Türk birliyi, AZAL-ın ruscası və s. haqqında… (Fotolar)

Azər Həsrət

Azər Həsrət

Yola çıxanda yenə də düşünürdüm ki, bu lənətə gəlmiş üzləri bir daha görəcəm və qanım qaralacaq. Ölkəm üçün, millətim üçün yenə də həyəcan keçirəcəm. Yenə də ölkəmin qapılarını tərk edərkən əsəblərim tarıma çəkiləcək…

Elə də oldu. İyulun 2-də Türkiyənin Bursa şəhərinə gedirdim. Burada bir neçə ay öncədən planlaşdırıldığı kimi Yeddi Dövlət – Bir Millət Bayraq Meydanının açılışında iştirak etməliydim. Hər zaman olduğu kimi yenə də yol qeydlərimi eləməyi düşünürdüm. Və arzu edirdim ki, bu dəfəki qeydlərimdə Azərbaycan haqqında xoş məqamlar çox olsun…

İlk əsəbləşmə

Səhər tezdən qalxıb bir çay içdim və özümü səliqəyə salıb hava limanına yollandım. Maşınımı hava limanında günəşin altında buraxıb içəri daxil oldum. Sakitcə ilkin təhlükəsizlik yoxlamasından keçib ikinci qata qalxdım. İlk baxışdan hər şey yerindədir. Hava limanı gözəl və səliqəlidir. Ən son standartlara demək olar ki, cavab verir. Bir müddət gözləyəndən sonra İstanbul uçağı üçün qeydiyyatın başlandığını elan etdilər. Növbə üçün yaxınlaşdım… və insanlarımızın kütlə olması bir daha özünü göstərdi. Növbə hardadır? Adamlarımız topa-topa gömrük yoxlamasından keçmək üçün bir yerə yığışmışdılar. Kimin gedən, kimin yola salan olduğunu anlamaq çətin məsələ idi. Bir təhər mən də irəli hərəkət etməyə başladım və növbəm çatanda keçidi qapatdılar ki, bir az gözləyin. Gözlədik… Bu anda sol tərəfdən bir gənc yanaşıb əlindəki yeddi-səkkiz pasportu biveccəsinə nəzarətçilərə verdi və onlardan bu adamları növbəsiz buraxmağı xahiş etdi… Xahiş yerinə yetirildi təbii. Özü də bunların bəlkə də bir maşın yükü vardı. Kim idilər, hara gedirdilər, deyə bilmərəm. Ancaq növbədə duranlardan izn belə almadan onları içəri keçirdilər…

Növbəm çatanda mən də içəri keçdim. Masa arxasında oturub hər kəsin pasportuna baxan gömrükçüyə yanaşıb apardığım nəqd pulun miqdarını dedim və pasportuma baxıb yaxşı yol arzuladı. Qeydiyyatdan keçib bu dəfə sərhəd nəzarətinə yanaşdım. Önümüzdə az adam vardı. Tez keçdik. Bunun ardından daha bir təhlükəsizlik yoxlaması vardı. Ona yanaşdıq. Növbəmizi gözlədik və bu anda bir gənc iki xanımla yanaşıb heç kimə məhəl qoymadan onları növbəsiz keçirdi. Belə anladım ki, gənc dediyimiz adam oranın işçilərindəndir. Təbii ki, dözmədim və bu tərbiyəsizliyə etiraz etdim. Nəzarətdəki başqa bir gənc deməyə söz tapmasa da orada kompüter arxasındakı xanım məni borclu çıxarmağa başladı. Xanımları növbəsiz keçirən gənc isə iddia etdi ki, mən xanımlara yol verməyə borcluyam. Halbuki məndən öndə daha bir neçə xanım vardı və yeri gəlmişkən həmin xanımlar növbəsiz keçənlərdən daha gözəl və kübar görünürdülər…

Türklər üçün rusca film və yaşıl zolaq…

Beləcə bu mərhələni də adladıq. Sonra AZAL-ın təyyarəsinə minib İstanbula üz tutduq. Az gecikmə ilə mənzilə çatdıq. Demək olar ki, hər şey normaldır. Ancaq sadəcə bir şeyi anlamadım. İstanbula uçan təyyarənin sərnişinləri üçün rus dilində film nümayiş etdimək üçün hansı ağlın sahibi olmalısan? (Hələ bunun davamı da olacaq. Geri qayıdan zaman)

