ilə dəyərləndirmək kimi fikir keçdi ağlımdan. Düşündüm ki, şəxsən özüm ictimai-siyasi fəal bir insan kimi MM-in hazırkı üzvlərini ayrı-ayrılqda bir cümlə ilə necə xarakterizə edə bilərəm? Və beləliklə 1-cidən 125-ciyə qədər MM üzvlərinin işinə heç bir bəzək-düzək vermədən subyektiv olduğu qədər də obyektiv sandığım qiyməti verirəm. Oxucuları əmin etmək istərdim ki, dəyərləndirmələrim ən vicdanlı şəkildə olacaq. Yəni kiminləsə yaxşı və ya pis şəxsi münasibətlərimin olması ona verəcəyim qiyməti qəti olaraq etkiləyən deyildir! Çünki istərdim ki, mənim fikirlərimə dəyər verən insanlar bu dəfə də yanılmasınlar. Beləliklə, 2005-ci ilin noyabr seçki yarışması sonucu Mill Məclisə düşə bilənlərin faydalı iş əmsalı bir cümlə ilə:

1 saylı Şərur-Sədərək seçki dairəsindən Vasif Talıbov – bu adamı ölkədə hər kəs tanısa da şəxsən mən onun MM-də nəsə etdiyini xatırlaya bilmirəm.

2 saylı Şərur seçki dairəsindən İsa Həbibbəyli – şəxsinə hörmət etdiyim bu elm adamının da MM-lə bağlı fəaliyyətləri haqqında bilgisizəm.

3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən Səttar Mehbalıyev – ölkə işçilərinin öndəri olacaq bu şəxs nə bir həmkarlar ittifaqı lideri kimi, nə də MM üzvü kimi heç diqqətimi çəkə bilməyib.

4 saylı Naxçıvan şəhər seçki dairəsindən Eldar İbrahimov – bir-iki dəfə TV kanallarında bəzi məsələlərlə bağlı fikirlərini dinləmişəm, qəzetlərdə də rastıma gəlib.

5 saylı Şahbuz-Babək seçki dairəsindən Siyavuş Novruzov – hələ tələbəlik illərindən tanısam da son illər elə də fəal olduğunu deyə bilmərəm.

6 saylı Culfa-Babək seçki dairəsindən İsmayıl Hacıyev – açığı, bu adamın adını xatırlamağa çalışsam da uğur qazana bilmədim.

7 saylı Ordubad-Culfa seçki dairəsindən Əkrəm Əylisli – keçmiş müsavatçı və ədəbiyyat adamı kimi xatırlasam da MM-in bu tərkibində nə iş gördüyünü yadıma sala bilmirəm.

8 saylı Binəqədi I seçki dairəsindən Arzu Səmədbəyli – Müsavatçı olmasıyla digərlərindən fərqlənməklə az da olsa fəallığını müşahidə edə bilmişəm.

9 saylı Binəqədi II seçki dairəsindən Rafael Cəbrayılov – bu şəxsin kim olduğu haqqında heç bir fikir söyləyə bilmirəm.

10 saylı Binəqədi III seçki dairəsindən Madər Musayev – adı məşhur olsa da MM-də nə iş gördüyü haqqında heç bir bilgim yoxdur.

11 saylı Qaradağ seçki dairəsindən Murtuz Ələsgərov – MM-in keçmiş sədri bu tərkibdə demək olar ki, gözə dəymədi.

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən Mixail Zabelin – bu adamın da MM-də nə iş gördüyünü heç xatırlamıram.

13 saylı Əzizbəyov I seçki dairəsindən Rauf Əliyev – adını birinci dəfə eşidirəm.

14 saylı Əzizbəyov II seçki dairəsindən Mehriban Əliyeva – ölkənin birinci xanımı MM-ə çox zaman ayıra bilməsə də özünün ümumi fəallığı ilə doğrudan diqqət çəkə bilib.

