Şəhidlər Xiyabanı haqqında yazı…

Şəhidlər Xiyabanı

Azər Həsrət

Bu gün Şəhidlər Xiyabanını ziyarət etdim. Səbəbsiz deyil. Çünki bu gün, 20 iyun milli qəhrəman Şirin Mirzəyevin torpağa tapşırıldığı gündür. Mən Xiyabana çatanda orda artıq onun döyüş yoldaşları, ailə üzvləri və sevənləri toplaşmışdı. Müsəlman adətincə qəbri üzərində Quran oxuduldu və dualar edildi. Sonra da döyüşçü yoldaşları onun şəxsiyyəti, bir komandir kimi hərbiçiliyi haqqında söhbət etdilər. Xatirələr təzələndi, 18 il öncə olub-bitənlər, o zamanın gənclik anıları dilə gətirildi. Sözarası gənclərdən biri dedi ki, Şirin Mirzəyevi elə də yaxşı tanımırmış. Yəni belə bir Azərbaycan oğlunun olması ağlına belə gəlmirmiş. Sonra onun haqqında oxumuş və anlamışdır ki, Vətənimizin bir zamanlar belə igid oğulları da varmış…

Bu gənci əlbəttə ki, qınamıram. Yəni qınamağa haqqımız da yoxdur axı. Əgər bugünkü gənclərimiz səhər televizoru açıb uşağını Moskvada doğurmasıyla, itinə, pişiyinə aldığı hədiyyələrə xərclədiyi pullarla öyünən, bəzən də cinsiyyəti belə bəlli olmayan “sənət” adamlarını görürsə, onlar Şirin Mirzəyev kimi qəhrəmanları hardan tanımalıdır? Yaxud da iki və ya beş “sənətkar”ın bir-birilərinin ünvanına söylədiyi küçə səviyyəli fikirlər haqqında elə küçə səviyyəli də saatlarla müzakirə açan TV kanallarımızdan bu gənclər Şirin Mirzəyevi necə tanımalıdır ki? Tanıya bilməzlər. Dindirəndə özünü milli və vətənsevər kimi qələmə verən və əslində antimilli olan TV və radio kanallarımızdan (İTV və Az.TV istisnadır) gənclərimizin öyrənəcəyi bir şeymi var?…

…Şirin Mirzəyev 1947-ci il mayın 5-də Xankəndində anadan olub. 1971-ci ildə Leningrad Ali Siyasi Hərbi Məktəbini bitirib və təyinatla İrəvana göndərilib. Orada beş il xidmət keçdikdən sonra Bakıya dönüb. Bundan sonra 1988-ci ildə Hərbi Siyasi Akademiyada təhsil alıb. 1991-ci ildə Vətənin dar günündə Ağdama gələrək peşəkar hərbçi kimi könüllülərin formalaşdırılması üçün çalışıb. 1992-ci il martın 28-də Ağdamda ilk könüllü özünümüdafiə taborunu qurub və onun komandiri seçilib. Şirin Mirzəyev 1992-ci il iyun ayının 18-də Sırxavənd istiqamətində minaya düşərək həlak olub. Döyüş dostları onun savadlı bir komandir, cəsur bir döyüşçü və sədaqətli yoldaş olması haqqında dönə-dönə söz edirlər. Yaşasaydı indi 63 yaşı olardı…

Şirin Mirzəyevin məzarı

Şəhidlər Xiyabanını ziyarətim sırasında bir də fürsətdən yararlanıb ətrafa göz gəzdirdim. Yadıma hələ bir neçə il öncə davasını etdiyimiz ingilis abidəsi düşdü. Getdim, baxdım, yerindəydi. Bu abidə ingiltərə hökuməti tərəfindən Bakının məhz Şəhidlər Xiyabanında, özü də Türk Şəhidləri abidəsinin tam arxasında dikilib. Həmin abidə burada dikilərkən biz müxtəlif etiraz tədbirlərinə baş vurmuşduq. Hətta Böyük Britaniyanın səfirinə rəsmi müraciət də etmişdik ki, bu abidəni orada qoymasınlar. Səfirlikdən aldığımız cavabdan sonra əlimiz-qolumuz yanımıza düşmüşdü. Yazırdılar ki, biz Bakı Şəhər İcra Hakimiyyətindən bu anıt üçün yer istəyəndə onlar buranı təklif ediblər. Yəni ingilisin günahı yoxmuş. Bir zaman Bakını işğala gələn ingilislər üçün məhz Şəhidlər Xiyabanında abidə ucaldılmasına şərait yaradan sapı özümüzdən olan baltalar imiş…

