Qırğızıstan olayları Türk dünyasının böyük ayıbıdır!

Azər Həsrət

Bakı, Yalquzaq.com, 14.06.2010 – Bu fikir Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrətə məxsusdur. O, Qırğızıstanda bu il aprelin 6-dan başlayaraq baş verən olaylarda Qırğızların oyuna gətirilərək Ahıska Türkləri, Azərbaycanlılar və ardından da Özbəklərlə qarşı-qarşıya qoyulmasını bu cür dəyərləndirib. Konsey başqanı onu da qeyd edib ki, iyunun 10-dan sonra Oşda, ardından da Cəlalabadda baş verən Qırğız-Özbək qarşıdurması sonucu Qırğızıstan keçici hökumətinin Rusiyadan barış gücü istəməsi və 75 min Özbəyin bu ölkəni tərk etməsi Türk dünyasının böyük ayıbıdır.

“Əslində belə bir durumda xüsusi dəvət gözləmədən digər Türk dövlətləri Qırğızıstana yardım etməliydilər. Əgər barış gücünə gərək vardısa bunu ən azından Azərbaycan, Qazaxıstan və Türkiyə təmin etməliydi. Ancaq təəssüflər olsun ki, digər Türk dövlətləri Qırğızıstanı taleyin öhdəsinə buraxdılar və meydanda yalqız olan qardaş ölkə bir zamanlar işğalına məruz qaldığı Rusiyaya ağız açmağa məcbur oldu”, – deyə Azər Həsrət bildirib.

“Bütün Türk dünyasının gözü qarşısında ən əziz qardaşlar olan Qırğızlarla Özbəklər Rusiyanın oyunları sonucunda yenidən bir-birinə düşmən durumuna gətirildi. Hələ 1989-90-cı illərdə eyni senari üzrə bu iki qardaş xalq arasında qanlı qarşıdurmalar yaradan Rusiya təxribatçı dairələri Türk Birliyinin gerçəkləşməsinin qarşısını almaq üçün yenidən hərəkətə keçib və bu dəfə günahın böyüyü bizim özümüzdə – durumu nəzarət altına almağı bacarmayan Türk dövlətlərindədir. Əgər 1989-90-cı illərdə baş verən olaylar zamanı dövlətlərimiz SSRİ-nin nəzarəti altında olmaları üzündən duruma müdaxilə edə bilmirdisə, hazırda bunu etmək çətin deyildir”, – deyən Konsey başqanı hələ də hər şeyin itirilmədiyi qənaətindədir.

Hazırkı durumdan çıxış yolunu Türk dövlət başçılarının dərhal toplanaraq müzakirələrə başlamasında və ardından da Türk Barış Gücünün formalaşdırılmasında görən Konsey başqanı Azər Həsrət ən qısa müddət içində Özbəklərin evlərinə qayıtmasının təmin edilməsinin vacibliyini də bildirib: “İki qardaş xalq arasında ortaya çıxan bu acı olaylar bizim birlik istəklərimizin nə qədər əsaslı olduğunu bir daha sübut etməkdədir. İndi Türk dövlətləri üçün bir sınaq anıdır və biz birgə səylərlə heç olmazsa bundan sonrakı durumun düzəldilməsi üçün hər şeyi etməliyik ki, Özbək qardaşlarımız öz evlərinə dönə bilsinlər. Bu ayıbı üzərimizdən atmanın tək yolu budur”.

Xatırladaq ki, 2010-cu il iyunun 10-dan 11-nə keçən gecə Oşda baş verən Qırğız-Özbək qarşıdurmasının sonrakı günlərdə ətraf bölgələrə də sıçraması sonucunda 113 nəfər həlak olmuş, 1405 nəfər isə yaralanmışdır. Evlərin və iş yerlərinin yandırılması və talan edilməsilə müşayiət edilən olaylar sonucu 75 min Özbək Özbəkistana qaçmaq zorunda qalmışdır. Olaylara təcili müdaxilə olmazsa durumun daha da pisləşməsi mümkündür.

Oxunma sayı: 8949
Share