Xaçmazlıların da hamısı Qarabağlıdır!

Qızılı atlar

Azər Həsrət

Mən bu il Xaçmaza heç getməmişdim. Ötən ilin payızında xeyir işlərə dəvət alandan və toylarda iştirak edəndən sonra nə qədər getmək istəsəm də zaman tapıb bunu edə bilmirdim. Ancaq dostlar, qohumlar da hər dəfə zəngləşəndə məni təkidlə dəvət edirdilər. Deyirdilər ki, sənin həftəsonu istirahət günlərin yoxdur? Bir dəfə də bizə gəl, qonağımız ol, söhbət edək. Mən deyəndə ki, həftəsonu, istirahət, məzuniyyət kimi şeylər artıq iyirmi ilə yaxındır ki, mənim üçün anlaşılmaz şeylərdir, başa düşməkdə çətinlik çəkirdilər… və hələ də çəkirlər…

Ötən həftəsonu həm 28 May Cümhuriyyət gününü, həm də çoxdandır dostlarla planlaşdırdığım söhbətləri özüm üçün bəhanə edib Xaçmaza yollandım. Həmişə olduğu kimi heç bir yerdə dayanmadan birbaş öz kəndimizə – Dədəliyə getdim. Və yenə də həmişə olduğu kimi heç kimlə görüşmədən birbaş qəbristanlığa üz tutdum. Bizim kəndin qəbristanlığı məşhur Çələbilər Pirinin ətrafında yerləşir. Daha doğrusu Çələbilər Piri qəbristanlığın tam ortasındadır. Pirlərlə bağlı bir qədər fərqli fikrim olsa da Çələbilərə hər zaman sayğım olub. Üstəlik bizim ən əziz adamlarımızın son mənzili də buradadır…

Nizami Gəncəvi

Qəbristanlıqda əzizlərimin məzarlarını ziyarət etdim. Bir fatihə oxuyub xəyalən hər birisi ilə söhbətləşdikdən sonra böyük qardaşım Abbasqulugilə yollandım. Hardasa yarım saata qədər onlarda oturub sonra başqa yaxınlarımı ziyarətə yollandım. Əvvəlcə ağsaqqalımız olan Həsrət əmimə baş çəkdim, birlikdə çay içdik və üzrxahlıq edib ayağa qalxdım.

Bundan sonra yaxınlıqda yaşayan uşaqlıq dostum Sarvangilə gəldim. Onlarda bir az çox oturdum və yenə də üzrxahlıq edib ayrılmalı oldum. Bu dəfə ayaqüstü daha bir qardaşıma – Xeyrullaya baş çəkib Xudata yollandım. Xudatda məni dostlarım gözləyirdi. Onlarla müzakirə edəcəyim məsələlər vardı. Və görüşdük, müzakirələrimizi etdik. Gecənin gec saatlarında ayrılıb böyük qardaşımgilə gəldim, orada dincəldikdən və səhər qalxıb qəhvəaltı etdikdən sonra Bakıya yollandım. Guya ki, dostları və qohumları ziyarət etdim!

Dədəli! Bu kəndin adı haqqında fərqli fikirlər var. Birilərinə görə torpaqlarımızda fars dilinin yayğın olduğu dönəmlərdə buranın adı “dəh (on) dəli” imiş. Belə rəvayət edirlər ki, Koroğlunun on dəlisi bu kənddən olub. Hətta qəbristanlıqdakı qəbirlərdən birinin də onlara aid olduğu inancı var el arasında. Başqa bir inanca görə bura “dədə-li” yurdudur. Hətta dostlardan birinə görə, Dədə Qorqud yurdu! Ona görə də Dədəli deyirlər buraya. Özü də maraqlıdır ki, bu kəndin ətrafındakı kəndlərin bir istisnayla demək olar ki, hamısı qeyri-türk əhalidən ibarətdir. Yalnız qonşu Bostançı ilə Dədəlinin yerli əhalisi türk mənşəlidir. Onu da qeyd etmək lazımdır ki, heç vaxt bu kəndlər arasında milli ayrıseçkilik olmayıb. Elə indi də heç kim başqasının milli kimliyi ilə maraqlanmır belə. Hər kəsi birləşdirən bir dəyər var: Azərbaycan!

