Azər Əhmədov Azər Həsrətə cavab verdi

Azər Həsrət və Azər Əhməd ov

Qənimət Zahid: “Deputat olmaq üçün Əli Kərimlini söyməyə ehtiyac yoxdur”

Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrətin neçə həftədir qəzetimizdə davam edən müsahibələri səs-küysüz ötüşmür. Müsahibənin girişində də qeyd etdiyimiz kimi, Azər Həsrətin AXCP ilə bağlı səsləndirdiyi fikirlər keçmiş silahdaşları arasında etiraza səbəb olub. Xüsusilə, Azər Həsrətin “AXCP mənə arxadan zərbə vurdu” sözləri və müsahibədə dediyi bəzi fikirlər “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədovun etirazına səbəb olub. Azər Əhmədov redaksiyamızı arayaraq fikirlərinin dərc olunmasını xahiş edib: “Azər Həsrət doğru danışmır. Biz onu dediyi formada “Azadlıq” qəzetinin binasından çıxarmamışıq. Azər Həsrət müqavilə vaxtı bitdiyi üçün və kirayə ödəməyə imkanı olmadığı üçün bizdən bir il vaxt istəyib. Həmin bir il vaxtı pulsuz qərargahda oturub. Sonra yüksək məbləğdə qrantlar almasına baxmayaraq, yenə imkanlarının olmadığını söyləyib və əlavə iki ay da vaxt istəyib. O iki ayı da vermişik Azər Həsrətə. Yalnız həmin iki aylıq müddətin bitimində heç bir narahatçılıq yaratmadan binanı tərk etməsini istəmişik. Bunu illər sonra Azər Həsrət nə məqsədlə qabardıb, niyə xatırlayıb, nə üçün AXCP-ni hədəfə çıxarıb, doğrusu, mən bilmirəm və sizi də onun fikirlərini tirajladığınıza görə qınayıram”.

Doğrusu, Azər Əhmədovun bizə iradını başa düşməsək də, Azər Həsrətin müsahibəsində səsləndirdiyi fikirlərə görə, qarşı tərəf kimi münasibətini yayınlamağı normal hesab etdik. Biz qəzet olaraq hər kəsin fikirlərini yayınlayır, qarşı tərəfin də mövqeyini dərc edirik.

Azər Əhmədovdan sonra Qənimət Zahidlə danışdıq. Qənimət bəyin fikirləri qısa oldu: “Deputat olmaq üçün Əli Kərimliyə söyməyə nə ehtiyac var? Adam deputat olmaq istəyirsə, getsin deputat olsun da…”

Etiraza səbəb Azər Həsrətin ötən sayımızda yayınlanan müsahibəsinin bu sözləridir: “… ağır gündə idim, ayağa durmaq üçün zamana ehtiyacım vardı. O zamanı əldə etməli olduğum bir vaxtda mənə “Azadlıq” qəzetindən ultimativ şəkildə bəyanat verdilər ki, binanı tərk etməlisən. Soruşdum ki, necə? Dedilər ki, bu otaq bizə lazımdır. …Dedim mənə bir az vaxt verin. …Avadanlığım çox idi və mən xeyli sayda ofis avadanlıqları yığmışdım. 45-50 kv2-lik otaq idi. İki gün keçəndən sonra Azər mənə zəng vurdu ki, qardaş, saat 2-yə kimi otağı boşaltmaq lazımdır. Qaçaraq… Ən pis vaxtımız idi …və qərargahdan ultimativ şəkildə çıxarıldım. Avadanlıqlarımın hamısı da dağıldı getdi, məhv oldu. Mənə sanki arxadan zərbə vuruldu, badalaq vuruldu. Mən də səsimi kəsib çıxıb getdim”.

Xatırladaq ki, Azər Həsrətin müsahibəsi hələ davam edir.

XuralTAC

Qaynaq: Xural qəzeti, 11-17 iyul, 2010

Azər Həsrətin cavabı: Bu siyasi kəsim ən pis günümdə mənə ağır zərbə vurub

Sözügedən müsahibə:

1-ci hissə: 30 İyun Türk dünyası üçün örnəkdir!
2-ci hissə: Tac Mahalı da sevgi tikib!
3-cü hissə: AXCP mənə arxadan zərbə vurdu
4-cü hissə: Həqiqətən də loyallaşmışam

5-ci hissə: Başımızda Heydər Əliyevin yumruğu olmalıydı!

Oxunma sayı: 17698

1 Comment to "Azər Əhmədov Azər Həsrətə cavab verdi"