15 saylı Yasamal I seçki dairəsindən Gülər Əhmədova – gənclik fəaliyyətlərimiz dövründən tanıdığım bu xanım ara-sıra mediada görünməyi ilə diqqət çəkir.

16 saylı Yasamal II seçki dairəsindən Abel Məhərrəmov – BDU-nun rektorunun MM-də hansı işlər gördüyünü elə də asan xatırlamaq olmur.

17 saylı Yasamal III seçki dairəsindən – bu deputatın adını nə MM-in, nə də MSK-nın saytından tapa bilmədim.

18 saylı Nərimanov-Nizami seçki dairəsindən Cəmil Həsənli – tarixçi professor hər sahədə fəallığı ilə diqqətimi çəkə bilib.

19 saylı Nərimanov I seçki dairəsindən Əli Əhmədov – YAP-ın icraçı katibi mediada və MM-də tez-tez gözə dəyirdi.

20 saylı Nərimanov II seçki dairəsindən Adil Əliyev – sadəcə İsa Qəmbərin namizəd olduğu dairənin deputatı kimi yadımda qalıb.

21 saylı Nəsimi I seçki dairəsindən Ülvi Quliyev – adını hardansa eşitmişəm kimi gəlsə də xatırlaya bilmirəm.

22 saylı Nəsimi II seçki dairəsindən Asim Mollazadə – keçmiş AXCP funksioneri fəallığı ilə seçilib.

23 saylı Nəsimi-Səbail seçki dairəsindən Ziyad Səmədzadə – keçmiş nomenklatura üzvü kimi MM-də faydalı və missiyasına uyğun işlərlə diqqətimi çəkib.

24 saylı Nizami I seçki dairəsindən Rövnəq Abdullayev – bu şəxsin ARDNŞ-dəki fəallığı MM üzvü kimi fəaliyyətini kölgədə qoyub.

25 saylı Nizami II seçki dairəsindən Hüseyn Abdullayev – hakimiyyətlə aralarında çıxan ziddiyyət və sonda mandatını itiriməsi üzündən yadımda qalıb.

26 saylı Sabunçu I seçki dairəsindən Fazil Mustafa – şəxsinə hörmət etdiyim və MM-də olmasını istədiyim az saylı deputatlardandır.

27 saylı Sabunçu II seçki dairəsindən Fərrux Zeynalov – allah mənə qənim olsun əgər bu adamın adını heç eşitmişəmsə.

28 saylı Sabunçu III seçki dairəsindən Eldar Quliyev – bu adamın adını xatırlamağa çalışsam da başqası ilə qarışdırıram.

29 saylı Səbail seçki dairəsindən Fuad Muradov – bu gəncin MM-də nə işinin olduğunu hələ də anlaya bilmirəm.

30 saylı Suraxanı I seçki dairəsindən Anar Məmmədxanov – bir zamanların fəal rusdilli deputatı indi nəsə gözə dəymir.

31 saylı Suraxanı II seçki dairəsindən Əhməd Vəliyev – vallah, bu adamın adını heç bilmirəm.

32 saylı Suraxanı III seçki dairəsindən Ağacan Abiyev – boksçu-deputat haqqında elə də pis fikirdə deyiləm.

33 saylı Xətai I seçki dairəsindən Hüseynbala Mirələmov – bu də qələm adamı kategoriyasından olan, ancaq elə də diqqətimi çəkə bilməyən deputatlardandır.

34 saylı Xətai II seçki dairəsindən Nəsib Nəsibli – mənim hazırda iddia etdiyim dairənin deputatı olduğu üçün haqqında nə pis, nə da yaxşı bir söz demək istəmirəm.

35 saylı Xətai III seçki dairəsindən İqbal Ağazadə – şəxsən tanımaqla bərabər fəal deputatlar sırasında olduğunu da deməliyəm.

36 saylı Xətai IV seçki dairəsindən Səməd Seyidov – hər halda daim göz önündə olduğunu deməsəm ədalətsizlik olardı.

37 saylı Nizami I (Gəncə) seçki dairəsindən Aydın Abbasov – sadəcə bir-iki qəzet yazısında adı gözümə dəyib.