İstanbulda uçaqdan enib öncə pasport, ardından da yaşıl gömrük zolağını keçməklə dışarı çıxdım. Pasport növbəsində bəzən minlərlə insan olsa da burada hər kəs bir-birinin ardında dayanır. Daha bizdəki kimi topalaşmaq deyə bir şey yoxdur. Daha bir məqam isə yaşıl gömrük zolağı ilə bağlıdır. İstanbula və başqa şəhərlərə (ölkələrə) bu qədər gedib-gəlmişəm, ancaq yadıma gəlmir ki, haçansa məni kimsə yaşıl zolaqda dayandırıb nəsə soruşsun. Heç adamın üzünə də baxmırlar…

Ümid bəy və Azər Həsrət

Dışarı çıxıb məni gözləyən Ümid bəylə görüşdüm və onun maşınında Bursaya gedəcək gəmiyə minmək üçün yola düzəldik. Az sonra dəniz kənarında birlikdə bir ayran içdik və ardından da gəmiylə Bursaya yollandım…

Bu da gəmi

Bursa təmasları

Bursaya yetişəndə bir az gec idi artıq. Buna baxmayaraq Yeddi Dövlət – Bir Millət Kültür və Dayanışma Dərnəyinin mərkəz qərargahında dərnək fəalları ilə bir toplantı düzənlədik. Sonra isə Bursa böyük şəhər bələdiyyəsinin ayırdığı Tuğcu hotelə gəlib yaxşıca dincəlməyə qərar verdim…

İslam Musayev və Azər Həsrət dərnək mərkəzində

Səhəri gün saat bir radələrində dərnəyimizin başqanı İbrahim Demirtaş zəng edərək Qazaxıstan səfirliyinin 3-cü katibi Nişangül Qaratayın da gəlib çıxdığını, zamanım olursa onunla görüşüb söhbət etməyimi təklif etdi. Elə də etdim. Az sonra Nişangül xanımı yeməyə dəvət etdim və yemək əsnasında türk birliyi, bayraq sevgisi və s. məsələlər haqqında söhbət etdik. Sonra da Bursanın mərkəzində kiçik bir gəzintiyə çıxıb şəkil çəkdirdik…

Nişangül Qaratay və Azər Həsrət

Bayraq meydanı açılışı

Axşama doğru gözlənilən o anın həyəcanı artmağa başladı. Dostlardan biri saat altıya qalmış gəlib bizi hoteldən götürdü və artıq hazır durumda açılışı gözləyən meydana gətirdi. Burada da fürsətkən bəzi dostlarla görüşüb şəkil çəkdirdik. Yeri gəlmişkən deyim ki, öncəki axşam dərnək toplantımıza qatılanlar arasında Azərbaycanlı tələbə İslam Musayev də vardı. Biz onunla virtual olaraq tanış idik, ancaq canlı olaraq ilk dəfə qarşılaşırdıq. İslam bəy bir vətənsevər, milli Azərbaycan gəncidir və hiss olunur ki, öz üzərində ciddi çalışır. Elə bayraq meydanı açılışı törəninə də tələbə dostları ilə birlikdə gələrək bizə yardım etməsi bundan irəli gəlirdi. Bu gənclə uzun-uzun söhbət də etdik. Dərdlərimiz eyni idi. Məmurların bivecliyi, vətən və bayraq sevgisinin bir çox insanlarımızda yoxluğu və s. məsələlər bizim müzakirə mövzumuz idi. Bu gənc deyirdi ki, biz vətənə dönmək, bağlanmaq və onun üçün çalışmaq istəyirik. Ancaq önümüzü elə adamlar kəsir ki, bəzən özümüzə nifrət edirik. Haqsız da sayılmaz ki, bu gənc. Bütün bunlara rəğmən İslamın mütləq Azərbaycana dönüb vətənin xidmətində durması vacibliyini dilə gətirdim. Meydanı yaramazlara buraxmamaq üçün…

Bursanın mərkəzi - Kent Meydanı

Törənimiz başlamaq üzrəykən Azərbaycanın iki TV kanalının – İTV və Az.TV-nin çəkiliş qrupları gəlib çıxdı. Sağ olsunlar. Başımızı uca etdilər. Həm də bununla Azərbaycan dövlətinin türk birliyinə verdiyi önəm oraya toplaşanlar üçün bir daha təsdiqlənmiş oldu…

İTV-yə müsahibə verərkən (müxbir Rəhimə Mirzəyeva)

Törən başladı. Öncə mehtər marşları canlı olaraq ifa edildi. İnsanların qanı coşduruldu. Bundan sonra rəsmi çıxışlar edildi.

