Altı Böyük Türkün məzarı önündə (fotolar)

Azər Həsrət

Azər Həsrət azer@azerhasret.com

Türk düşmənlərinin kabusu: Hamıdan öncə Atatürkün məzarını ziyarət etmişdim. Onun məzarı belə möhtəşəmdir! Ankaranın yüksək yerlərindən birində qərar tutmuş “Anıt Kabir” bütün dünyadan insanların gəlib ziyarət etdiyi bir yerdir. Türkiyəyə ayaq basan və yolu Ankaradan keçən hər kəs böyük Mustafa Kemal Atatürkün məzarını ziyarət etməyi özünə borc bilir. Mən də bu borcumu bir neçə il öncə yerinə yetirmişdim. Ancaq sonrakı səfərlərimdən birində yenidən böyük Türkün məzarını ziyarət etdim və şübhə etmirəm ki, Ankaraya gedəcəyim təqdirdə bu ziyarətlərim davam edəcək.

Atatürk məzarda belə möhtəşəmdir! Bütün Avropanın, ABŞ-ın, Rusiyanın, İranın və hər cür Türk düşməninin ölüsündən belə qorxduğu bu böyük Türk, Osmanlı İmperatorluğunun xarabalıqları üzərində bugünkü Türkiyə Cümhuriyyətini qurmaqla dünya Türklük tarixinə əvəzsiz bir töhfə vermişdir. Mustafa Kemalın tarixə yazdığı səhifələri nə ona qədər, nə də ondan sonra heç bir sərkərdə yaza bilməmişdir. Odur ki, Avropa Birliyi Türkiyəni üzvlüyə qəbul etmək üçün irəli sürdüyü şərtlər içərisində dolayısıyla da olsa Atatürkdən imtina tələbi irəli sürür! Düşündürücü deyilmi?!

Böyük Atatürkün məzarı önündə

Türk-islam dünyasında ilk cümhuriyyətin qurucusu: Ankarada ziyarət etdiyim ikinci məzar daha bir böyük Türkə – Məmmədəmin Rəsulzadəyə aiddir. Azərbaycan istiqlal savaşının əvəzsiz öndəri, cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu və ömrünün sonuna qədər ona sadiq qalan Rəsulzadənin məzarını 2010-cu il may ayının 12-də ziyarət etdim. Böyük öndərin ruhuna dualar oxudum, yolunu davam etdirdiyimizi söylədim. Məzar başında onun qurduğu cümhuriyyəti, yaşadığı keşməkeşli həyatı, gözlərini əbədi yumarkən üç dəfə “Azərbaycan” deməsini xatırlamaq insanı istər-istəməz kövrəldir…

Rəsulzadə 20-ci yüzil Azərbaycan tarixinin ən böyük şəxsiyyətidir. Öz dövrü üçün Azərbaycana onun qədər böyük xidmətləri olmuş ikinci bir şəxsiyyət yoxdur! Bu insan ömrünü millət və haqq yolunda xərcləmiş və bütün imtahanlardan üzüağ çıxmışdır. Tanrı ruhunu şad eləsin deyək!

Şərqdə qurulan ilk cümhuriyyətin banisi Rəsulzadənin məzarı önündə

Böyük Başbuğ: Alparslan Türkeş! Böyük Başbuğ, zamanında canlı əfsanə! Ankara səfərimdə Rəsulzadənin ardından bu böyük insanın da məzarını ziyarət etdim. Turan, Türküstan sevdası ilə ömrünü başa vurmuş, bütün həyatını dünya Türklüyü üçün xərcləmiş bir insanın məzarı başında çox duyğulandım. Türkeşin məzar daşında doğum tarixi 1917-ci il olaraq göstərilib. Ancaq ölüm tarixi yoxdur! Çünki Başbuğlar ölməz, uçmağa varır! Onlar istər bu dünyada, istərsə də ötəki dünyada dirilərdən də diridir! Böyük Başbuğla da ruhən söhbət etdik, duyğularımızı paylaşdıq və bir müddət də dostlarla fikirlərimizi paylaşıb oradan ayrıldıq. Ancaq bir şey heç ürəyimi açmadı: Başbuğun məzar kompleksi ona yaraşacaq durumda deyildi! Bunu da Türkiyədəki dostlarımıza dostyana irad olaraq yazıram.

