Azər Həsrət: “Belə bir gündə bütün türk dövlətləri Türkiyənin yanında olmalıdır”

Azər Həsrət

Bakı, Yalquzaq.com, 01.06.2010 – İsrail hərbi qüvvələrinin Fələstinə insani yardım aparan gəmiyə hücum etməsi və sonucda arasında türklərin də olduğu insanların öldürülməsi bütün dünyada ciddi etirazlara səbəb olmuşdur. Məsələ türk dövlət və topluluqlarında da təpkiyə yol açmış və etiraz hərəkatları başlanmışdır. Durumu şərh edən Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrət bildirmişdir ki, “baş verənlərdə İsrailin aqressivliyi açıq-aydın sezilməkdədir və istər Türkiyənin, istərsə də başqa ölkələrin buna verdiyi sərt qarşılıq haqlı olmaqla bərabər dəstəklənməyə də layiqdir”.

Azər Həsrət onu da qeyd edib ki, İsrail əsgərlərinin bir türk gəmisinə hücum etməsi, əliyalın insanları odlu silahlarla qətlə yetirməsi artıq ondan xəbər verir ki, uzun illər boyu ərəb dünyasını terror edən yəhudi dövləti indi də türk dünyasını terror etməyə girişib: “Hələ bir müddət əvvəl Qurdlar vadisi – pusu” dizisindəki bir səhnəni bəhanə edərək Türkiyə dövlətinə sayğısızlıq edən İsrailə zamanında bütün türk dünyasından uyğun cavab verilsəydi bugünkü biabırçılıq da baş verməzdi. İsrailin bu dəfə məhz türk gəmisini hədəf seçməsi onun bütün türk dünyasına meydan oxuması kimi qəbul edilməlidir və bu üzdən bütün dünya türkləri Türkiyənin yanında olmalıdır. Artıq bizim dövlətlərimizi hədəfə alan dövlətlərə türk dövlətlərinin yalqız deyil, bir olduğunu göstərmək zamanı gəlmişdir”.

Konsey başqanı tarixə ekskurs edərək onu da vurğulamışdır ki, hələ orta yüzillərdə bütün Avropada yəhudilər təhqir və hicrətə məruz qoyulduğu zaman Osmanlı İmperiyası onlara qucaq açaraq məhv olmaqdan xilas etmişdir. “Ancaq təəssüflər olsun ki, indiki İsrail dövlətinin başbilənləri tarixi yaddaşlarına sayğısızlıq edərək bir zamanlar onları məhv olmaqdan qurtarmış millətin dövlətinə – Türkiyəyə qarşı ard-arda bu cür təcavüzkarlıq və sayğısızlıq edirlər. Biz ümid etmək istərdik ki, İsrail dövlətinin bu davranışı bütün yəhudilərin sərgilədiyi yanaşma deyil və onlar da öz dövlətlərinin yanlışına etirazlarını bildirəcəklər”, – deyə Azər Həsrət qeyd edib.

Azər Həsrət onu da deyib ki, xüsusən də türk dövlətlərində yaşayan yəhudilər bu məsələdə fəal olub yəhudi-türk dostluğuna zərbə vuran bu cür hərəkətlərin qarşısını almalıdırlar: “Türk milləti olaraq tarixdə bizim heç bir zaman yəhudilərlə problemimiz olmayıb. Ancaq son illər İsrail dövlətinin apardığı siyasət ondan xəbər verir ki, bu dövlətin başında duranlar tarixi dostluğu alt-üst etmək yolu tutub. Ona görə də türk ölkələrində yaşayan yəhudilər dostluğumuzun qurtuluşu naminə etiraz səslərini ucaltmalıdır”.

Oxunma sayı: 7983
Share

1 Comment to "Azər Həsrət: “Belə bir gündə bütün türk dövlətləri Türkiyənin yanında olmalıdır”"

  1. Rabil Ismayil's Gravatar Rabil Ismayil
    4 June 2010 - 16:35 - 16:35 | Permalink

    Abicim TÜRK-ün bir qardaşı var,o da TÜRK-dür.