Mehtər taqımı

Açılış nitqini dərnəyimiz adına mən etməli oldum. Dörd dəqiqəlik nitqimdə türk birliyinin önəmi və bayraq meydanının açılışından duyduğum sevincləri dilə gətirdim…

Azər Həsrətin çıxışı

Quzey Kıbrıs təmsilçisi, Qazaxıstan nümayəndəsi də təmsil etdikləri dövlətlərin türk birliyinə verdiyi önəm haqqında danışdı. Sonuncu çıxışı Bursa Yıldırım Bələdiyyəsi başqanı Özgen Keskin etdi. Şair kimliyi də olan bu siyasət adamı çıxışını həm də şeirlə rövnəqləndirdi və bu da əlbəttə toplaşanların xoşuna gəldi…

Özgen Keskinin çıxışı

Çıxışlardan sonra sıra bayraqların yüksəldiməsinə gəldi. Hər ölkədən bir təmsilçi öz ölkəsinin bayrağı altına dəvət edildi. Və Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Quzey Kıbrıs, Özbəkistan, Türkiyə və Türkmənistan bayraqları eyni anda yüksəldildi…

Bayraqlar yüksəldildikdən sonra xatirə şəkli (Sağdan 3-cü: Elçin İsgəndərzadə)

Bayrağına sahib durmayanlar…

Bu arada bir haşiyə çıxaraq səfirliklərimizin bayraqlarımıza olan münasibətinə də toxunmaq istərdim. Ay yarım öncədən bütün dövlətlərin səfirliklərinə faks çəkilərək bayrağı yüksəltmək üçün rəsmi təmsilçi göndərmələri istəndmişdi. Və hamısı da göndərəcəklərini bildirmişdi. Ancaq son anda bəlli oldu ki, verdikləri sadəcə quru söz imiş. Qazaxıstanla Quzey Kıbrıstan başqa heç bir səfirlik nümayəndə göndərməmişdi. Hətta Azərbaycan səfirliyi faks çəkərək Rəşad Vahabzadənin gələcəyini bildirmişdi. Ancaq gəlib çıxmadı. Və nə yaxşı ki, başqa bir səbəbdən tədbirimizə qatılan Prof. Dr. Elçin İsgəndərzadə orada idi. Azərbaycan bayrağını göylərə yüksəltmək onun qismətiymiş. Elə öz bayrağına sahib durmayan hansısa bivec diplomatdansa Elçin bəy kimi dəyərli bir vətən övladının bu bayrağı yüksəltməsi daha yaxşıdır…

Azər Həsrət, İbrahim Demirtaş və Ayşə Demirtaş. Bu törənlərdə ən çox zəhməti keçən də elə İbrahim bəylə qızları Ayşə və Zəhradır.

Araz Elsəs coşqusu

Bayraqlar göylərə yüksəldikdən az sonra meydan ünlü ozanımız Araz Elsəsə verildi. Yer yerindən oynadı, ruhlar təzələndi, Çin səddindən Balkanlara qədər bütün türk dünyası anıldı. Arazın səsi ətrafa yayıldıqca meydandakı insanların sayı artmağa başladı. Artıq konsertin sonuna doğru meydanda iynə atsan yerə düşməzdi. Minlərlə insan Yeddi Dövlət – Bir Millət Bayraq Meydanını doldurmuşdu. Arazın səsi, sözü, sənəti sayəsində əlbəttə! Çox sağ ol, Araz qardaşım! Sən bizi qırmadın, heç bir şey ummadan dəvətimizi qəbul etdin, qrupunla birlikdə gəldin, əsl türk oğlu olduğunu, türk davasına sədaqətini bir daha sübut etdin! Sənə və qrupuna nə qədər təşəkkür etsək azdır!

