Azər Həsrət: Güney Azərbaycan problemi təkcə Azərbaycan türklərinin deyil, bütün türk dünyasının problemidir

Yeddi Dövlət Bir Millət Kültür və Dayanışma Dərnəyinin Türk Cümhuriyyətləri üzrə baş təmsilcisi, www.yalquzaq.com resursunun rəhbəri, tanınmış jurnalist Azər Həsrətin GÜNAZ.TV Mətbuat Xidmətinə verdiyi müsahibəni sizlərə tədqim edirik.

– Salam, Azər bəy, xöş gördük Sizi! İlk öncə oxucularımıza təmsil olunduğunuz qurum haqqında bilgi vermənizi istərdik.

– Mənim Türk Cümhuriyyətləri üzrə baş təmsilçisi olduğum Yeddi Dövlət Bir Millət Kültür və Dayanışma Dərnəyi 2009-cu ilin yanvar ayından etibarən Türkiyənin Bursa şəhərində fəaliyyətə başlayıb. Bu qurumun əsas məqsədi Avropa Birliyi tipində Bağımsız Türk Dövlətləri Birliyinin ən qısa zamanda qurulmasına yardımçı olmaq, bunun üçün aşağılarla, yəni sadə Türk insanlarıyla iş aparmaqdır. Əlbəttə ki, biz bu çalışmalarımız zamanı insan haqları, demokratik dəyərlər, dövlətlərin suveren hüquqları, bərabərlik və qardaşlıq kimi önəmli məsələləri də diqqətdən kənar qoymuruq. Yəni bizim fikrimizcə, qurulacaq olan Bağımsız Türk Dövlətləri Birliyində bütün Türk dövlətləri bərabər hüquqlarla təmsil olunmalıdır. Dərnək artıq Türkiyənin ayrı-ayrı vilayətləri ilə yanaşı bir çox ölkələrdə də öz təmsilçilərini təyin edib. Mən isə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan sorumlu baş təmsilçi vəzifəsini icra edirəm. Kuzey Kıbrıs Türk Cümhuriyeti və Türkiyədən sorumluluq isə dərnəyin Bursadakı baş qərargahına aiddir. Bu cür bölgü daha çox mənim Orta Asiyadakı qardaş ölkələrlə yaxın əlaqələrimin və onlarla iş təcrübəmin olmasından irəli gəlir.

– Bu gün Türk Dünyasının içində gedən integrasiya Sizi qane edirmi?

– Əlbəttə ki, tam olaraq hə demək olmaz. Ancaq on il bundan öncəsi ilə müqayisə etsək, bir sıra irəliləyişlərin və Bağımsız Türk Dövlətləri Birliyi qurulmasına xidmət edən qəti addımların atıldığını müşahidə edə bilərik. Elə ən son gəlişmələrə diqqət etsək, görərik ki, artıq buzlar əriməyə, gerçək addımlar atılmağa başlayıb. Xüsusi olaraq vurğulamaq istərdim ki, bu ilin sentyabrında Bakıda keçirilən TürkPA toplantısı və sonucda bu qurumun baş katibinin təyin edilməsilə Bakı şəhərində mərkəzi qərargahının faktiki qurulması, ardından da qədim Azərbaycan diyarı Naxçıvanda Türk Zirvəsinin keçirilməsi və onun konkret qərarlarla sonuclanması artıq integrasiya məsələlərində ciddi irəliləyişlərdən xəbər verir. Yəni bu cür zirvələr əvvəllər də olub. Ancaq Naxçıvan zirvəsində artıq üzv ölkələrin üzvlük haqqı ödəməsi barədə qərarın alınmasının, Azərbaycan prezidenti İlham Əliyevin Türksoy Fondu, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Türksoy Akademiyasının qurulması təkliflərini irəli sürməsinin özü də çox ciddi integrasiya meyllərindən xəbər verir. Buraya ayrı-ayrı ictimai-siyasi qurumlar arasındakı yaxınlaşma cəhdlərini, qarşılıqlı fəaliyyətləri də əlavə etsək, doğrudan da integrasiya prosesinin getdiyini görmüş olarıq.

– Bildiyimiz qədər Siz bu günlərdə Qazaxıstanda keçirilən konfransdan qayıtmısınız. Səfərinizin məqsədi nə idi?

