Seçki kampaniyası müddətinin azaldılması faciə deyil

Azər Həsrət

Bakı, AzerHasret.com, 24.06.2010 – Bu fikir Yeddi Dövlət – Bir Millət Konseyi başqanı, 34 saylı Xətai II seçki dairəsindən Milli Məclis üzvlüyünə namizədliyini irəli sürəcəyini elan etmiş Azər Həsrətə aiddir. Konsey başqanı Milli Məclisdə “Seçki məcəlləsi”nə edilən son dəyişikliklərlə bağlı mövqeyini açıqlarkən bu fikri səsləndirib. Azər Həsrət onu da deyib ki, bir sıra siyasi dairələrin hələ də seçkini məhz rəsmi seçki kampaniyası çərçivəsində aparmağa meyllənməsindən təəccüblənir: “Bütün dünyada tətbiq edilən təcrübəyə görə növbəti seçkilərə hazırlıq cari seçkinin bitdiyi gündən başlayır. Xüsusən də demokratiya sahəsində irəli təcrübə qazanmış ölkələrin hamısında siyasi qüvvələr öz iddialarını illərlə öncədən elan edir və bu istiqamətdə də fəaliyyət göstərirlər. Yəni bizdə olduğu kimi oturub seçki kampaniyasının rəsmi başlanacağı günü gözləmirlər. Çünki seçki elə bir prosesdir ki, onu hansısa zaman kəsimi çərçivəsində düşünmək yanlış olardı”.

Konsey başqanı onu da bildirib ki, “Seçki məcəlləsi”nə edilən dəyişikliklərdə namizədlərə dövlət tərəfindən ayrılması nəzərdə tutulan 200 manatlıq məbləğlə bağlı da müzakirələrə gərək yoxdur. “Bu məbləğ o qədər azdır ki, onun hesabına seçki kampaniyasında nəyisə dəyişdirməyin mümkünlüyü haqda düşünməyə belə dəyməz. O cümlədən də bununla bağlı müzakirələr açıb ictimai rəyi məşğul etmək yanlışdır”, – deyə Azər Həsrət qeyd edib.

“Mən elə bilirəm ki, seçki kampaniyası üçün hətta bir həftə belə yetərli olardı. Əgər hər hansı siyasi qüvvə və ya iddialı şəxs özünə güvənirsə və seçki kampaniyasına vaxtında hazırlaşıbsa onun müddətin qısalığından şikayət etməsi doğru yanaşma deyil”, – deyən Konsey başqanı Azər Həsrət millət vəkilliyinə iddia edənlərin həm də çevik ola bilməsi vacibliyini dilə gətirib: “Əgər hər hansı siyasətçi düşdüyü durumlarda çevik qərar verib hərəkətə keçə bilmirsə onun millət vəkilliyi kimi vacib bir məqama iddia etməsi də doğru olmazdı”.

Oxunma sayı: 7152
Share

1 Comment to "Seçki kampaniyası müddətinin azaldılması faciə deyil"