Bu gün Yeddi Dövlət – Bir Millət Bayraq Meydanının açılışıdır

Azər Həsrət

Azərbaycanı təmsil edən Azər Həsrət eksklüziv olaraq “Millətçilik”ə danışdı

Bu gün Türkiyənin Bursa şəhərində “Yeddi Dövlət – Bir Millət” Bayraq Meydanının açılışı olacaq. Tədbirdə yeddi bağımsız Türk dövlətinin Türkiyədəki səfirliklərinin nümayəndələri, ayrı-ayrı ictimai qurumların təmsilçiləri və sənət adamlarının iştirakı nəzərdə tutulur. Tədbir Bursadakı Yıldırım Bələdiyyəsinə aid ərazidə, bu bələdiyyə binasının önündəki meydanda baş tutacaq. Daha sonra tədbir Yıldırım Bələdiyyəsinin Barış Manço Kültür Mərkəzində təşkil edəcəyi Aşıqlar Etkinliyi ilə davam edəcək. Təşkilatçılar heyətində Azərbaycanı bu tədbirdə “Yeddi Dövlət – Bir Millət” Kültür və Dayanışma Dərnəyinin Türk Cümhuriyyətləri üzrə baş təmsilçisi Azər bəy Həsrət təmsil edir.

Qeyd edək ki, «Yeddi Dövlət – Bir Millət” Kültür və Dayanışma Dərnəyinin Türk Cümhuriyyətləri üzrə baş təmsilçisi Azər Həsrət törəndə iştirak etmək üçün Türkiyəyə yola düşüb. Lakin o, getməzdən bir gün öncə “Millətçilik” qəzeti redaksiyasının qonağı olub və suallarımızı cavablandırıb.

– Bu ideya ürəyində, qəlbində Türk Birliyini yaşadan, daşıyan insanları həmişə düşündürüb. İndiyə qədər Türk dövlətlərinin bir yerdə olması istiqamətində rəsmi olaraq heç bir addım atılmamışdı. Bizdə olan məlumatlara görə, Türkiyədə elə kəndlər var ki, orada fermerlər öz tarlalarında 7 türk dövləti bayrağını birlikdə asırlar. Bu, insanların Böyük Türk Dünyasına olan istəyindən, sevgisindən irəli gəlir. Mən ötən il Türkiyədə səfərdə olarkən Dərnəyin rəhbəri İbrahim Dəmirtaş ilə birlikdə Bursa şəhərindəki Yıldırım Bələdiyyəsinin başkanı Özgən Kəskini ziyarət etdik. Təşəbbüs onun özündən gəldi ki, biz bu dərnəyə dəstək olaraq bələdiyyənin qarşısındakı meydanda 7 dövlətin bayrağını ucalda bilərik. Biz icazə aldıq və iyulun 3-də Bayraq Meydanının açılışı olacaq. Biz həmin tədbirə məşhur türk dünyasının müğənnisi sayılan Araz Elsəsi dəvət etmişik. Türkiyədən də sənətçilər qatılacaq. Türkiyədəki bütün 7 dövlətin səfirləri də dəvət edilib. Mən də çıxış edəcəm. Rəsmi törən başa çatdıqdan sonra mehtər marşlarının müşayiəti altında bayraqlar qaldırılacaq. Əsasən türk milləti ilə bağlı musiqilər səsləndiriləcək. Daha sonra Aşıqlar Dəstəsi çıxış edəcək. Nəzərə alsaq ki, Bursa uzun müddət Osmanlı İmperiyasının ilk paytaxtı olub. Uğurlu bir şəhər olaraq bayraqların orada qaldırılması çox düşərli alınacaq. Bizim üçün sevindirici hal odur ki, bu ideya digər Türk dövlətlərində, Orta Asiya dövlətlərində də çox ciddi dəstəklənir. Hətta son zamanlar Azərbaycanda da bir sıra məmurlar bu idyeya isti yanaşırlar. Əgər bir müddət əvvəl bu məsələni qeyri-ciddi sayırdılarsa, indi artıq bu ideyanı kifayət qədər ciddiyə alırlar. Ən azından buna maneə yoxdur. Bu da ondan irəli gəlir ki, 7 Türk dövlətinin rəhbərləri bu ideyanın ciddiliyini anlayırlar. Xüsusən də, Qazaxıstan və Türkmənistanda bu iş asanlıqla həll olunur. Bir az problemli olan ölkələr Özbəkistan və Qırğızıstandır. Bu ondan irəli gəlmir ki, həmin dövlətlərdə bu ideyaya qeyri-ciddi münasibət bəsləyirlər. Sadəcə, hər iki ölkədə daxili problemlər olduğundan hələ ki, o ölkələrdə bu məsələ o qədər də sürətlə inkişaf etmir. Bu, Türk Dünyası üçün çox faydalı bir işdir, bu işin təməlini qoyan insanlar olaraq bu işi həyata keçirmək bizim üzərimizə düşüb. Biz bu missiyanı layiqincə yerinə yetirməyə çalışacağıq və bundan qürurlanırıq da…

