Günəşi gördüm…

Elnur Astanbəyli

Ağcabədi müsavatçıları 10 illik axtarışlardan sonra böyük öndər Rəsulzadənin büstünü yerin altından qazıb çıxardıblar. O büst Ağcabədidə – İcra Hakimiyyəti binasının qarşısında qoyulmuşdu. Sonradan yaptokratlar onu götürdülər, yerində də Heydər Əliyevin heykəlini qoydular. Rəsulzadənin büstü isə “havaya buxarlandı”. Və yalnız indi məlum olur ki, vaxtilə həmin büstü hardasa basdırıblarmış!

Bu tərbiyəsizliyin cavabını Tarix əvvəl-axır verəcək. Bu öz yerində. Amma yaptokratlar bir şeyi anlamalıdırlar, anlamağa çalışmalıdırlar: siz Rəsulzadənin büstünü torpağa gömə bilərsiniz, ancaq onun dəyərlərini ört-basdır etməyə gücünüz yetməz. Ağlınız Heydər Əliyevə getməsin, Rəsulzadənin gücü onun büstündə deyil. Heykəllərində deyil. Adına verilən parklarda, muzeylərdə deyil. Rəsulzadənin gücü son nəfəsinədək sadiq qaldığı, sırt çevirmədiyi azadlıq və demokratiya ideallarındadır.

Rəsulzadəni sevməməyiniz də o ideallara nifrətdən doğur. Çünki o idealların qalib gəldiyi yerdə artıq siz olmayacaqsınız. Dubay mülkləri olmayacaq. Oğurluqla, quldurluqla, yağmaçılıqla, talançılıqla sahibləndiyiniz bu dəbdəbə, bu təntənə olmayacaq. Bunu özünüz də bilirsiniz. Amma onu da bilin ki, illər sonra Rəsulzadənin torpaq altından tapılan büstü bir mistikadır, xoş bir müjdədir. Gec-tez qaranlıqları dağıdaraq, zülmətləri yararaq bu ölkəni azadlıq, özgürlük, demokratiya şüaları ilə aydınladacaq Günəşin müjdəsi!

Mistikaya inanmayana lənət!

Azərin həsrəti

Reallıqlar haqqında danışmağa cəsarəti çatmayanlar ən absurd, mənasız mövzuların arxasında baş girləyirlər. Məsələn, “türk dünyasının birliyi…” Nə qədər gülməlidir, öz həmvətənləri ilə bir olmayanlar daha böyük birlikdən dəm vururlar. Maləsəf, keçmiş həmkarımız Azər Həsrət də son vaxtlar bu sıraya qoşulub. Eşitdiyimə görə, bəy hətta türk xalqlarının konseyini belə yaradıb.

Hey, gidi dünya, hey! Türklər demiş, “nerdə o eski ramazanlar?”. Harda qaldı Azər bəyin söz azadlığını əzib keçən, insanların ən sıradan hüquq və azadlıqlarını görməzdən gələn bir rejimə qarşı üsyan səsi? Harda qaldı Azər bəyin Azərbaycanı çağdaş, mütərəqqi, demokratik dünyanın bir parçası kimi görmək arzusu və bu arzunun gerçəkləşməsi yolunda hayqırışları? Bir vaxtlar bu ölkəni azad, sivil dünya ölkələri, xalqları ilə qovuşdurmaq istəyən bir adam indi despotik, geridəqalmış, feodalizmin əsirinə çevrilmiş, çağdaşlığın min ağac ötəsindəki ölkələrlə, xalqlarla birləşdirmək istəyir.

Oysa, artıq çoxdan bizi başqa türk xalqları ilə ortaq tale birləşdirir. Ortaq dərdlər birləşdirir. Ortaq yaralar, ortaq ağrılar birləşdirir. Ortaq islam kərimovlar, ortaq ilham əliyevlər, ortaq nursultanlar birləşdirir. Heç birimizin azad seçmək və seçilmək haqqımız yoxdur. Heç birimiz öz sərvətlərimizin sahibi deyilik. Heç birimiz gələcəyə ümidli deyilik. Heç birimizin keçmişin girovluğundan qopmaq cəsarətimiz yoxdur. Daha birləşmək necə olur?

Yox, əgər kimlər üçünsə “türk dünyasının birliyi” deputat mandatı almaq, hansısa QHT-lərə Dövlət Yardımı Fondundan babat pul qırpmaq üçün bir vasitədirsə, bax, bu, başqa məsələ. Elə onu əvvəldən deyin, biz də işimizi bilək.

Bir və iki

BIR: “Bu ölkədə namuslu insanlar ən azı namussuzların qorxaq olduğu qədər cəsur olmalıdır” (İsmət İnönü);
IKI: “Cəsurlara tale də kömək edir” (Priy).

Qaynaq: “Azadlıq” qəzeti

“Elnur Astanbəyli yanılır”

Oxunma sayı: 5161