Rusiya Qırğızıstanı fakt qarşısında qoyub

Azər Həsrət

Azər Həsrət: Yəni ki, ya mənimlə olacaqsan, ya da ABŞ-la

Dünən Qırğızıstanın Oş şəhərində etnik özbəklərin məskunlaşdığı Nəriman qəsəbəsində hüquq-mühafizə orqanları əməliyyat keçirib. “Ria-Novosti” agentliyinin yaydığı məlumata görə, qanunsuz silahların toplanması ilə bağlı keçirilən əməliyyat zamanı 2 nəfər silahlı müqavimət göstərdiyi üçün öldürülüb. Oş vilayət komendantlığının mətbuat xidmətinin rəhbəri Timur Şarşenaliyev deyib ki, əməliyyat zamanı müxtəlif dərəcəli xəsarət almış 23 özbək xəstəxanaya müraciət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları arasında xəsarət alan yoxdur.

Müvəqqəti hökumət ölkəni gəzir

Qırğızıstanın müvəqqəti hökumətinin başçısı Roza Otunbayeva özbəklərlə qırğızlar arasında iğtişaş baş vermiş ərazilərə baş çəkib. Lakin səfərlər nəticəsində iğtişaşlar tam olaraq yatmayıb. Doğrudur, hazırda sakitlik olsa da insanlarda qorxu hissinin olduğu bildirilir. Yayılan məlumatlara görə, Oş şəhərində qırğızlarla özbəklər üz-üzə gəldiyi zaman bir-birilərinə ittihamlar səsləndirir. Bu da insanlarda əsəblərin sakitləşməməsindən və hər an yeni iğtişaş dalğasının baş vermə mümkünlüyündən xəbər verir.

Qırğızıstanda baş verənlər Rusiyanın əməlləridir

Qırğızıstanda baş verən olaylarla bağlı münasibətini bildirən Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrət hesab edir ki, hazırda yaşananlar planlaşdırılmış və zaman-zaman qırğızlara tətbiq olunan hadisələrin davamıdır: “Əgər xatırlasaq, 1989-1990-cı illərdə də həmin bölgədə, yəni istər Qırğızıstan, istərsə də Özbəkistan ərazisi olsun, Fərqanə vadisi adlanan bölgədə bu cür hadisələr baş vermişdi. O zaman Özbəkistanda, Fərqanədə Axıska türklərinə qarşı özbəkləri ayağa qaldırmışdılar və qarşıdurma yarada bilmişdilər. Bu zaman 300-ə qədər Axıska türkü öldürülmüşdü. Üstəlik, 90 minə yaxın Axıska türkü Özbəkistanı tərk etmək məcburiyyətində qalmışdı. Həmin hadisələrin davamı olaraq Oş, Cəlalabad şəhərlərində və ətraf ərazilərində özbəklərlə qırğızların qarşıdurması yaradılmışdı və həmin qarşıdurmalarda da xeyli sayda ölənlər olmuşdu. Və təbiidir ki, özbəklərin bir qismi də Qırğızıstanı tərk etmək məcburiyyətində qalmışdı. Yəni bu hadisələr davamlı olaraq həmin bölgələrdə baş verir. O zaman SSRİ var idi və guya hadisələrə onlar müdaxilə edirdi. Amma hamıya bəllidir ki, Sovet İttifaqı Dağlıq Qarabağda problemi necə yaratmışdısa, eyni problemi Fərqanə vadisində də yaradırdı”.