-Azər bəy, gələcək planlarınız necədir?

– Bizim planlarımız həddindən artıq çoxdur. Burada iddia elə böyükdür ki, əslində bir ictimai birliyin həyata keçirə biləcəyi iddia deyil. Yəni, bizim istəyimiz son nəticədə – Türkiyə, Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Kuzey Kıprıs Türk Cümhuriyyəti – birləşəcəyi bağımsız Türk dövlətlərinin qurulmasıdır. Əlbəttə, son nəticədə qərarı dövlət başçıları verəcəklər. Amma bizim işimiz bu məsələni ictimaiyyətin arasında aparmaqdır. Biz insanları bu işə hazırlamaqla məşğuluq. Amma onu da deyim ki, bu addımlar əcnəbi güclərin bizə mane olmağa çalışmasında özünü göstərir. Bizi istəməyən qüvvələr bu birliyin baş tutmaması üçün əllərindən gələni edirlər. Məsələn, Qırğızıstan və Özbəkistanın məsələi buna bariz nümunədir…

– Elə mən də bu barədə soruşacaqdım. Türk Birliyindən danışdığımız bir vaxtda ABŞ və Rusiyanın maraqları Özbəkistan və Qırğızıstanda toqquşdu və nəticədə iki qardaş xalq bir-birinə qırdırıldı… Siz həmin dövlətlərdə işi hansı səviyyədə quracaqsınız?

– Məsələ ondadır ki, mən Qırğızıstanı və Özbəkistanı yetərincə bilən bir adamam. Yəni, o ölkələrdə çox olmuşam, orada çoxlu dostlarımız var. Mənim düşüncələrimə görə, bir xalq olaraq onlar əbədiyyən düşmənçilik edən xalqlar deyil. Yəni, ermənilərdə Türkə qarşı nifrət əbədidir. Biz onların hədəfiyik. Amma qırğızlar və özbəklərdə, ümumiyyətlə, türk xalqlarında əbədi düşmənçilik deyilən bir şey yoxdur. Qırğızıstanda hadisələr baş verəndə smən oradakı dostlarımla hər gün əlaqə saxlayırdım. Onlar deyirdilər ki, qırğınların süni yaradıldığını yaxşı bilirlər. Amma gərək təxribata getməyəydilər. O cümlədən, bu çatışmanın da bir müddətdən sonra unudulacağına mənim şübhəm yoxdur.