Bəs bu abidə nə imiş deyə soruşanlar üçün azacıq bilgi: Anıtın üzərində yazılanlardan belə anlaşılır ki, bu abidə 1918-1919-cu illərdə Bakıya gələn işğalçı ingilis əsgərlərinin xatirəsini əbədiləşdirmək üçün ucaldılıb. Abidənin üzərində həlak olan əsgərlərin adları və bu cümlə yazılıb: “Burada şərəfləndirilənlər öz ölkələrinə xidmət zamanı həlak olub və Azərbaycanda dəfn edilib. Onların adları əbədi yaşardır”. Tarixdən bildiyimizə görə, “öz ölkələrinə xidmət zamanı həlak olanlar” Bakını işğal üçün gəlmişdilər və təbii ki, öldürülmüşdülər. İndi bizim bəzi ağıllılarımız işğalçıya Şəhidlər Xiyabanında abidə ucaldılmasına izn verir…

İşğalçı ingilislərin abidəsi

Şəhidlər Xiyabanında diqqət çəkən abidələrdən biri də 1918-ci ildə Bakını işğaldan azad etmək üçün gəlib burada şəhid düşən Türk əsgərlərinə ucaldılan anıtdır. Son iki ildə bu anıt ətrafında fərqli mübahisələr yaşanmışdı. Bursada Ermənistanla oynanan futbol oyunu zamanı Azərbaycan bayrağına tətbiq edilən yasaq və ardından da bayrağımızın özünü bilməyən sapıqlar tərəfindən təhqir edilməsi birilərinin əsəblərini elə gərmişdi ki, bur gecənin içində bu abidənin üzərindəki Türkiyə və Azərbaycan bayraqları yığışdırılmışdı. Yanlış idi əlbəttə və Azərbaycan prezidentinin müdrik müdaxiləsi sonucunda o yanlış düzəldildi. Bu gün yenə də Azərbaycan və Türkiyə bayraqları əziz şəhidlərimizin ruhu üçün birlikdə dalğalanır.

Türk şəhidləri üçün abidə

Şəhidlər Xiyabanındakı daha bir ziddiyyətli məkan buradakı Şəhidlər məscididir. Türkiyənin hədiyyə olaraq tikdiyi və bir zamanlar xüsusən də Cümə namazlarında dolub-daşan bu məscid artıq son illər qapalı tutulmaqdadır. Müxtəlif media orqanlarında onun qapanması ilə bağlı fərqli və çox zaman da əsassız fikirlər yer alsa da normal bir açıqlama verən də olmadı. Yəni bu günə qədər şəxsən mən onun nə üçün qapandığını bilmirəm.

Şəhidlər məscidi

Şəhidlər Xiyabanında Azərbaycanın qəhrəman oğlu, iki dəfə Sovet İttifaqı qəhrəmanı, general Həzi Aslanovun da büstü ucalır. Özü də əzəmətli bir büstü. Hamımızın “Mən sizi həyatımdan çox sevdim” filmindən və tarix kitablarından xatırladığımız bu igid Azərbaycan generalı II Dünya Savaşına öz damğasını vuran böyük sərkərdələrdən biridir.

General Həzi Aslanovun büstü

Və Şəhidlər Xiyabanı! Xiyabanın girişi yaxşı tərtib edilib və səliqəli, baxımlı təsir bağışlayır. Elə girişdəcə böyük bir Azərbaycan bayrağı dalğalanır, əbədi məşəl yanır. Hazırda Şəhidlər Xiyabanında əbədi uyuyanlar bu bayrağın beləcə rahat dalğalana bilməsi üçün canlarını vermişdilər. Gün gələcək bayrağımız həm də hazırda erməni tapdağında olan torpaqlarımızda beləcə dalğalanacaq! Kim nə deyir desin, mən buna inanıram!

Şəhidlər Xiyabanının girişi

20 Yanvar şəhidləri Şəhidlər Xiyabanının ikinci dəfə yaranmasının başlanğıcı idi. Bəlli olduğu kimi hələ Sovetlərin ilk illərinə qədər də buralar şəhidlik olub və kitablarda adı Çəmbərəkənd qəbristanlığı kimi keçir. Ancaq sonradan bu qəbristanlığı yox edən işğalçı Sovetlər həmin işğalı gerçəkləşdirən Sergey Miron oğlu Kirova məhz elə qəbirlərin üzərində abidə ucaltmışdılar. Biz onu söküb atdıq bir zaman!

20 Yanvar şəhidlərinin məzarları

Şəhidlər Xiyabanındakı ilk qəbirlər İlham və Fərizəyə aiddir. Bu iki Azərbaycan gənci həm milli mücadilə, həm də sevgi, sədaqət rəmzidir bizim üçün! 20 yanvar gecəsi İlham rus işğalçılarının gülləsinə tuş gəlib şəhid olduqdan sonra onun sevgilisi Fərizə bu ayrılığa dözə bilmir və “İlhamsız yaşamaqdansa ölmək yaxşıdır” deyib intihar edir! Beləcə Leyli və Məcnun, Fərhad və Şirin, Əsli və Kərəm, Tahir və Zöhrə kimi dastanlar sırasına 20-ci yüzilin sonunda bir gerçək dastan əlavə edilir. Və 2003-cü ildən başlayaraq “Xural” qəzetinin sahibi Əvəz Zeynallının təşəbbüsü ilə İlhamla Fərizənin toy günü olan 30 iyun Azərbaycanda “Sevgililər Günü” kimi qeyd edilir!

