Türk dövlətləri Qırğızıstana təcili insani yardım etməlidirlər

Azər Həsrət

Bakı, Yalquzaq.com, 17.06.2010 – Artıq Qırğızıstanda son günlər baş verən qanlı olayların ardından nisbi sabitlik yaranmaq üzrədir. İnsan ölümləri ilə nəticələnən hallar demək olar ki, yox dərəcəsindədir. Bundan başqa insanların evlərinə və iş yerlərinə hücumlar da səngiyib. Hətta bir sıra Özbək qaçqınları da öz evlərinə dönməyə başlayıb. Dünyanın bir sıra ölkələri durumun tam olaraq normala dönə bilməsi üçün Qırğızıstana insani yardımlar göndərməkdədir.

Məsələyə və ümumilkdə Qırğızıstandakı son duruma münasibət bildirən Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrət bu halın davamlı olması, Qırğızlarla Özbəklərin öz aralarında dil taparaq yenidən barış içində yaşaya bilməsi üçün mümkün olan hər şeyin edilməsi vacibliyini qeyd edib: “Biz elə düşünürük ki, baş verən qanlı olayların ağır təsirini bir kənara buraxıb Qırğız və Özbək qardaşlarımız eyni millətin övladları olduqlarını və baş verən olayların bütün Türk dünyası üçün ayıb olacaq həddə çatdığını nəhayət ki, anlamalıdırlar. Əlbəttə ki, durumun bu həddə çatmasında yalnız Qırğızları və Özbəkləri günahlandırmaq doğru olmazdı. Digər Türk dövlətləri də olayların bu həddə çatmasında Qırğızıstanın özü qədər günahkardır”.

“Hələ apreldə prezident Kurmanbek Bakiyev devriləndən sonra biz təcili olaraq Türk dövlətlərinin Qırğızıstan məsələsini müzakirə etməsi zərurətini bildirmişdik. O zaman qeyd etdiyimiz əsas məqamlardan biri də bu ölkəyə digər Türk dövlətləri üçün böyük rəqəm sayılmayacaq 300-500 milyon dollarlıq yardımın edilməsi idi. Qırğızıstan dövlətlərimiz arasında ən kasıbıdır və bunun da əsas səbəbi orada heç vaxt normal hakimiyyətin olmaması, həm də ölkənin təbii sərvətlərindən və insan qaynaqlarından uyğun şəkildə istifadə edilməməsidir. Təbii ki, belə bir durumu olan ölkədə xarici, xüsusən də Rusiya mənşəli təxribatçı qüvvələrin at oynatması sonucu əziz qardaşlar olan Ahıska Türkləri, Azərbaycanlılar, sonra da Özbəklərlə Qırğızlar arasında qanlı olaylar yaşandı. Halbuki keçici hökumət iş başına gələn kimi iqtisadi problemlərin çözümü üçün çox da böyük olmayan maliyyə yardımlarına ehtiyac duyulduğunu dəfələrlə bəyan etmişdi. Ancaq təəssüflər olsun ki, özünün iqtisadi imkanlarıyla bu duruma təsir edə biləcək dövlətlərimiz hərəkətə keçmədi və sonuc da çox ağır oldu”, – deyə Azər Həsrət bildirib.

Konsey başqanı onu da deyib ki, indiki durumda da Türk dövlətləri biganə qalmamalıdırlar: “Bizim dövlətlərimiz Qırğızlarla Özbəklər arasında qarşılıqlı etimadın bərpa edilməsi üçün bu ölkəyə təcili insani yardım etməlidirlər. İstər iqtisadi baxımdan, istərsə də sadəcə sülhyaratma və münaqişələrin həlli baxımından ortaq heyətlər tərtib edilməli və dərhal Qırğızıstana göndərilməlidir. Biz heç şübhə etmirik ki, ortaq Türk heyətlərinin bu ölkəyə səfəri olumlu sonuc verəcək. Şəxsən mən Qırğızları və Özbəkləri yaxşı tanıyan, onların psixologiyasına bələd olan bir insan kimi əminəm ki, nüfuzlu heyətlər göndərməklə qısa bir müddət ərzində qarşılıqlı etimadı bərpa etmək imkanı qalmaqdadır”.

Qeyd edək ki, iyunun 17-si saat 08.00-ə olan bilgilərə görə 10 iyundan başlanan olaylarda Oş və Cəlalabad vilayətlərində hər iki tərəfdən həlak olanların ümumi sayı 191, yaralanan və tibbi yardım üçün müraciət edənlərin sayı isə 1971 nəfər olub. Özbəkistan tərəfə keçən qaçqınların ümumi sayı isə 100 min nəfəri ötüb. Ərazidəki mənbələrimizin verdiyi bilgilərə görə, bu rəqəmlərin artması gözlənilir. Təbii ki, yeni qarşıdurmalar sonucu deyil, sadəcə bir çox halların hələ də rəsmiləşdirilməməsi üzündən. Mənbələrimiz onu da bildirir ki, son günlər Qırğız və Özbək ağsaqqalları bir araya gələrək bəzi yaşayış məntəqələrində qarşıdurmaları dayandırmağa və Özbək qaçqınların evlərinə dönməsinə nail ola biliblər. Artıq xeyli sayda Özbək öz evlərinə qayıdıb və proses davam edir.

Oxunma sayı: 7305
Share