“Türk Şurası və TürkPA-nın susqunluğu anlaşılan deyil”

Azər Həsrət

Bakı, Yeddi Dövlət – Bir Millət Konseyi, 03.05.2010 – Bu sözləri Yeddi Dövlət – Bir Millət Konseyi başqanı Azər Həsrət Qırğızıstanda baş verən olaylara münasibət bildirərkən söyləyib. O, ilyarım öncə Naxçıvanda prezident İlham Əliyevin ev sahibliyində gerçəkləşən Türk zirvəsində qurulmuş Türkcə Danışan Ölkələrin İşbirliyi Şurası (qısa adı Türk Şurası) və 2008-ci ilin sonunda İstanbulda əsası qoyulan Türkcə Danışan Ölkələrin Parlament Assambleyasının (qısa adı TürkPA) qardaş Qırğızıstanda son bir ay ərzində meydana gələn və qardaş qırğınına səbəb olmaqla hələ də davam edən olaylara münasibətdə susqunluğunu anlamaqda çətinlik çəkdiyini deyib. “Anlaşılan odur ki, Türk dövlətləri həm Türk Şurasını, həm də TürkPA-nı qurmağa qərar verərkən qarşılıqlı işbirliyi, bir-birilərinə yardım, xüsusən də çətin məqamlarda dəstək verilməsi üçün bu addımı atıblar. Ancaq bu gün müşahidə etdiyimiz odur ki, nə Türk Şurası, nə də TürkPA olaylara hər hansı münasibət belə bildirmir. Halbuki bu qurumların işlək hala gətirilməsi və öz nüfuzunu təsdiq etməsi üçün Qırğızıstan olaylarına mütləq münasibət bildirməklə hərəkətə keçməsi lazım idi”, – deyə o, bildirib.

Konsey başqanı onu da qeyd edib ki, əgər Türk Şurası və TürkPA qırğız xalqına qardaş yardımını təmin etməzsə, orada arzuolunmaz hadisələrin baş verməsi qaçılmaz olacaqdır: “Son günlər bəzi dağıdıcı qüvvələr Qırğızıstanın düşdüyü durumdan yararlanmağa çalışmaqdadır. Xüsusən də ölkənin güney kəsimində bu ünsürlər xarici mərkəzlərin dəstəyi ilə Qırğızıstanı rəsmən iki yerə bölərək federativləşdirməyə yazılı çağırışlar paylamaqdadır. Bu azmış kimi özbəklərlə qırğızların iç-içə yaşadığı Oş şəhərində bu iki qardaş xalqı bir-birinə qarşı qaldırmaq üçün açıq çağırışlar yer almaqdadır. Belə bir durumda Türk dünyasının məsuliyyətini üzərinə götürməli olan Türk Şurası və TürkPA mütləq şəkildə olaylara münasibət bildirməli, bu cür arzuolunmaz durumun ən qısa zamanda aradan qaldırılması üçün hərəkətə keçməlidir. Əks təqdirdə 1989-cu ilin 4 iyununda Fərqanədə özbəklərlə Axıska Türklərini, elə bu ilin aprel ayında Qırğızıstanda qırğızlarla Axıska və Azərbaycan Türklərini qarşı-qarşıya qoyan qüvvələr yenə də öz bəd niyyətlərinə çatmış olacaqlar”.

Azər Həsrət onu da əlavə edib ki, Türk Şurası və TürkPA-nın hərəkətlərindən asılı olmayaraq digər Türk dövlətlərinin vətəndaş cəmiyyəti qurumları da öz yardımlarını əsirgəməməlidir: “Azərbaycanda fəaliyyət göstərən Qarabağ Qaziləri İctimai Birliyinin iki həftə öncə qardaş qırğız xalqına ünvanladığı müraciət həmin ölkənin mediasında geniş yayılmaqla ciddi bir şəkildə qəbul edildi və qırğız qardaşlarımız az da olsa toxtaqlıq tapdı. Düşünürəm ki, digər vətəndaş cəmiyyəti qurumları da bu məsələlərə öz münasibətini bildirməli və qırğız xalqının çətinlikləri aşmasında yardımlarını etməlidirlər. Bəzən ən adi bir söz belə böyük qarşıdurmaların qarşısının alınmasında öz rolunu oynaya bilir”.

Oxunma sayı: 7560