Yadınıza bir şeyi salım. 1990-cı ilin yay aylarında SSRİ-nin son dövrlərində qırğızlar və özbəklərin arasında eyni yerdə, yeni qırğın baş vermişdi. O zaman yenə də Oşda və Cəlalabadda qan tökülmüşdü, qarşılıqlı olaraq 300 nəfər öldürülmüşdü. Hətta 10 minlərlə insan qaçqın düşmüşdü. Amma onların hamısı sonradan qayıtdı Qırğızıstana. Amma bizim köçkünlər heç vaxt Ermənistana qayıdıb yaşaya bilməz. İndi də özbəklərin əksəriyyəti öz evlərinə qayıdıblar. İşin maraqlı tərəfi də budur ki, onların geri qayıtmasını təşkil edən qırğız ağsaqqaları və dövlət məmurlarıdır. Deməli, hər iki xalq başa düşür ki, onların arasına girən yad qüvvələr bu hadisələri törədib. Bu hadisələrin altında əsasən Rusiya yatır. Qırğızıstanda həm Amerika, həm də Rusiya əsgərləri var ki, bu güclərin hər ikisi bir –birinə qarşı duran qüvvələrdir. Rusiya qırğızları sıxır ki, siz bizim tərəfimizdə olun və amerikanları vurub bölgədən çıxarın. Düzdür, Qırğızıstan da ikili oyun oynayır. SSRİ dağıldıqan sonra bir çox respublikalarda qarşıdurmalar, parçalanmalar baş verdi. Amma onların əksəriyyəti vaxtında qaydasına qoyuldu. Məsələn, Azərbaycanda Heydər Əliyev müəyyən parçalanmaların qarşısını aldı, sadvalçıların, əlikramçıların, surətçilərin ölkəni parçalamasına imkan vermədi. Güclü idarəetmə ilə ölkəni böhran vəziyyətindən çıxartdı. Həmçinin, Nazarbayev Qazaxıstandakı problemləri həll etdi, Özbəkistanda da həmçinin, Türkmənistan da öz daxili problemlərini həll etdi. Amma Qırğızıstan həmişə müstəqil ola bilməyəcəyini göstərir. Hətta bir vaxtlar bir qrup var idi ki, Qırğızıstanın Rusiyaya birləşməsini tələb edirdi. Bütün bunların hamısı Qırğızıstanın rəhbərliyinin zəif olmasından irəli gəlir. Əslində qırğızlar rahat idarəolunan xalqdır. Olanla qane olan xalqdır, bir o qədər də təmtəraq istəmirlər. Sadəcə olaraq, Əsgər Akayev çox zəif iradəli insan olaraq ölkəni hər tərəfə açmışdı. Avropada qadağan olunmuş dini sektalar, missionerlər orada tüğyan edirdilər. Bundan sonra narkotacirlərin, silah alverçilərinin əl-qolu geniş açılmışdı və s. Buna görə də Bakiyev onu çox rahat devirdi, amma onun yolunu davam etdirdi. Bir az Rusiya və Amerika ilə ikili oyun oynadıqdan sonra, onu da devirdilər. Qırğızıstan hələ də bizim 90-cı illərdə yaşadığımız dövrü yaşayır. Bu gün bəzi ağzıgöyçəklər deyirlər ki, özbəklərlə qırğızlar bir-birini qırır, nə Türk Dünyası salmısınız. Mən həmin adamlara deyirəm ki, bu məsələlərdə İslam Kərimovun tutlduğu mövqeyə nəzər salsınlar. O deyir ki, biz iki qardaş xalqlarıq, sadəcə xarici qüvvələr bizim aramıza təxribat saldılar. Hətta Azərbaycanın özündə belə iki qardaş bir-biri ilə dava edir, hətta xanlıqlar arasında dava olub, Sultan Səlimlə Şah İsmayılın davaları olub. Bütün bunlar keçib gedir və yenidən münasibətlər düzəlir, daha erməni-türk münasibəti müstəvisində qalmır ki…

– Azər bəy, səfəriniz neçə gün çəkəcək?

– Mən gedib açılışda iştirak edib qayıdacam. Amma bundan bir gün əvvəl Bursada bizim dərnəyin ofisinin açılışı olacaq. Mən buna çata bilməyəcəm. Biz Türkiyədə rəsmi şəkildə qeydiyyatdan keçmişik. Azərbaycanda və Orta Asiyada konseyin başçısı olaraq bu işləri mən yerinə yetirirəm. Rəsmi təmsilçi olaraq mən burada fəaliyyət göstərirəm. Lazım gəlsə, burada da qeydiyyatdan keçib ofis aça bilərik. Bizə qoşulmaq üçün çoxlu müraciətlər var. Ziyalılar, elm adamları, siyasətçilər, hətta rayonlardan da çox maraqlanırlar. İnşallah bu yaxınlarda biz bu məsələ ilə də məşğul olacağıq.

– Sizə tutduğunuz bu müqəddəs amalda uğurlar, Azər Bəy. Salamat gedin, gəlin.

– Təşəkkür edirəm. Mən də Sizin qəzetə bizə dəstək olduğu üçün minnətdarlığımı bildirirəm. (Qəzetlərdən özü ilə Türkiyəyə aparmaq üçün götürür)…

Söhbətləşdi: SEVDA ƏSGƏROVA

Qaynaq: Millətçilik qəzeti 03 iyul 2010-cu il

Oxunma sayı: 5908