Bu siyasi kəsim ən pis günümdə mənə ağır zərbə vurub

Azər Həsrət

Azər Həsrət: “Keçmiş həmkarlarımla mübahisə etmək istəməzdim, ancaq cavab vermək zorundayam”

“Hər şeydən öncə onu deməliyəm ki, istər Azər Əhmədov, istərsə də Qənimət Zahid mənim müsahibəmi ya diqqətlə oxumayıb, ya da oxusalar da tam anlaya bilməyiblər. Mən orada deyirəm ki, 2005-ci il seçkilərindən sonra doğrudan da pis durumda idim. Yəni əlimdə param yox, imkanlar tükənmiş və ayağa qalxmam, özümü toparlamam üçün bir müddət zamana ehtiyacım vardı. Əlbəttə ki, belə bir zamanda eyni siyasi cəbhədə olanların bir-birinə dəstək verməsi lazım idi. Ancaq adı çəkilən şəxslər və onların mənsub olduğu siyasi qüvvə məni küçəyə atdı. Əgər bu belə deyilsə, buyurub desinlər ki, belə deyil. Qaldı ki, Azər Əhmədovun gətirdiyi “sübutlara”, onların sadəcə olaraq əsası yoxdur. Ona görə ki, mən nə 2005-ci il seçkiləri zamanı, nə də ondan sonra keçən beş il ərzində heç yerdən və heç kimdən qrant almamışam. Qazandığım yalnız dəvət edildiyim seminarlardan aldığım honorar, yaxud da hazırda da məşğul olduğum tərcüməçilik  və ekspert fəaliyyətindən əldə etdiyim gəlirlərdir. Yəni adaşımın dediyi kimi o dövrdə yüksək məbləğdə qrant almamışam. İş ondadır ki, mən ümumiyyətlə heç bir zaman yüksək məbləğli qrantlar almamışam. Onun mənim qərargahda pulsuz oturmaq üçün vaxt istəməyim haqqında dedikləri doğrudur və buna heç müsahibəmdə də irad yoxdur. Mənim irad tutduğum şey sadəcə ən pis günlərimdə mənə dəstək olacaqlarına daha da pis duruma düşməm üçün atdıqları addımdır. Yəni hətta mənim onlara borcum olsaydı belə ümumi durumu nəzərə alaraq onlar məni küçədə qoymamalıydılar. Özü də ultimativ şəkildə. Üstəlik onu da nəzərə alaq ki, həmin otaq sonradan aylarla toz basmış şəkildə boş qaldı. Halbuki mən onlara demişdim ki, kiməsə icarəyə vermək istədiyiniz an dərhal çıxmağa hazıram. Yaxud da heç olmasa bir həftə vaxt verin ki, özümə yer tapım. Həm də bizi birləşdirən sadəcə hansısa icarə haqqı deyildi ki. Biz bir cəbhədə mübarizə aparırdıq və döyüləndə də, söyüləndə də, həbs olunanda da birlikdə idik. Misal üçün, 2005-ci ilin məlum fevral hadisəsi zamanı Azərlə Qəniməti demək olar ki, kimsə müdafiə etmək istəməzkən mən sinəmi qabağa vermişdim. Yəni biz mübarizə yoldaşı idik və dar günündə mübarizə yoldaşına qarşı bu cür davrananları, yumşaq desək, anlamaq elə də asan məsələ deyil.” Bu sözləri Xural qəzetinin 11 iyul 2010-cu il tarixli sayında getmiş “Azər Əhmədov Azər Həsrətə cavab verdi” adlı yazıya münasibət bildirən Yeddi Dövlət – Bir Millət Konseyi başqanı Azər Həsrət deyib.