İslam Musayev, Araz Elsəs və Azər Həsrət

Ödənişli millət sevgisi…

Daha bir haşiyə çıxaraq meydan açılışı öncəsi hazırlıqlarımız zamanı baş verən bir əhvalatı dilə gətirmək istərdim. Türkiyədəki dostlarım Araz Elsəslə birlikdə Azərbaycanın türk dünyası üçün önəm kəsb edən daha bir sənətçisini açılış mərasiminə dəvət etmək istəyirdilər. Mən həmin sənətçinin yardımçısı (prodüser deyirlər) ilə əlaqə saxlayıb dəvəti çatdırdım və xüsusi olaraq qeyd etdim ki, biz yalnız iki nəfəri şərəfləndirmək istərdik. Yardımçı bir az zaman istədi ki, sənətçiyə dəvəti çatdırsın. Təbii ki, dəvət edən tərəf olaraq qonağımızın gediş-gəliş, orada qonaqlama xərclərinin hamısı bizə aid olacaqdı. Bir müddət sonra yardımçı ilə yenidən əlaqə saxlayanda sənətçinin rəmzi məbləğdə honorar istəyəcəyini bildirdi. Hər halda rəmzi məsələ olduğu üçün düşündüm ki, yəqin bir manat, üç manat kimi nəsə bir şey olar. Dedim, tamam, öyrənin, xəbər verin, ona görə davranaq. Və öyrəndi! Qonağımız bizi “şərəfləndirmək” üçün beş min (!) lirə pul istəyirdi! Çaşıb qaldım düzü. Nə deyəcəyimi bilmədim və az sonra zəng edərək fikrimizi söyləyəcəyimi dedim. Təbii ki, bir daha bu sənətçi ilə əlaqə saxlamadım! Həm də utandım. Yəni biz ilk olan və tarixə düşəcək bir tədbirə dəvət etməklə bu sənətçini, özü də türk dünyasına və türk milliyyətçiliyinə bağlılığına şübhə etmədiyimiz şəxsi şərəfləndirmək fikrindəykən o, bunun üçün bizdən pul istədi! Elə isə bəs nə oldu türk birliyi, türk dünyası sevgisi?! Hamısı pula-paraya qurbanmı getsin?! Durum belə olunca dəyər verdiyimiz sənətçimiz Şəmistan Əlizamanlı ilə əlaqə saxlamaq istədim. Ancaq zamanımız o qədər az idi ki, bunu da edə bilmədik. Halbuki öncədən Şəmistan bəyi dəvət etsəydik daha doğru olardı…

Araz Elsəsin ardından Türkiyənin ünlü sənətçisi Orhan Hakalmaz səhnə aldı və konsert gecə yarısınadək davam etdi. Bir sözlə törənimiz çox möhtəşəm oldu.

Və Vang…

Gecə otelə döndüyümüz zaman öncə bir yemək yedik. Birlikdə. Bu arada yanımda oturan bir gənc diqqətimi çox cəlb edirdi. Yəni üzü o qədər tanış gəlirdi ki! Elə bil hardasa görmüşdüm. Və bəlli oldu ki, bu gənc Kanal D-də yayımlanan “Akasya durağı” dizisindəki Vang obrazının ifaçısı Bahadır Hakimdir! Biz ailəcə o dizini izləyirik. Və çox da sevirik! Və Vangı da çox sevirik! Həftədə bir dəfə efirə gedən dizi dünyanın dərd-sərindən bir anlıq qurtulmaq üçün bizə yardımçı olur. Bahadırla dərhal bir şəkil çəkdirdim. Bəlli oldu ki, əslən qazaxdır və Türkiyədə doğulub. Bir zamanlar Qazaxıstanı tərk etmək zorunda qalmış ailənin çocuğudur. Nə xoş təsadüf, deyilmi?

Bahadır Hakim və Azər Həsrət

Gecə gec saatlara qədər Araz Elsəs, İTV-nin çəkiliş qrupundan olan Dilqəm Mirzəyev və müxbir Rəhimə Mirzəyeva ilə uzun-uzun söhbət etdik. Yalnız saat 3-dən sonra yatmağa gedə bildim və səhər saat 6-da qalxıb gəmiyə yollandım. Mənimlə birlikdə İstanbula gedən dostları dərnək başqanımız İbrahim Demirtaş şəxsən yola saldı. Gəmiylə iki saat yol getdikdən sonra İstanbula çatdıq və burada dostlar məni hava limanına ötürdülər. Beləcə bayraq meydanı açılışı üçün getdiyim səfər sona yaxınlaşdı…

Gəmidə xatirə şəkli

Yenə də rus dili…

AZAL-ın uçağına minib Bakıya yollandıq. Uçaqdakı monitorlarda bilgilərin yalnız rus və ingilis dillərində verilməsi təbii ki, yenə də çaşqınlıq yaradırdı. Yəni İstanbuldan Bakıya uçan uçaqda ruscanın nə işi var ki? Hələ bura uçaq bələdçilərinin öz aralarında və bəzən də yolçularla rusca danışmasını əlavə etsək?…

