Qırğızıstan faciəsinin arxasında Rusiya dayanır

Moskva

Moskva Özbəkistanı münaqişəyə sürükləməyə, qırğız və özbəklər arasında ziddiyyətləri dərinləşdirməyə, Orta Asiyada növbəti “Qarabağ münaqişəsi” yaratmağa çalışır

Azər Həsrət: “Türk dövlətləri bir araya gəlib Qırğızıstanı indiki vəziyyətdən çıxara bilərlər”

Qırğızıstanda baş verən qırğınlar bütün dünyanın diqqət mərkəzindədir. Hamı, xüsusilə də dünyanın müxtəlif ölkələrində yaşayan türklər narahatdırlar. Hadisələrin baş verməsi barədə versiyalar səsləndirən bəzi ekspertlər deyirlər ki, qırğızlar özbəklərin onlardan daha yaxşı yaşamasına etiraz olaraq bu qırğınları törədirlər. Bəzi ekspertlər isə bu qənaətdədirlər ki, hadisələrin arxasında xarici güclər dayanır. Yada salaq ki, 1990-cı ildə də təxminən buna bənzər hadisələr baş vermişdi. Məhz həmin hadisələrin özbəklər və qırğızlar arasında dərin çatlar yaratdığı söylənilir. Ümumiyyətlə, son günlərdə Qırğızıstanda baş verən hadisələr dünyada qırğızlar haqqında heç də müsbət olmayan rəy formalaşdırıb.

Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrətin fikrincə, baş verən hadisələrin arxasında başqaları dayandığından, bütün məsuliyyəti qırğızların üzərinə yıxmaq doğru olmazdı: “İyirmi ildən çoxdur ki, mənim qırğızlarla ünsiyyətim var. Son 10 ildə isə onlarla daha çox təmasdayam. Həmişə də bir-birimizə dost, qardaş demişik. Şəxsən mən həmişə özümü qırğızlarla eyni millətin nümayəndəsi saymışam. Qırğızıstana gedəndə məni azərbaycanlılarla görüşdürürlər, hətta yeni azərbaycanlı ailələri tapır, məni onlarla tanış edirlər. Onların azərbaycanlılara xüsusi hörməti var. Elə qırğızlarla özbəklər arasında da heç vaxt ayrı-seçkilik müşahidə etməmişəm. İstər Qırğızıstanda yaşayan, istərsə də Özbəkistanda yaşayan özbəklər qırğızlarla hər zaman mehriban olublar. Bizə necə yaxşı münasibət varsa, onların bir-birinə münasibəti də o dərəcədə yaxşıdır. Qırğızlar xarakter etibarilə dağıdıcı, yırtıcı, təxribatçı millət deyil. Onlar xalq olaraq çox sakitdirlər, aza qane olandırlar. Dünyanın hansı ölkəsindən olursa-olsun, kimsə gedib orada özünə ev-eşik qursa, qırğızlar buna pis baxmırlar. Onu mehribançılıqla qəbul edir, hörmətini saxlayır, yer verirlər. Belə bir xalqın durduğu yerdə özbəklərə qarşı bu cür hərəkətlərə yol verməsi nələrdənsə xəbər verir. Əslində Qırğızıstan özünün sosial-iqtisadi problemlərinin əsirinə çevrilib. Məsələnin kökünü birinci olaraq burada axtarmaq lazımdır. İkincisi, SSRİ dağılandan sonra Qırğızıstanda heç vaxt güclü hakimiyyət olmayıb. Qırğızıstanda belə hadisələrin təkrarlanmasının bir səbəbi də qətiyyətli liderin yoxluğudur. Ancaq ən əsas səbəb Rusiya faktorudur. Şəxsən mən belə hesab edirəm ki, baş verən son hadisələrdə Rusiyanın barmağı var. Rusiya Qırğızıstanın faktiki olaraq ABŞ-ın nəzarətinə keçməməsi üçün əlindən gələni edir. Zaman-zaman ruslar qırğızlar və özbəklər arasında ciddi problemlərin yaranmasına nail ola biliblər. 1990-cı ildə də bu cür hadisə baş vermişdi, həmin vaxt 300-ə qədər özbək öldürüldü. Hadisələrin üzərindən bir müddət keçəndən sonra qırğız və özbək ağsaqqalları yığışıb müzakirə apardılar. Sonda belə qərara gəldilər ki, onlar hansısa oyuna gəliblər. Həmin dövrdə isə oyunu oynayan SSRİ idi. Təsadüfə bax ki, həmin hadisələr də təxminən bu aylarda baş vermişdi. İndiki hadisələrdə Rusiyanın barmağının olması şübhəsizdir. Dediyimiz fikirləri qüvvətləndirən amillərdən biri Bakiyevin devrilməsi zamanı Rusiya mətbuatının yazdıqlarıdır. Ruslar yazırdılar ki, Qırğızıstanda baş verənlər anti-rus hərəkatlarıdır. Bir məqama da fikir verin. Baş verən hadisələr zamanı bir dənə də rusun burnu qanamayıb. Qırğızlar, özbəklər, Axıska türkləri öldürülüb, hətta döyülənlər, xəsarət alanlar arasında azərbaycanlılar da var. Bunun özü də göstərir ki, əslində türkün türkə qarşı qoyulması prosesi baş verir. Əsl mahiyyətin ört-basdır edilməsi üçün Rusiya Qırğızıstana yardım edəcəkmiş kimi bir münasibət sərgiləyir. Əslinə qalanda isə kreditləri Qırğızıstana aşağılayıcı şərtlərlə vermək istəyirlər. Rusiya rəhbərləri elan edirlər ki, biz kreditləri ayırırıq, ancaq əmin olmalıyıq ki, həmin kreditlər sağa-sola xərclənməyəcək. Bu cür münasibət məncə həmin dövləti aşağılamaq deməkdir”.