38 saylı Nizami II (Gəncə) seçki dairəsindən Asəf Hacıyev – adı tanış gəlsə də elə də ciddi diqqətçəkən fəaliyyətini xatırlaya bilmirəm.

39 saylı Kəpəz I (Gəncə) seçki dairəsindən Vidadi Məmmədov – bu adamın adını birinci dəfə eşidirəm.

40 saylı Kəpəz II (Gəncə) seçki dairəsindən Musa Quliyev – bu gərək ki, şair Musa Urud olsun və Ermənistanda nəsə bir məsələyə göz yumması haqqında qəzetlərin yazdığını xatırlayıram.

41 saylı Sumqayıt I seçki dairəsindən İkram İsrafil – Müsavat deputat qrupunun bu üzvünü parlaq da olmasa xatırlayıram.

42 saylı Sumqayıt II seçki dairəsindən Məcid Kərimov – deyəsən bu hansısa nazirdir həm də.

43 saylı Sumqayıt III seçki dairəsindən Nizami İsgəndərov – bu adamın adını hardasa eşitsəm də deputat kimi nə etdiyindən xəbərim yoxdur.

44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən Baba Tağıyev – bu adamın adı mənə yalnız “Avropa qapıları”ndan başqa bir şey demir.

45 saylı Abşeron seçki dairəsindən Oqtay Əsədov – MM-in sədri olması üzündən daim göz önündədir.

46 saylı Şirvan seçki dairəsindən Azay Quliyev – gənclikdən tanıdığım və hələ də gənc sayıla biləcək bu deputat haqlı olaraq heç vaxt medianın diqqətindən kənar qalmayıb.

47 saylı Mingəçevir seçki dairəsindən Aydın Mirzəzadə – şəxsinə hörmət etdiyim bu deputatın MM-də yenə də olmasını arzu edirəm.

48 saylı Yevlax seçki dairəsindən İlham Məmmədov – açığı, adını bəlkə də eşitmişəm, ancaq bir şey xatırlaya bilmirəm.

49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən Əli Hüseynov – gəncliyinə rəğmən təmkinli və savadlı davranışlarıyla diqqətimi çəkib.

50 saylı Qobustan-Xızı-Quba seçki dairəsindən Zeynəb Xanlarova – məncə bu ildən sonra sevdiyim sənət adamı kimi Zeynəb xanım səhnəmizə qayıtsa yaxşı olar.

51 saylı Qusar seçki dairəsindən Xəlilbəy Günəşov – nə iş gördüyü haqqında heç bir bilgim yxdur.

52 saylı Quba seçki dairəsindən Vahid Əhmədov – şəxsinə hörmət etdiyim, təcrübəsinə və savadına güvəndiyim az saylı deputatlardan biridir.

53 saylı Quba-Qusar seçki dairəsindən Yevda Abramov – MM-də olmasının heç zərəri yoxdur.

54 saylı Dəvəçi-Siyəzən seçki dairəsindən Tahir Süleymanov – nə iş gördüyü haqqında heç bir bilgim yoxdur.

55 saylı Xaçmaz şəhər seçki dairəsindən Lalə Abbasova – daxili işlər naziri Ramil Usubovla mübahisəsi haqqında qəzetlərin yazdıqlarıyla yadımda qalıb.

56 saylı Xaçmaz kənd seçki dairəsindən Nizami Xudiyev – bu adam mənim deputat yerimi mənimsəsə də hansısa faydalı bir iş gördüyünü xatırlamıram ki, günahından keçəm.

57 saylı Kürdəmir seçki dairəsindən Fərhad Qəribov – adını bəlkə də eşitmişəm.

58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən Rafael Hüseynov – həm qələm sahəsində, həm də MM-də xeyli fəal görünür.

59 saylı Salyan seçki dairəsindən Əkrəm Abdullayev – bu gənc deputatı da uzun illərdir ki, tanıyıram və onun fəaliyyət stili xoşuma gəlir.