Yeri gəlmişkən, kəndimizlə bağlı bir məsələni də qeyd etməyə dəyər. Müharibə başlayanda hardasa 150 evdən ibarət olan Dədəli Qarabağda dörd şəhid verib: Qurbət, Natiq, Bahadur və Şeyda. Özü də onların hamısı bir sinifdə oxumuşdu. Bu dörd şəhiddən ilk üçü mənim qohumlarımdır. Bir az yaxın, bir az uzaq. Yalnız Şeydagilin ailəsi bizim kəndə son illərdə yerləşmişdi. Şəhidlərimizdən üçünün qəbri kəndimizdədir. Birinin – əmoğlum Bahadurun cəsədi tapılmayıb. Döyüş yoldaşlarının dediyinə görə Füzuli istiqamətində gedən döyüşlərdə ermənilərin hücumu zamanı atılan mərmidən parça-parça olubmuş. Heç cəsədini də toplaya bilməyiblərmiş… Bahadurla bağlı hər kəsin bildiyi bir gerçək də var. O zaman onu əsgərliyə çağıranda yaşlı ata-anası deyirmiş ki, ay bala, bəlkə səni də başqaları kimi ordudan saxlayaq. Axı ortalıq qarışıb, kimin dost, kimin düşmən olduğu bilinmir, güdaza gedərsən. Rəhmətlik Bahadur da onlara deyibmiş ki, eşidəm, biləm ki, belə bir şey etmisiniz, mən adda oğlunuz yoxdur! Getdi, kişi kimi getdi! Döyüşdü, şəhid oldu!

Qarabağdan bu qədər uzaqda yerləşən bir kənd üçün dörd şəhid azmıdır, çoxmudur, deyə bilmərəm. Ancaq əsas odur ki, bu kəndin insanları da özlərini Qarabağlı sanırlar! Nə qədər ki, torpaqlarımız işğal altındadır, biz hamımız Qarabağlıyıq! Xaçmazlıların da hamısı Qarabağlıdır!

Hə, kəndimiz haqqında danışılacaq şeylər əslində çoxdur. Ancaq dostlara da söz verdiyim kimi bu səfərimdən daha çox şəkillərin diliylə danışmaq istərdim. Beləliklə, şəkillər nə deyir?

Şabrandan Xaçmaza doğru yol az bir hissə istisna olmaqla təzə asfaltlanıb. Yaxşı yoldur. Xaçmaz şəhərinin girişində yeni tağlar hörülüb. Alışılmışdan bir az fərqli olsa da gözəl görünür. Elə ilk çəkdiyim şəkil də ona aiddir.

Xaçmaz şəhərinə giriş

Bir az irəlidə, şəhərin içərisinə və Qubaya sarı yolları ayıran dairənin tam ortasında Koroğlunun heykəli ucalır. Bu heykələ baxdıqca insan qürur hissi keçirir.

Koroğlu

Bu dairədən bir yol da Xudat şəhərinə doğru gedir. Onu da deyim ki, Xudatda da belə bir dairə var və onun ortasındakı heykəl xalq qəhrəmanı Babəkə aiddir.

Babək

Xaçmazın içərisinə daxil olduqda şəhərdə sürətli quruculuq işlərinin getdiyini dərhal hiss edirsən. Nərimanov prospekti mərkəzdə yerləşir və onun hər iki tərəfində ya tikintilər, ya da təmir gedir. Yeni gözəlliklər yaradılır. Yol boyu milli ornamentlərlə bəzədilmiş qüllə-bulaqlar, saat qülləsi var.

Saat qülləsi

Bu yolun bir ucu dəmir yol vağzalında bitir. Vağzala çatınca oradakı böyük meydanın ortasında at belində Şah İsmayıl Xətai ucalır. Möhtəşəmdir!

Xətai

Özü də vağzala az qalmış Qoşa qapıdan keçməli olursan. Bu da şəhərə bir gözəllik verir.

Qoşa qapı

Prospektin sağ tərəfində heç yerdə rast gəlmədiyim açıq havada “Şəxsiyyətlər muzeyi” var. Azərbaycan tarixinin gəlmiş keçmiş az qala bütün dəyərli insanlarının heykəlləri, büstləri bu muzeyi bəzəyir. Elə içəri daxil olunca Xan Şuşinski, Qurban Pirimov və Habil Əliyev üçlüyü səni salamlayır.

Üç dahi

İçəri daldıqca burada daha kimlər yoxdur ki? Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Sabir, Səttar Bəhlulzadə və daha kimlər, kimlər.

Bülbül

Muzeyin divarında yazılan sözlər də hər kəsin qanına işləyir: Turana qılıncdan kəskin ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət… (Hüseyn Cavid)

Hüseyn Caviddən

Muzeyin qarşı tərəfdəki girişində də ziyarətçiləri qarşılayanlar balaca adamlar deyil. Molla Pənah Vaqiflə Molla Vəli Vidadi birlikdə gələnləri salamlayır.