İlhamla Fərizənin məzarı

Şəhidlər Xiyabanında Heydər Əliyevin prezidentliyi dönəmində ucaldılan bir abidə də var. Bu abidə bir növ Şəhidlər Xiyabanının rəsmi simvolu halına gəlib. Üzəri qızılla süslənmiş bu abidənin doğrudan da yeri var!

Heydər Əliyevin ucaltdırdığı abidə

Hə, bir də yaddan çıxarmaqyaq ki, 30 iyun günü saat 11.00-da yenə də “Xural” qəzeti və Əvəz Zeynallının təşkilatçılığı ilə hər kəs Sevgililər Günü gəzintisinə başlamaq üçün İlhamla Fərizənin qəbri üstünə dəvətlidir.

Oxunma sayı: 89181
Paylaş/Saxla

4 yorum var to "Şəhidlər Xiyabanı haqqında yazı…"

  1. eda ece's Gravatar eda ece
    28 October 2013 - 20:31 - 20:31 | Permalink

    bu nediiiiiiiiiii:(((( yenede eziyyet cekib yazibsan ama lazim olmadi men umumi insa axtarariram

  2. 21 April 2013 - 17:15 - 17:15 | Permalink

    pis deyil

  3. 28 June 2011 - 1:22 - 01:22 | Permalink

    ŞƏHİDLƏR XİYABANI

    Əsarətinə üsyan dünyanın qəm adası,
    Nakam olmuş canların şəhid ruhlar odası,
    Zəncirləri qırılmış Vətənin qan-qadası,
    Şəhidlər Xiyabanı!

    Gözü yaşlı analar saçın yolur ah ilə,
    Məmləkət üsyan edir qul olmuş sabah ilə,
    Allah necə barışır bu suç, bu günah ilə?!..
    Şəhidlər Xiyabanı!

    Xonçası qara geymiş igidin yas ocağı,
    Cocuğu gözü yaşlı gəlinlərin qucağı,
    Əli qanlı cəlladın min illik umacağı…
    Şəhidlər Xiyabanı!

    Diləkləri, amacı sinəsində boğulmuş,
    Onsəkkizdən bu yana iki dəfə doğulmuş,
    Öz halal torpağında, öz qanıyla yoğrulmuş,
    Şəhidlər Xiyabanı!

    Görməyib səyyarəmiz bu cürə zülm, sitəm,
    Lay-divar igidlərin sinəsi dilim-dilim,
    İlahidən xəbərsiz yazılmış savaş, ölüm,
    Şəhidlər Xiyabanı!

    Gözü yaşlı kürpələr ata yoluna baxar,
    Rüzgar da qan-qadadan ərzi yandırıb yaxar,
    Selmi, sumu bədənlər hər gün qoynuna axar?
    Şəhidlər Xiyabanı!

    Sonu olacaq görən bu tökülən qanların?
    Şəhidlik ünvanına yazılan cavanların,
    Allah hesabın çəksin qoy sonsuz divanların!
    Şəhidlər Xiyabanı!

    İçimdə vulkan olan ərzi tutan acısan,
    Yağı gülləsinə tuş sən qardaş, sən bacısan,
    Özünü danan xalqın tək mənlik əlacısan-
    Şəhidlər Xiyabanı!

    Anaların köksünə dağ basma özü közdü,
    Yetər daha məmləkət qanlı işğala dözdü!
    Millət qul ola-ola öz canından əl üzdü,
    Şəhidlər Xiyabanı!

    Qərənfili matəmə boyanmış bəy məzarı,
    Ağlayır sinələrdə ürəklər zarı-zarı,
    Qəbirləri qucaqlar gəlin, ana, qız, qarı,
    Şəhidlər Xiyabanı!

    Nə vaxt sona yetəcək, ay Allah, bu müşgüllər?
    Lay-lay balam deməkdən qabar çalıbdı dillər…
    Ağı deyir ağlayır bizimlə birgə illər…
    Şəhidlər Xiyabanı!

    Ey millətin istiqlal dünyasının günəşi,
    Məzarlara sığınmış nakam puhların nəşi,
    Min yerə parçalanmış zəncirlərin atəşi-
    Şəhidlər Xiyabanı!

    Sən nəhrlər ağladan ölkənin qibləgahı,
    Qocadan cocuğadək hər evin səcdəgahı,
    Dililəcək min illər fələyə ana ahı…
    Şəhidlər Xiyabanı!

    Şadiman ölsə bir gün ruhu səcdəyə gələr,
    Başdaşından dünyaya ömürlük ah yüksələr,
    Məzar-məzar önündə tənib doğulub ölər-
    Şəhidlər Xiyabanı!
    Şəhidlər Xiyabanı!
    4-5.06.1994