Böyük Başbuğ Alparslan Türkeşin məzarı başında

Romantik prezident: Mən Əbülfəz Elçibəyin məzarını heç vaxt ziyarət etməmişdim. Uzaqdan, yəni yoldan keçərkən, əlbəttə ki, görmüşdüm. Ancaq məzar başına gedib onu ziyarət etməmişdim. Bununla belə Əbülfəz bəyin dəfn mərasimində iştirak etmişdim. Həmin gün, yəni Elçibəyin nəşinin Azərbaycana gətirildiyi gün Rauf Arifoğlu şərlənərək həbs edilmişdi. Onun həbsi bizim başımızı elə qatmışdı ki, Əbülfəz Elçibəyin dəfni məsələsi də bəzən arxa plana keçirdi. Yəni iki od arasında qalmışdıq: böyük öndərə son borcumuzu verməlimi, yoxsa şərlənərək həbsə atılan həmkarımızı qurtarmalımı? Ona görə də Azərbaycan Milli Elmlər Akademiyasında düzənlənən dəfn törənində iştirak etdikdən sonra Fəxri Xiyabana getmədən oradan ayrılmışdım. Düşünürdüm ki, bir gün gedib bəyin qəbrini ayrıca ziyarət edərəm. Amma sonradan ağlıma bir fikir gəldi ki, Rəsulzadənin məzarını ziyarət etmədən Elçibəyin məzarı üstünə getməyim. Elə də etdim. 2010-cu ilin may ayında Məmmədəmin Rəsulzadənin məzarını ziyarət etdikdən sonra Bakıya gəlib Əbülfəz Elçibəyin Fəxri Xiyabandakı məzarını tək başıma ziyarət etdim. Birilərinin romantik prezident adlandırdığı Böyük Bəyin Böyük Türk Coğrafiyasındakı yeri necə də görünür…

Böyük Türk Coğrafiyasında yeri görünən öndər - Əbülfəz Elçibəy

Qətiyyət rəmzi: Elçibəyin məzarını ziyarət etdikdən sonra 20-ci yüzil Azərbaycan tarixinə öz damğasını basmış daha bir böyüyümüzün – Heydər Əliyevin də məzarını ziyarət etdim. Bu da ilk ziyarətim idi. Yalqız başıma məzarın önünə gəldim, mərhumun ruhuna bir dua oxudum. Bu arada haşiyə çıxaraq bir əhvalatı da nəql etmək yerinə düşərdi: ötən ilin dekabrında Türkiyənin Bursa şəhərində səfərdə olarkən dostlar burada Heydər Əliyev parkının olduğunu dedilər. Görmək istədiyimi bildirdim. Sağ olsunlar, məni ora apardılar. Parkın girişində Heydər Əliyevin büstü ucalır. Dostlardan büst önündə birlikdə şəkil çəkdirməyi xahiş etdim və ömrümdə ilk dəfə Heydər Əliyevin bir büstü önündə şəkil çəkdirdim. Təbii ki, dostlarım bunu normal qarşıladılar. Ancaq sonradan onlara deyəndə ki, “Heydər Əliyev sağlığında yatsaydı yuxusuna belə girməzdi ki, mən onun büstü önündə şəkil çəkdirərəm”, dostlarım təəccübləndilər. Və onların təəccübünə son qoymaq üçün jurnalist fəaliyyətimin böyük bir hissəsini məhz bu böyük insanın tənqidinə yönəltdiyimi dedim. Doğrudan da Heydər Əliyevi tənqid etmək belə insana zövq verəcək bir şey idi. Və onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, bu tənqidlərimə görə heç vaxt heç kimdən zərrə qədər də olsun təpki görməmişdim! Heydər Əliyev kimi güclü və qətiyyətli rəhbəri olan bir hakimiyyət mənim sərt tənqidlərimə həmişə ən yüksək təmkin nümayiş etdirirdi!

Qətiyyətinə hər zaman dəyər verdiyim Heydər Əliyevin məzarı önündə

Rus xəyanətinin qurbanı: Böyük öndərlərdən daha birinin – Seyid Cəfər Pişəvərinin məzarı bir az kənarda, Yevlax-Gəncə yolunun üzərindədir. Ötən həftə ölkə içi səfərim olduğu üçün fürsətdən yararlanıb onun məzarını da ziyarət etdim. Bu insanın Güney Azərbaycanda qurduğu dövlət, o dövlətin qurulması zamanı ruslardan aldığı dəstək və sonra da rusların onu satması çox ürək ağrıdıcıdır. Pişəvəri millətin qurtuluşu üçün canını fəda edən böyük öndərlərimizdəndir. O zamankı Sovet hakimiyyəti bu insanı və onun mübarizəsini bəlli bir həddə qədər dəstəkləyib sonradan İran rejiminə satmışdı. Ardından da guya onu xilas etmək üçün Azərbaycana gətirib hazırda məzarı olan ərazidə şübhəli avtomobil qəzasında öldürmüşdülər. Beləliklə də rus və fars rejimi daha bir Türkü birlikdə aradan götürmüşdü…

Pişəvərinin məzar kompleksi ideya olaraq pis düşünülməyib. Böyük bir ərazini əhatə edən kompleksdə onun dava arxadaşlarının şəkilləri, adları və haqlarında bir neçə cümləlik bilgisi olan lövhələr də asılıb. Yəni ilkəl şəkildə də olsa Pişəvəri hökumətinin tərkibi haqqında bilgi verilir. Ancaq ümumilikdə məzar kompleksi daha baxımlı olmağı arzu edir. Hər halda ilgili məqamlar bu fikrimizdən nəticə çıxararsa pis olmazdı…

Rus xəyanətinin qurbanı olan Pişəvərinin məzarı önündə

Oxunma sayı: 12495

1 Comment to "Altı Böyük Türkün məzarı önündə (fotolar)"

  1. 25 February 2011 - 3:44 - 03:44 | Permalink

    Maraqlı idi :).