Və əsəbi Vətən…

Bakıda uçaqdan endim. Sərhəd nəzarətini keçib adətim üzrə yaşıl gömrük zolağına yollandım. Həmişə olduğu kimi yenə də düşünürdüm ki, indi özünü tanımazın biri qarşımı kəsib məni yoxlayacaq. Elə də oldu. Üz-gözündən dünənki uşaq təsiri bağışlayan bir gənc yoxlamadan keçməli olduğumu dedi. Əsəbləşdim təbii. Onda mənə izah etdi ki, bu, “kontrolnı reys”dir. Bir az əsəbləşəndən, bunlara yaşıl zolaq fəlsəfəsindən danışandan sonra hirsli bir şəkildə hava limanından çıxdım. Vətən məni həmişə olduğu kimi belə qarşıladı. Özü də əlimdə yük olsa bəlkə də yoxlamaqlarını anlamaq olar. Di gəl əlimdə tək bir kiçik portfel, içində də kompüterlə fotoaparatdan başqa heç bir şey yox idi. Yeri gəlmişkən deyim ki, hər zaman mən Cahangir Əsgərov və ortaqlarının bu obyektindən belə əsəbi çıxıram. Hələ qapı ağzında adamın üzərinə cuman taksiçiləri demirəm! Bu qədər ölkələr gəzdim, bu rəzaləti heç yerdə görmədim! Demək ki, ölkəmizin pulu, iqtisadiyyatı, hər şeyi var, ancaq bunları idarə edəcək adamlar yerində deyil! Lap elə yaşıl gömrük zolağında ədəbsiz bir şəkildə adamın qarşısını kəsən ünsürlər kimi!

Artıq 3-cü gündür günəşin altında qovrulan maşınımı götürüb hava limanından uzaqlaşdım. Maşına yaxınlaşanda da bir dilənçi zəhləmi tökdü ki, gedəndə nəzir deyirsiniz, gələndə vermək istəmirsiniz. Buna da çaşıb qaldım. Elə bil ki, ona söz verib sözümdən qaçmışdım…

Hər şeyin acığına təşəkkürlər…

Və son olaraq, Yeddi Dövlət – Bir Millət Bayraq Meydanının açılışında əməyi keçən hər kəsə təşəkkür etmək istərdim. Doğrudan da biz çox böyük bir işə imza atdıq və bunun davamının gələcəyinə şübhəmiz yoxdur. Bir də Rəşad Sevər adlı Azərbaycanlı tələbəyə təşəkkür etmək istərdim ki, mənə şəkillərin çəkilməsində yaxından yardımçı oldu…

Bayraqlar yüksəldilməzdən öncə gənclərlə şəkil (solda: Rəşad Sevər)

Oxunma sayı: 23784
Share

7 Comments to "Türk birliyi, AZAL-ın ruscası və s. haqqında… (Fotolar)"

  1. Ulviyye's Gravatar Ulviyye
    12 July 2010 - 14:49 - 14:49 | Permalink

    ***Azer muellim, sefer xatirleri oxumaq menim ucun hemishe maraqli olur. Yaziniz cox xoshuma geldi. ama sonda bilirsiz neyi dushundum? guneshin altinda 3 gun qalmish mashina nece eyleshe bildiniz? :)))

    ***”Elə bil ki, ona söz verib sözümdən qaçmışdım…”

    ***Azer muellim, mence, o remzi meblegde honorar isteyen mugenninin adini chekib onu ifsha eleseydiniz daha bele hal yashanmazdi. ne onun terefinden, ne de dilde turk, milletchi olanlar terefinden.

  2. hayat's Gravatar hayat
    10 July 2010 - 13:31 - 13:31 | Permalink

    Çox maraqlı ve tesirli bir sefername. Azer Bey, bura vetendir – Azerbaycandır. Amma, teessüf ki, vətənimizin adını uca tutmaq isteyenler milletin adını bulaşdıranlardan çok çok azdır. Bu azlığın artması arzusuyla!

  3. PERVANE AGAYEVA's Gravatar PERVANE AGAYEVA
    9 July 2010 - 13:59 - 13:59 | Permalink

    MEN VETENDEN XARICDE OLKEMIZI LAYIQLI TEMSIL EDEN HER BIR GENCIMIZLE FEXR EDIREM,ALLAH SIZLERI QORUSUN AMIIIIIIIIIIIIN

  4. İslam Musayev's Gravatar İslam Musayev
    8 July 2010 - 18:27 - 18:27 | Permalink

    Azer bey teessuratlarınızı cox gozel qeleme almıssınız.. gedəndə nəzir deyirsiniz, gələndə vermək istəmirsiniz. Buna da çaşıb qaldım. Elə bil ki, ona söz verib sözümdən qaçmışdım…bu cumle menı hem guldurdu hem kovreltdı