Bu gün qardaş Qırğızıstanda matəm günüdür

Oş bu gün

Bakı, Yalquzaq.com, 16.06.2010 – Bu gün, 16 iyun 2010-cu il qardaş Qırğızıstan Respublikasında rəsmi matəm günüdür. Artıq ölkənin hər tərəfində və xarici ölkələrdəki səfirliklərində dövlət bayraqları endirilib, törənlər düzənlənməkdədir. Matəm elan edilməsinə səbəb iyunun 10-dan başlayaraq Oş, ardından da Cəlalabad vilayətində baş verən qırğız-özbək qarşıdurması zamanı insanların həlak olmasıdır. Rusiya mərkəzli güclərin təxribatları sonucu çox sayda insan həlak olmuş, xeyli insan da yaralanmışdır. Yüz minədək insan isə Özbəkistan tərəfə keçərək xilas olmuşdur.

Yalquzaq.com-un Qırğızıstandakı mənbələrindən əldə etdiyimiz bilgiyə görə bu gün səhər saat 09.00 üçün bu olaylarda ölənlərin ümumi sayı 179, yaralananların sayı isə 1879 nəfər olub. Tibbi xidmət üçün müraciət edən yaralılardan 840 nəfəri ağırlıq dərəcəsinə görə xəstəxanalara yerləşdirilib. 914 nəfər isə ilkin tibii yardımdan sonra evə buraxılıb.

Oşdakı mənbəmizdən aldığımız bilgidə deyilir ki, bu vilayətdə ölənlərin sayı 132 nəfər təşkil edir. Xəstəxanalara müraciət edənlərin sayı isə 1345 nəfərdir.

Cəlalabaddan aldığımız bilgidə isə ölənlərin 47, tibbi yardım üçün müraciət edənlərin 534 nəfər olduğu deyilir.

Bu arada Yalquzaq.com-un Özbəkistandakı mənbələri artıq 80 mindən artıq etnik özbəyin Qırğızıstandakı olaylardan qurtularaq bu ölkəyə pənah gətirdiyini bildirib. İlk günlər qaçqınların öz qohumlarının evlərinə sığınmasına izn verən Özbəkistan hökuməti hazırda bütün qaçqınları çadır şəhərlərində toplamağa başlayıb. Bunun nə məqsədlə edildiyinə aydınlıq gətirən mənbəmiz bildirib ki, hökumət bu yolla dürüst hesabat aparmağa ümid edir. Çünki öz qohumlarının və tanışlarının evinə sığınan qaçqınlar çox zaman qeydiyyat qaydalarına əməl etmədiyi üçün rəqəmlərin dəqiqləşdirilməsində çətinlik yaranıb.

Qeyd edək ki, bu il iyunun 10-dan 11-nə keçən gecə Oşda bir qrup özbək gənci ilə qırğız gənci arasında təxribat sonucu ortaya çıxan olaylar böyüyərək silahlı qarşıdurmaya çevrilmiş, ardından da özbəklərin yaşadığı başqa bölgələrə sıçramışdır. Bölgə təhlilçiləri bu olayların arxasında hələ 20 il öncə olduğu kimi yenə də Rusiyanın durduğunu bildirirlər.

Olaylar Qırğızıstandan kənardakı Türk ölkələrində də ciddi izlənilməkdədir. Ancaq təəssüflər olsun ki, digər Türk dövlətləri bu olaylarda gözlənən həssaslığı göstərmədi və Qırğızıstanı yalnız buraxdı. Duruma münasibət bildirən Yeddi Dövlət – Bir Millət Konseyi başqanı Azər Həsrət Qırğızıstan olaylarını Türk dünyasının böyük ayıbı adlandıraraq Türk dövlətlərinin nədən hərəkət etməməsini sorğulasa da susqunluq nə yazıq ki, hələ də davam edir.

Biz də Yalquzaq.com olaraq qardaş Qırğızıstanda ölənlərin yaxınlarına və bütün Türk dünyasına başsağlığı diləyir, Özbək qaçqınların bir an öncə öz yurdlarına dönməsini, yenidən sülh şəraitində yaşamalarını arzu edirik. Tanrı millətimizə bir daha belə sınaqlar göndərməsin inşallah.

Oxunma sayı: 9673

1 Comment to "Bu gün qardaş Qırğızıstanda matəm günüdür"