60 saylı Salyan-Neftçala seçki dairəsindən Fəzail Ağamalı – tez-tez gündəmi qarışdıran çıxışları ilə yadımda qalıb.

61 saylı Neftçala seçki dairəsindən Arif Rəhimzadə – keçmiş nomenklatura nümayəndəsi olaraq, məncə, bundan sonra dincəlsə yaxşıdır.

62 saylı Saatlı seçki dairəsindən Cəlal Əliyev – əslində bu dəfə MM-də yer tutmasaydı yaxşı olardı.

63 saylı Sabirabar I seçki dairəsindən Pənah Hüseyn – özünün çılğınlığıyla hər zaman diqqətləri üzərinə cəmləməyi bacaran bəlkə də tək deputatdır.

64 saylı Sabirabad II seçki dairəsindən Rüstəm Xəlilov – deyəsən bunun da adını ilk dəfə eşidirəm.

65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən Gülhüseyn Əhmədov – səhv etmirəmsə, bu adam hansısa rayonun icra başçısı olub.

66 saylı Biləsuvar seçki dairəsindən Xanhüseyn Kazımlı – bir zamanlar daha fəal olsa da bu tərkibdə elə də hiss olunmadı.

67 saylı Cəlilabad şəhər seçki dairəsindən Aydın Həsənov – kim olduğu haqqında heç bir bilgim yoxdur.

68 saylı Cəlilabad kənd seçki dairəsindən Mirkazım Kazımov – adını bəzən mediadan eşitmişəm.

69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən Fəzail İbrahimli – hörmət etdiyim və MM-də olmasında fayda gördüyüm deputatdır.

70 saylı Masallı şəhər seçki dairəsindən Əhəd Abiyev – nə deyim, vallah, ən yaxşısı bunun haqqında heç nə deməyim.

71 saylı Masallı kənd seçki dairəsindən Elmira Axundova – jurnalist-deputat Ramiz Mehdiyevlə aralarında yaranan hansısa qalmaqal üzündən daha çox yadımda qalıb.

72 saylı Yardımlı-Masallı seçki dairəsindən Sabir Rüstəmxanlı – həm deputat kimi, həm də ictimai-siyasi fəal kimi daim gözüm önündə və diqqətimdə olub.

73 saylı Lənkəran şəhər seçki dairəsindən Rüfət Quliyev – nə bilim vallah kimdir?

74 saylı Lənkəran kənd seçki dairəsindən Hadi Rəcəbli – özünün savadlı və səliqəli davranışları ilə rəğbətimi qazanıb.

75 saylı Lənkəran-Masallı seçki dairəsindən Cavanşir Paşazadə – deyəsən Hacı Allahşükür Paşazadənin qardaşı-filandır.

76 saylı Lənkəran-Astara seçki dairəsindən Ziyafət Əsgərov – MM sədrinin müavini kimi müharibə bəyanatları ilə yadımda qalıb.

77 saylı Astara seçki dairəsindən Vasif Əliyev – bunun kim olduğunu vallah bilmirəm.

78 saylı Lerik seçki dairəsindən Miri Qənbərov – adı yetərincə məşhur olsa da MM-də nə etdiyini xatırlamıram.

79 saylı İmişli seçki dairəsindən İltizam Əkbərli – öz gücünə seçilmiş yeganə müxalifətçi deputat kimi hörmətimi qazanıb.

80 saylı İmişli-Beyləqan seçki dairəsindən Əhəd Əhmədov – bu adamın MM-dəki fəaliyyətinə görə deyil, ailəsində nəsə ayıb işlər olması üzündən gündəmə gəldiyi yadımdadır.

81 saylı Beyləqan seçki dairəsindən Səfər Məmmədov – bu adam haqqında heç bir bilgim yoxdur.

82 saylı Ağcabədi seçki dairəsindən Tahir Rzayev – bunu da nə eşitmişəm, nə də görmüşəm.

83 saylı Ağcabədi-Ağdam seçki dairəsindən Aqil Abbas – bu adam elə səhər-axşam gözümüzün önündədir.

