Azər Həsrət Oşdakı durumla bağlı Türk dövlət başçılarına müraciət etdi

Azər Həsrət

Azər Həsrət

Bakı, Yalquzaq.com, 11.06.2010 – Yeddi Dövlət – Bir Millət Konseyi başqanı Azər Həsrət 2010-cu il iyun ayının 10-dan 11-nə keçən gecə Qırğızıstanın cənubundakı Oş şəhərində və Qarasu rayonunda xarici dağıdıcı qüvvələr tərəfindən qızışdırılmaqla baş verən milli qarşıdurma sonucunda insan ölümü və çox sayda yaralanma hallarıyla bağlı Türk dövlət başçılarına müraciət edib. O, bu müraciətində onları bir araya gələrək təxirə salınmadan qardaş Qırğızıstandakı durumu müzakirə etməyə, vəziyyətdən çıxmaq üçün birgə addımlar atmağa çağırıb. Azər Həsrət bildirib ki, əgər təcili müdaxilə olmazsa, Türk dünyasının Ata məkanı Qırğızıstan uzunmüddətli qardaş qarşıdurmasına sürüklənəcək.

“Çox dəyərli prezidentlərimiz İlham Əliyev, Nursultan Nazarbayev, Derviş Eroğlu, İslam Kərimov, Abdullah Gül və Qurbanqulu Berdimuhammedov! Qardaş Qırğızıstan Respublikası bu ilin aprelindən başlayaraq özünün ən ağır günlərini yaşamaqdadır. 6-7 aprel 2010-cu il tarixində baş vermiş və sonradan inkişaf etməkdə olan hadisələr artıq yüzədək insanın həlak olmasına, yüzlərlə insanın yaralanmasına, az sayda da olsa insanın yurd-yuvasından didərgin düşməsinə, əziz qardaşımız olan Qırğızıstan xalqının qorxu və səksəkə içində yaşamasına səbəb olmuşdur. Bu azmış kimi, hadisə yerindəki mənbələrimizin verdiyi bilgiyə görə iyun ayının 10-dan 11-nə keçən gecə Oş şəhərində və Qarasu rayonunda xarici dağıdıcı qüvvələrin təhriki ilə yerli qırğız və özbəklər arasında qanlı qarşıdurma yaradılmış, son olmayan bilgilərə görə, 12 nəfərin ölməsi və 135-dən çox insanın yaralanması kimi acı bir sonuc ortaya çıxmışdır. Hadisələrin qarşısını almaq məqsədilə Qırğızıstan müvəqqəti hökuməti gecə gec saatlarda toplaşaraq adı çəkilən bölgədə və ətraf ərazilərdə fövqəladə vəziyyət elan etməyə məcbur olmuşdur. Ancaq bu hal insanların itirilmiş qarşılıqlı inamını və qorxu hissini heç də azaltmır və qardaş qırğız və özbək xalqları arasında ortaya çıxan bu durumu aradan qaldırmaq üçün Türk dünyasının böyükləri olaraq Sizlərin təcili hərəkətə keçmənizə gərək vardır”, – deyə Azər Həsrət bildirib.

Konsey başqanı Azər Həsrət öz çağırışında onu da qeyd edib ki, əgər Bağımsız Türk Dövlətlərinin prezidentləri təcili olaraq hərəkətə keçib Qırğızıstanı durumdan çıxarmazsa, bu münaqişə ölkənin sərhədlərini aşaraq qonşu Türk dövlətlərinə də sıçrayacaq: “Diqqətə alınmalıdır ki, münaqişəni körükləndirən xarici qüvvələr qırğızlarla özbəkləri qarşı-qarşıya gətirir. Özü də bu hadisələr elə bir bölgədə törədilir ki, həmin ərazilərdə başqa milli azlıq və etnik qruplar da sıx şəkildə yaşamaqdadır. Əgər yaxın zamanlarda ciddi tədbirlər görülməzsə, həmin qrupların da münaqişəyə cəlb edilməsilə ən azından üç Türk respublikası – Qırğızıstan, Qazaxıstan və Özbəkistan arasında uzun müddətli münaqişə ocağı yaratmaq kimi planlar yaxın zamanda işə düşəcək. Bundan zərər görən əlbəttə ki, yalnız həmin üç respublika deyil, bütün Türk dünyası olacaqdır. Türk birliyini əngəlləmək istəyən qüvvələr bu yolla bizi bir-birimizə düşmən eləmək məqsədi güdür”.

Müraciətdə daha sonra deyilir ki, Türk dövlət böyükləri ən qısa bir müddət ərzində Bişkekdə toplanaraq Qırğızıstan xalqının yanında olduqlarını, həmin ölkənin düşdüyü ağır durumdan çıxması üçün çalışdıqlarını konkret bir şəkildə nümayiş etdirməlidirlər. Konkret şəklə gəlincə, Konsey başqanı Azər Həsrət bildirib ki, bu, həmin ölkəyə əvəzsiz iqtisadi yardım və qeyri-hərbi Türk sülh korpusunun göndərilməsi şəklində ola bilər. “Bizim ölkələrin hər biri hazırda Qırğızıstanla daha yaxından ilgilənməli və əziz qardaşlarımızın bu cür ağır durumdan bir an öncə çıxması üçün əllərindən gələni etməlidir. Biz birgə səylərlə Türk Birliyini baltalamaq istəyən qüvvələrə öz gücümüzü göstərməliyik”, – deyə Azər Həsrət bildirib.

Oxunma sayı: 9086

1 Comment to "Azər Həsrət Oşdakı durumla bağlı Türk dövlət başçılarına müraciət etdi"