Vaqiflə Vidadi

Onlardan bir az aralıda beş dahi sənətçi – Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Bəşir Səfəroğlu və Hacıbaba Bağırovun büstləri ucalır…

Xalq artistləri

Bu muzeydəki daha bir görməli dəyər də şüşə içində divarlara gömülmüş milli musiqi alətləridir. Onları orijinal ölçülərdə şüşə içində nümayiş etdirmək də maraqlı yanaşmadır.

Musiqi alətləri

Böyük Nizami Gəncəvinin heykəli də muzeyə xüsusi yaraşıq verir (şəkli yuxarıdadır). Dahi şair üzünü bütün şəxsiyyətlərə tutaraq baxır, baxır, baxır…

“Şəxsiyyətlər muzeyi” haqqında çox şey demək olar. Ancaq düşünürəm ki, oranı görmək daha məqsədəuyğundur.

Nərimanov prospektinin sol tərəfində maraqlı bir park var. Bu parkı zoopark da adlandırmaq olar.

Marala bax, marala!

Vəhşi təbiətin az qala bütün atributlarının yer aldığı parkda hər cür heyvan… heykəlinə rast gəlmək olar. Bir tərəfdə fillər var.

Fil

Digər yanda zürafələr göyə yüksəlir.

Zürafələr

Başqa bir səmtdə isə ana-bala dəvə heykəlinə rast gəlirsən.

Dəvələr

Hələ buradakı bozqurdlar, atlar, marallar, ceyranlar, quşları da bir seyr edəsən! İdeyanın kimə aid olduğunu bilməsəm də, vallah, çox maraqlı və diqqətədəyəndir.

Qurdlar

Şəhərdən çıxış yolunun baş tərəfində böyük Azərbaycanlı Hacı Zeynalabdin Tağıyevin abidəsi yerləşir. Böyük insan özünəməxsus kişiyanalıqla durmuş şəkildə təsvir edilib.

Hacı Zeynalabdin

Şəhərlərarası yola çıxarkən orada da diqqət çəkən bir tikili göz oxşayır. “İlham bulağı” adlanan bu kompleks gözəldir. Üstəlik, zirvəsində də Azərbaycan bayrağı dalğalanır.

İlham bulağı

Bayraqdan söz düşmüşkən, Xaçmazda hər tərəfdə yüksələn bayraqlarda diqqətimizi bir şey çəkdi: heç yerdə yırtılmış və ya köhnə bayrağa rast gəlməzsən! Hər şeyi bir yana qoysaq təkcə bu bayraq sayğısına görə, rayonun icra başçısı Şəmsəddin Xanbabayevə dərin bir təşəkkür düşür!

Bu isə doğruçu eşşək arabasıdır

Hələ bir təbiət təsvirlərini də bura əlavə etsək. Bitməz ki, bu sevda…

Hələ bu qızılı atlara bax!

Oxunma sayı: 30636

6 Comments to "Xaçmazlıların da hamısı Qarabağlıdır!"

  1. Ağaşirinov Raşad's Gravatar Ağaşirinov Raşad
    1 October 2010 - 13:19 - 13:19 | Permalink

    salam hormet etdiyim Azer Bey.Manda sizinle görüsüb derdlesmek isterdim.Xaçmazın Balaqusar kendinem.Ali tehsili ,hebi xidmeti basa vuran bir gencem.Bakida isleyirem Telebe _PRESS qezetinde MÜXBİR .amma ki sizinde sesinizi sorağinizi esitmisem isterdim ki sizinle görüsüm.Seferiniz ise super ela sekilller ve metin var TSK.Xacmaz bizim xaçmazdir təktir.İmkan olsa oz unvanima cvb yaz.Sizinle qisa bir zamanda gorüsek.Halal olsun bele oğula……

  2. 2 June 2010 - 10:40 - 10:40 | Permalink

    Harika yerler buraları ziyaret etmek isterim.

  3. Siyab Məmmədli's Gravatar Siyab Məmmədli
    1 June 2010 - 22:52 - 22:52 | Permalink

    Hər şeyə görə təşəkkürlər, Azər bəy!
    “Xaçmazlıların da hamısı Qarabağlıdır!” Ürəklə deyilib, şərhə ehtiyac varmı?
    Digər tərəfdən Siz bizi yeniləşən və çox fərqli, bu gün bütün yaşdan olan nəsillər üçün önəmli nümunələrlə zənginləşən, zahiri təm-təraq və şöhrət üçün deyil, bu günümüz və gələcək üçün əsl yaddaşa çevrilən abidələrin, sənət nümunələrinin yaradıldığı Xaçmaz şəhərinə çəkib apardınız. Xaçmaz Vətənimizin bir parçasıdır və sizin qürurunuza mən də şərik oluram.
    Uğurlar, dostum!

  4. 1 June 2010 - 19:06 - 19:06 | Permalink