84 saylı Füzuli seçki dairəsindən Bahar Muradova – MM sədrinin müavini kimi ara-sıra diqqət çəkə bilib.

85 saylı Şamaxı seçki dairəsindən Maqsud İbrahimbəyov – deyəsən öncəki tərkibdə Elmar Hüseynovun xatirəsi bir dəqiqəlik sükutla yad ediləndə MM-də ayağa qalxmayan deputat budur.

86 saylı İsmayıllı seçki dairəsindən Novruzəli Aslan – bu adam, səhv etmirəmsə Qızıl Aypara Cəmiyyətinin sədridir.

87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən Ərəstun Cavadov – bu adamın kim olduğunu heç cür deyə bilmirəm.

88 saylı Göyçay seçki dairəsindən Sabir Hacıyev – bir aralar fəal olsa da MM-də elə də gözə çarpmır.

89 saylı Göyçay-Ağdaş seçki dairəsindən Şəmsəddin Hacıyev – adını da eşitmişəm, üzünü də görmüşəm.

90 saylı Ağdaş seçki dairəsindən Çingiz Əsədullayev – mən nə bilim axı bu kimdir?

91 saylı Ucar seçki dairəsindən Elton Məmmədov – deyəsən adını hardasa eşitmişəm.

92 saylı Zərdab-Ucar seçki dairəsindən Jalə Əliyeva – bu gənc xanımı TV kanallarında bir neçə dəfə görmüşəm.

93 saylı Bərdə şəhər seçki dairəsindən Zahid Oruc – şəxsinə hörmət etdiyim və bacardığı qədər faydalı işlərlə məşğul olduğunu hesab etdiyim tanışlarımdandır.

94 saylı Bərdə kənd seçki dairəsindən Gövhər Baxşəliyeva – MM-də kişilər söyüşərkən durub zalı tərk etdiyi zamandan həmişə diqqətimi cəlb edib.

95 saylı Tərtər seçki dairəsindən Aynur Quliyeva – keçmiş “Yeni Müsavat” yazarı kimi təbii ki, şəxsən tanıdıqlarım sırasındadır.

96 saylı Goranboy-Naftalan seçki dairəsindən Gültəkin Hacıbəyli – şəxsən tanımasam da yenə də MM-də görmək istərdim.

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Qüdrət Həsənquliyev – MM-də özünü hiss etdirə bilən deputatlardan biridir.

98 saylı Şəmkir şəhər seçki dairəsindən Azər Əmiraslanov – hə, bu iqtisadçının MM-də olmasına sevinmişdim, ancaq, açığı son zamanlar nə iş gördüyü haqqında bilgim yoxdur.

99 saylı Şəmkir kənd seçki dairəsindən Məlahət Həsənova – soyad məsələsindəki fəallığı ilə diqqətimi cəlb edə bilmişdi.

100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən Mübariz Qurbanlı – qədim zamanlardan tanıdığım fəal deputatlardan biridir.

101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən Rövşən Rzayev – bu adam haqqında heç bir bilgim yoxdur.

102 saylı Samux-Şəmkir seçki dairəsindən Valeh Ələsgərov – MM sədrinin şəxsən tanış olmasaq da sadəliyinə görə çox hörmət etdiyim müavinidir.

103 saylı Gədəbəy seçki dairəsindən Rafiq Məmmədhəsənov – bu adamın kim olduğu haqqında heç bir bilgim yoxdur.

104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Nazim Məmmədov – son zamanlar ciddi şəkildə diqqətimi çəkməyə başlayıb.

105 saylı Tovuz seçki dairəsindən Qənirə Paşayeva – “aslanın erkəyi, dişisi olmaz” deyimi yenə də MM-də görmək istədiyim bu xanım üçündür.

106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən İlyas İsmayılov – şəxsinə hörmət etdiyim və yenə də MM-də görmək istədiyim deputatdır.