Rusiya rəsmi Bişkeki fakt qarşısında qoyur

A.Həsrət bildirib ki, Fərqanə vadisi Orta Asiyanın altındakı bir bombadır: “Yəni ora Tacikistan, Özbəkistan və Qırğızıstan ərazilərinin bir birinin içinə girdiyi bir yerdir. Əlbəttə ki, ərazidə millətləri qarşı-qarşıya qoymaq üçün güclü potensial var. Rusiya da hər zaman bundan istifadə edib və bu dəfə də istifadə etdilər. Oşda baş verən hadisələr, yaxud da ki, ondan sonra olayların Cəlalabad və digər ərazilərə yayılması sadəcə olaraq Rusiyanın senarisi əsasında həyata keçirilir. Baxmayaraq ki, rəsmi Moskva özünü kənara çəkir ki, bizim iştirakımız yoxdur, biz marağındayıq ki, orda sabitlik olsun və sairə. Amma hamı və dünya başa düşür ki, Rusiya əslinə qalanda Qırğızıstanı fakt qarşısında qoyur. Yəni ki, ya mənimlə olacaqsan, ya da ABŞ-la. Qırğızıstan elə bir ölkədir ki, orda həm rus əsgəri qüvvəsi var, həm də ABŞ-ın bazası var. Əlbəttə ki, Rusiya ilə Amerikanın bazalarının bir ölkənin içərisində olması həmin ölkənin sabitliyinə çox ciddi təhlükədir. Çünki istər-istəməz ABŞ-la Rusiya dünya çapında qarşı-qarşıya duran qüvvələrdir və bu qüvvələrin əsgərini, ordusunu, bazasını öz ölkəsində barındıran istənilən dövlət əlbəttə ki, böyük riskə gedir. O cümlədən də Qırğızıstan çox ciddi risk altındadır. Rusiya bu dəfə Qırğızıstanı fakt qarşısında qoyub. Amerikanın bazalarını ordan çıxartdırmaq üçün bu cür hadisələrə əl atır. Xatırladım ki, aprel ayında Bakiyevin devrilməsi zamanı Qırğızıstan hadisələrində Rusiya mediasının verdiyi qiymət birmənalı idi ki, guya Qırğızıstanda baş verən proseslər hamısı antirus əhval-ruhiyyəlidir. Halbuki antirus əhval-ruhiyyəli heç bir şey yox idi. Çünki orada ruslara qarşı heç bir hadisə baş vermirdi və bu günə kimi də olmayıb. Amma yenə də Rusiya mediası göstərməyə çalışır ki, guya orada baş verən proseslər antirus əhval-ruhiyyəlidir. Amma iğtişaşlar zamanı ölənlər arasında bir nəfər də olsun rus yoxdur. Öldürülənlər özbəklər, qırğızlar və Axıska türkləridir. Hətta döyülənlər arasında azərbaycanlılar da var. Yəni burda türkü türkə qarşı qoyublar. Özbəklərlə qırğızlar heç vaxt bir-birilərinə düşmən olmayıb. Tarixən belə olub və bunların da düşmən olması üçün səbəb də yoxdur. Sadəcə olaraq oyuna gətirildilər və bu oyunu da oynayan Rusiyadır. Təəssüflər olsun ki, həm özbək, həm də qırğız tərəfindən olan, vicdanını itirmiş adamlar da Rusiyanın aləti oldular və öz xalqlarını belə qırğına apardılar”.

Özbəkistan prezidenti doğru yol seçib

A.Həsrət hesab edir ki, Qırğızıstanda baş verən olaylar zamanı çox sevindirici bir məqam var. O, bu fikrini Özbəkistan prezidenti İslam Kərimovun hadisələrə çox təmkinli yanaşması ilə əsaslandırıb: “Bəlkə də başqa prezident olsaydı, deyərdi ki, mənim xalqıma qarşı niyə belə hadisələr törədirsiniz? Və yaxud da hər hansı bir formada sərt ifadələr işlədərdi. Amma Özbəkistan prezidenti bu məsələlərdə xarici təxribatçı qüvvələrin əlinin olduğunu xüsusi olaraq vurğulayaraq qırğız və özbək xalqını özünün ən əziz xalqı hesab etdiyini və bu xalqlar arasında birilərinin belə hadisələr törətməsinin yolverilməz olduğunu dilə gətirdi və bununla da əslinə qalanda həm Rusiyaya, həm də dünyaya göstərdi ki, bu təxribat baş veribsə belə qırğız və özbək xalqları arasındakı o dostluq və qardaşlıq, soy-kökdən gələn birlik bundan sonra da davam edəcək. Bizim də, başqa türk dövlətlərinin də üzərinə düşən vəzifələr ondan ibarətdir ki, onların yanında olaq. Yəni həm özbəklərin, həm də qırğızların bu situasiyadan çıxa bilməsi üçün Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan, Türkmənistan yığışıb birlikdə addımlar atmalıdırlar. Ora iqtisadi yatırımlar olmalıdır. Qırğızıstana maddi yardımlar edilməlidir ki, qırğız xalqı da onun arxasında böyük bir türk dünyasının olduğunu hiss etsin. Belə bir dəstəyi hiss etdikdən sonra oradakı insanlar nə Rusiyanın, nə də ki, digər başqa bir dövlətin təxribatına uyan deyillər”.

Seymur Qasımbəyli

Qaynaq: Şərq qəzeti

Oxunma sayı: 7497