“Elnur Astanbəyli yanılır”

Azər Həsrət

Azər Həsrət: “İndi daha böyük işlərlə məşğulam, nəinki əvvəllər”

“Elnur Astanbəyli yetənə yetir, yetməyənə də bir daş atır. O, fikir sahibidir. Biz də hər kəsin tənqidi fikirlərinə dözürük.”

Bu sözləri Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrət köşə yazarı Elnur Astanbəylinin onun barəsində yazdığı fikirlərə münasibət bildirərkən söyləyib. Hazırda çox ciddi və böyük işlərlə məşğul olduqlarını önə çəkən A.Həsrət bunların cəmiyyətin bəzi çevrəsi tərəfindən dərk olunmamasından təəssüflənib: “Sadəcə olaraq onun dediyi daha böyük işlərə gəlincə, mənə elə gəlir ki, indi daha böyük işlərlə məşğulam, nəinki əvvəllər. Çünki Elnurun türk dünyası ilə bağlı “boş-boş” adlandırdığı fəaliyyətlərimiz gələcəyə hesablanmış və türk dünyasının, eləcə də Azərbaycanın çox böyük ehtiyac duyduğu məsələlərdəndir. Mən də bu işlərlə məşğul oluram. Ona görə də demək istəyirəm ki, E.Astanbəyli fikirlərində yanılır. İndi biz isə Elnuru onun qədər sərt tənqid etmək fikrində deyilik. Bunlara dözüb təmkinli yanaşacağıq. Məsələ ondadır ki, son zamanlar o tərəfdən üstümə gəlirlər. Bu insanlar öz düşüncəsinə görə davranır. Görünür, bunların da təfəkkürünə görə, baş verən hər bir hadisəyə görə mən münasibət bildirməliyəm. Ona görə də onun bu yazısını “uman yerdən küsərlər” kimi qiymətləndirmək də olar. O, yazısında bildirir ki, guya, mən ya grant almaq, yaxud da deputat mandatına görə bu addımları atıram. Birincisi, mən demək istəyirəm ki, bu günə qədər QHT-lərə Dövlət Dəstəyi Şurasından da, KİV-ə Dövlət Dəstəyi Fondundan da hər hansı bir formada maliyyə almamışam. İkincisi də mənim deputat olmadığım göz qabağındadır. Sadəcə olaraq bu adamların təfəkkürü yetmir ki, bizim məşğul olduğumuz işləri dərk edə bilsinlər. Hesab edirəm ki, bu yazısında da dozasını bir qədər artıq edib”.

Seymur

Qaynaq: Şərq qəzeti

Oxunma sayı: 4416
Share