Azər Həsrət: Oş olaylarının arxasında Rusiyanın durması şübhəsizdir

Azər Həsrət

Bakı, Yalquzaq.com, 12.06.2010 – “İyunun 10-dan 11-nə keçən gecə Qırğızıstanın Oş şəhərində və ətraf rayonlarında baş verən qarşıdurmanın təhrikçilərini Rusiyada axtarmaq lazımdır.” Bu fikir Yeddi Dövlət – Bir Millət Konseyi başqanı Azər Həsrətə aiddir. O, qeyd edilən olaylarda Rusiyanın izlərini təsdiq edəcək amillərin hələ bu hal baş verməzdən öncə müşahidə edildiyini deyərək bu cür qorxulu halların baş verə biləcəyini gözlədiklərini də qeyd edib.

“Bu ilin aprel ayında prezident Kurmanbek Bakiyevin devrilməsi ilə sonuclanan qanlı olayların dərhal ardından Rusiya hakimiyyətinin nəzarətində olan KİV hadisələrə milli rəng vermək üçün əlindən gələni edirdi. Həmin günlərdə Rusiya KİV-inin yaydığı təbliğatda guya qırğızların ruslara qarşı olması, hadisələrin rusların Qırğızıstandan qovulmasına hesablanması haqqında fikirlər səsləndirilirdi. Ancaq olaylar sırasında ölən və yaralananlar arasında bir nəfər belə rusun olmaması bu iddianın əsassızlığını sübut etdi və Rusiyanın rusları müdafiə bəhanəsi ilə Qırğızıstana “sülhməramlı” qüvvə yeritmək planlarını puça çıxardı. İndiki olaylarda isə Rusiya başqa bir üsuldan istifadə edərək Qırğızıstana və dünyaya öz “gücünü” göstərmək niyyətindədir”, – deyə Azər Həsrət bildirib.

Konsey başqanı qeyd edib ki, qırğız və özbək gənclərini qarşı-qarşıya gətirən təhrikçi dairələr bunun ardınca Moskvada özbəklərin Rusiyadan yardım istəməsi üçün küçələrə çıxmasını planlaşdırıblar: “Artıq iyunun 11-dən başlayaraq Moskvada yaşayan özbəklər bu və ya başqa şəkildə Rusiya dövlətindən Oşdakı duruma müdaxilə etməsini və özbəkləri müdafiəsi altına almasını tələb etməkdədir. Halbuki əslində özbəklərin Rusiyadan öncə Özbəkistana müraciət etməsi məntiqli olardı. Buradan da anlaşılan odur ki, həm qarşıdurma, həm də ardından gələn Rusiyanın müdaxiləsi çağırışları planlaşdırılmış senarinin tərkib hissəsidir”.

“Biz elə düşünürük ki, hazırkı durumda hadisələrə müdaxilə edərək qısa bir zamanda sülh yaratma imkanı olan tək qüvvə Türk dövlət başçılarının zirvəsi ola bilər. Zirvəyə qədərsə Özbəkistanın prezidenti İslam Kərimovun Qırğızıstan keçici hökuməti nümayəndələri ilə birlikdə Oşa səfər edib xalqla birbaşa təmasa keçməsi oranın insanları arasında etimadın bərpasında ciddi rol oynaya bilər. Unudulmamalıdır ki, hələ 20 il öncə də bu bölgədə qırğızlarla özbəkləri qarşı-qarşıya qoyan Rusiya (Sovet) hakimiyyəti idi. O zamankı olaylarda da 300-dək insan həlak olmuşdu və Rusiyanın “sülhyaratma” təşəbbüsləri sonucunda qırğızlarla özbəklər arasında qarşıdurmaya son verilmişdi. Göründüyü kimi Rusiya 1989-90-cı illərdə tətbiq etdiyi senarini təkrarlamaqdadır”, – deyə Konsey başqanı qeyd edib.

Qeyd edək ki, 2010-cu il iyunun 10-dan 11-nə keçən gecə qırğız və özbək gəncləri arasında ortaya çıxan qarşıdurma sonradan daha iri həcmli iğtişaşa çevrilmiş, hələ son olmayan bilgilərə görə 49 nəfər həlak olmuş, 654 nəfər isə yaralanmışdır. Bunlarla bərabər çox sayda iş yeri və avtomobillər, mənzillər yandırılmış, vətəndaşlara ciddi maddi zərər vurulmuşdur. Qırğızıstanın keçici hökuməti bölgədə fövqəladə vəziyyət elan etsə də yetərli gücü olmadığı üçün hadisələrin inkişafının qarşısını almaqda çətinlik çəkir.

Oxunma sayı: 8399

1 Comment to "Azər Həsrət: Oş olaylarının arxasında Rusiyanın durması şübhəsizdir"