Azər Həsrət bu məsələni niyə indi qabartmasına da aydınlıq gətirib: “Neçə illərdir məni tanıyan adamlar soruşurlar ki, sənin “Azadlıq”dan və AXCP-dən uzaqlaşmağın nə səbəbdən baş verib? Mən də bu suala cavab verə bilmirəm. Çünki mənə Azər Əhmədovun indi söylədiyi fikirləri hələ bu günə kimi kimsə deməyib. Üstəlik, ard-arda AXCP-yə aid olan şəxslər barəmdə sağda-solda yalan məlumatlar yaymaqla məşğul olub. Bu azmış kimi ölkənin bəzi rayonlarındakı siyasi müxaliflər mənim Əli Kərimliyə böyük miqdarda pul atdığım üzündən oradan uzaqlaşdırıldığım barədə məlumatların sızdırıldığını deyirlər. Ona görə də mən məcbur olub bu məsələyə aydınlıq gətirməli oldum. Yəni ictimai-siyasi çevrələr bu məsələni öyrənməkdə maraqlıdır, mən də aydınlıq gətirmişəm və kimsəni də hədəfə aldığım yoxdur”.

Qənimət Zahidin “Deputat olmaq üçün Əli Kərimliyə söyməyə nə ehtiyac var? Adam deputat olmaq istəyirsə, getsin deputat olsun da…” fikrinə də münasibət bildirən Azər Həsrət deyib: “Açığı başa düşə bilmirəm ki, Qənimət bəy mənim Əli Kərimlini söydüyümü harda görüb. Özü də deputat olmaq üçün söydüyümü. Üstəlik də kim ona deyib ki, deputat olmaq üçün Əli Kərimlini söymək lazımdır? Mənim bildiyim qədərincə deputat olmaq üçün xalqdan səs almaq lazımdır. Yaxud da elə Qənimət bəyin anlayacağı dildə hakimiyyətin dəstəyini almaq lazımdır ki, burada da Əli Kərimlinin söyülməsinin işə yarayacağını heç ağlıma da gətirmirəm”.

Azər Həsrət onu da bildirib ki, bu polemikanın davamını arzu etmir: “Sadəcə fakt odur ki, bu siyasi kəsim ən pis günümdə mənə həqiqətən də ağır zərbə vurub. Özü də onların yolunda hər zaman can qoyduğumu nəzərə almadan. Bunun adının nə olduğunu isə qoyun oxucular desinlər”.

Xuraldakı yazı:Azər Əhmədov Azər Həsrətə cavab verdi

Oxunma sayı: 8811
Share

3 Comments to "Bu siyasi kəsim ən pis günümdə mənə ağır zərbə vurub"

  1. Siyab Məmmədli's Gravatar Siyab Məmmədli
    14 July 2010 - 19:10 - 19:10 | Permalink

    Azər bəy, mən nə Azər Əhmədovu, nə də Qənimət Zahidi şəxsən tanıyıram. Ancaq hər ikisinin imzasına hörmətim var və Qənimət bəy həbsdə olduğu dövrdə onun tezliklə azadlığa çıxmasını arzulayanlardan biri də mən olmuşam. Səni isə yaxından tanıyıram, dostlarına, cəbhədaşlarına sədaqətinə də bələdəm və bu gün sənin çevrəndə bu cür söz-söhbətlərin yer alması məni qətiyyən təəccübləndirmir. Müxalifət meydanında kimin kimə sədaqəti, sayğısı qalıb ki! Düşməni dostlar arasında axtaranlar qırmadımı xalqın ümidini? İndi nədir sənin umduğun? Bu polemikanı davam etdirmək arzusunda olmadığını bildirir və deyirsən ki, ” bu siyasi kəsim ən pis günümdə mənə həqiqətən də ağır zərbə vurub. Özü də onların yolunda hər zaman can qoyduğumu nəzərə almadan. Bunun adını qoyun oxucular desinlər”. Azər bəy, oxucuların üstünə atmayın və bunun adını elə özünüz deyin, çünki ən düzünü özünüz bilirsiniz. Mən sizin sədaqətinizə də, siyasi səbatınıza da, deputat olmaq üçün düzgün yola yolçuluq etmək iqtidarınıza da bələdəm və sədaqətli insanların əhatəsində mübarizə yolunda sənə uğurlar diləyirəm!

    Siyab Məmmədli