107 saylı Qazax seçki dairəsindən Vaqif Səmədoğlu – Səməd Vurğunun oğlu olmasından başqa haqqında heç bir söz deyə bilmirəm.

108 saylı Ağstafa seçki dairəsindən Nizami Cəfərov – daim gündəmdə olub.

109 saylı Balakən seçki dairəsindən Rəbiyyət Aslanova – daim gündəmdə olub.

110 saylı Zaqatala seçki dairəsindən Hikmət Atayev – onu bilirəm ki, Müsavat Partiyasından Arif Hacılının yerini zəbt edib.

111 saylı Zaqatala-Balakən seçki dairəsindən Dünyamin Xəlilov – bunu da tanımadıqlarım sırasına yazıram.

112 saylı Qax seçki dairəsindən Azər Kərimli – diqqətimi çəkən tək şey soyadını milliləşdirməsidir.

113 saylı Şəki şəhər seçki dairəsindən Əli Məsimli – şəxsinə hər zaman hörmət etmişəm və indi də edirəm.

114 saylı Şəki kənd I seçki dairəsindən Yaqub Mahmudov – bu tarixçi alim daim mənim üçün Azərbaycan tarixinin kökünü qazan İqrar Əliyevin ən uğurlu alternativi kimi qalacaq.

115 saylı Şəki kənd II seçki dairəsindən Məjlum Şükürov – nə bilim e kimdir?

116 saylı Qəbələ seçki dairəsindən Fəttah Heydərov – fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atası olması üzündən bir sıra KİV-də adının hallanması üzündən diqqətimdə qalıb.

117 saylı Oğuz- Qəbələ seçki dairəsindən Eyvaz Qurbanov – bu adamı heç tanımıram.

118 saylı Ağdam şəhər seçki dairəsindən Bəxtiyar Əliyev – az-çox yadda qalan deputatlardandır.

119 saylı Ağdam kənd seçki dairəsindən Bəxtiyar Sadıqov – şəxsən tanıdığımdan deyil, sadəcə medianın diqqətində olduğundan unutma şansım olmayıb.

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən Astan Şahverdiyev – bu adamın kim olduğunu deyənə mükafat düşür.

121 saylı Laçın seçki dairəsindən Sevindik Hətəmov – haqqında heç bir bilgim yoxdur.

122 saylı Xankəndi seçki dairəsindən Havva Məmmədova – Xankəndindən deputat olması üzündən məxsusi olaraq izləsəm də boşuna enerji sərf etmişəm.

123 saylı Kəlbəcər seçki dairəsindən Cavid Qurbanov – bilmirəm ki, kim olduğunu.

124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsindən Elman Məmmədov – işğal altındakı torpaqların deputatı kimi ara-sıra gözümə dəyib.

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən İmamverdi İsmayılov – tanısam da MM-də nə işlə məşğul olduğu haqqında bir bilgim yoxdur.

Son olaraq demək istərdim ki, əlbəttə, mənim fikirlərim subyektivdir və kimsəyə qarşı qərəzli deyil. Bununla belə iddia edirəm ki, onlar həm də obyektivdir. Çünki özümü ən azından ictimai-siyasi həyata bələd olan və bunu bir çoxlarından yaxşı bacaran adam hesab edirəm və mənim deputatlara qiymət vermək üçün yetərincə haqqım çatır. Bir də ümid etmək istərdim ki, haqqında fikir söylədiyim deputatların heç biri mənim rəyimdən əsəbiləşən deyil və bunu bir xoş məram dəyərləndirməsi kimi qəbul edəcək.

Bu yazını da oxumağa dəyər: Kimlər deputat olmalıdır?

Oxunma sayı: 19485

1 Comment to "Hər deputat haqqında bir cümlə"

  1. İslam Musayev's Gravatar İslam Musayev
    5 July 2010 - 18:54 - 18:54 | Permalink

    Azer müellim yazı çox maraqlı çox gözel yazı idi. heqiqeten heç bir haqsızlıq elemeden yazmışsınız deye bilerem. Sonuna qeder oxuyunca güldüm. Teşekkürler..