Azər Həsrət türk dövlətlərinin baş verənləri nəzarətdə saxlamasını vacib sayır: “Mənə elə gəlir ki, türk dövlətləri bir araya gəlib Qırğızıstanı indiki vəziyyətdən çıxara bilərlər. Bizim oraya sahiblənməyimizin zamanıdır. Mən arzu edərdim ki, bu sahiblənmə tez bir zamanda baş versin. Proseslərin sona çatması üçün bu çox vacibdir. Əslində qırğızlarla özbəklər yenə də başa düşürlər ki, oyuna gəliblər. Başa düşürlər ki, arzuolunmaz sonuclara gətirib çıxaran hallara yol veriblər. Son günlərdə bir neçə dəfə qırğız və özbək ağsaqqalları bir araya gəlib müəyyən müzakirələr aparırlar. Hətta kütləvi şəkildə olmasa da, özbəklərin geri qayıtması halları müşahidə edilir. Yeri gəlmişkən, bir maraqlı məqama diqqət yetirmək istəyirəm. Oşdakı dostlarımız deyirlər ki, bir tərəfdə biriləri özbəkləri öldürür və yaxud evini yandırır, digər tərəfdə isə başqa qırğızlar həmin özbəkləri evlərində gizlədirlər. Yəni əslində qırğızlar imkan vermirlər ki, təxribatçılar özbəkləri öldürsün. Özbəkləri gizlədənlər, həyatlarını xilas edənlər əsl qırğızlardır, qətl törədənlər isə dediyim kimi təxribatçılardır. Vaxtilə bizdə də eyni ssenarili hadisələr baş vermişdi. Sumqayıt hadisələrində baş verənlər azərbaycanlıların erməniləri qırması kimi qələmə verildi, ancaq sonradan aydınlaşdı ki, hadisənin arxasında duran Moskvadır, ermənilərin “Krunk” təşkilatıdır. Rəsmi Moskvanın burada istifadə etdiyi adam isə ermənidir. Biz bunu gec anladıq və buna görə də hadisələrin qarşısını ala bilmədik. İndi Qırğızıstanda baş verənlər eyni ssenarilə idarə olunur”.

Ağa Cəfərli

Qaynaq: Xalq Cəbhəsi qəzeti

Oxunma sayı: 7299
Share