– Bəli, ötən həftənin sonunda (11-14 noyabr, 2009) mən Qazaxıstanın əski başkəndi Almatıda səfərdə olmuşam. Buraya mərkəzi həmin şəhərdə yerləşən Türk Xalqları Mədəniyyətləri Vəqfinin başqanı Əhməd Dağduranın dəvətlisi olaraq getmişdim. Dəvətə səbəbsə Almatıda keçirilən iki günlük konfransda iştirakımın arzu olunması idi. “Türk dünyasının bugünkü aktual problemləri” adlı elmi-praktik konfransda 15 ölkədən 150-dək nümayəndə iştirak edirdi. Burada ümumi ərazisi 16 milyon kvadrat kilometr olan Türk dünyasının problemləri və onlardan çıxış yolları haqqında ciddi müzakirələr aparıldı. Azərbaycanın qəlb yarası olan Dağlıq Qarabağ və erməni işğalı, Güney Azərbaycan türklərinin çəkdiyi çilələr, Borçalıdakı Azərbaycanlıların ciddi ayrıseçkiliklə üzləşməsi, Krımdakı qardaşlarımızın üzləşdiyi ayrıseçkilik və basqılar, Batı Trakya türklərinin milli haqlarının daim gözardı edilməsi, Bolqarıstan türklərinin daim şovinist bolqarların təsiri altında saxlanması, Tatarıstan və başqa Türk respublikalarına qarşı Rusiyanın yürütdüyü əritmə və qorxutma siyasəti və ən başlıcası da qırmızı Çin kommunist rejiminin Doğu Türküstandakı qardaşlarımıza qarşı törətdiyi insanlıq dışı cinayərtlər ətrafında ciddi müzakirələr getdi. Mən öz çıxışımda bu məsələləri əhatə edən görüntülü təqdimat nümayiş etdirdim. Burada Krımda müsəlman türklərə aid qəbirlərin dağıdılması, II Dünya Savaşında qəhrəmanlıq göstərən Azərbaycan əsgərlərinə qoyulan abidənin bir erməni tərəfindən dağıdılmasına cəhd, Batı Trakyada cami ərazisinə kilsə tikilməsi, Borçalıdakı Azərbaycan kəndlərində xaçların ucaldılması və Faxralı kəndində məscidin təmirinə gürcü keşişlərin mane olması, Doğu Türküstanda uyğurlara tutulan divan, Bolqarıstan Milli Televiziyasındakı cəmi on dəqiqəlik türkcə xəbərlərin qadağan edilməsi üçün imza toplanması və s. məsələlər öz əksini tapmışdı.

– Konfransda Türk dünyasının tanınmış insanlarından kimlər iştirak edirdi?

– Bu konfransda uzun zamandır adını eşidib üzünü görmədiyim çox dəyərli Türk insanları iştirak edirdi. Onların sırasında xüsusi olaraq Krım Tatar Milli Məclisi Xarici Əlaqələr Bölməsinin rəhbəri Əli Hamzin, Türk Xaqları Assambleyasının başqanı Ermentay Sultanmurad, Dünya Uyğur Qurultayı başqan yardımçısı Qəhrəman Kocamberdi, yuxarıda adını qeyd etdiyim Əhməd Dağduran, Uluslararası İnsan Haqları Avrasya Federasyonu başqanı Abdullah Buksur, TÜRKSOY İdari, Maliyyə və Hüquqi İşlər Dairəsi başqanı Sancar Mülazımoğlu, Daşkənddəki Ortatürk-Anatürk Dili İnstitutunun direktoru, professor Bəxtiyar Kərimov və onlarla dəyərli insan iştirak edirdi. Yeri gəlmişkən deyim ki, adını çəkdiyim və çəkmədiyim bu cür insanların hər biri ilə ayrı-ayrılıqda görüşüb geniş söhbətlər də etdim.

– Hazırda Türküstanda (Orta Asiyada) türk birliyi ideyasi neçə qarşılanır və yerli əhalinin bu məsələdə əhval ruhiyyəsi hansı səviyyədədir?

– Suala cavab verməzdən öncə onu deyim ki, mən uzun müddətdir ki, Orta Asiyaya gedib gəlirəm. Həmişə də növbəti dəfə ora gedəndə əvvəlkiylə müqayisədə milli özünüdərk məsələlərində hansı fərqlərin olduğunu özüm üçün aydınlaşdırmağa çalışırdım. Əgər əvvəlki gedişlərim zamanı bu proses bir qədər zəif təsir bağışlayırdısa, indi xeyli ürəkaçan mənzərə yaranıb. Yəni təkcə Qazaxıstanın özündə insanlar özlərinin türk olduqlarını demək olar ki, tam olaraq anlamış durumdadırlar və türk birliyi qurulmasının qaçılmaz olduğunu dilə gətirirlər. Hətta bizim Türkiyədən olan dostlarımızla söhbətlərimizdə belə bir fikir səsləndi ki, türk birliyini qurmağa Azərbaycan və Türkiyədən daha artıq Orta Asiya türkləri hazırdırlar. Yəni bu yöndə elə bir inkişaf baş verib ki, insan sevindiyindən nə edəcəyini bilmir. Demək istədiyim odur ki, artıq qazaxlar, qırğızlar, özbək və türkmənlər birmənalı şəkildə türk birliyini istəyirlər və bunun üçün hökumətlərimizin bir qədər daha sürətli hərəkət etməsinə ciddi ehtiyac var.

– Türküstan insanının Dağlıq Qarabağ məsələsində mövqeyi nədən ibarətdir?

– Bu suala bir misalla cavab vermək istərdim: Almatıda fəaliyyət göstərən Uyğur Mədəniyyət Mərkəzinin icraçı direktoru Karlen Maxpirov bizə danışırdı ki, oradakı ermənilər bu yaxınlarda uyğurları da özlərinin bir tədbirinə dəvət edibmiş. Karlen deyirdi ki, ermənilərin Azərbaycan torpaqlarını işğal etməsinə etiraz əlaməti olaraq biz həmin tədbirə getmədik. Ermənilər sonradan bizə deyəndə ki, Azərbaycandan sizə nə var, biz Azərbaycanı da ana yurdumuz, öz torpağımız sandığımızı bildirdik.

Baxın, yuxarıdakı tək bir misal Türküstan insanının işğal olunmuş Azərbaycan torpaqları məsələsinə tipik münasibətinin ən yaxşı göstəricisidir. Yəni oralardakı insanlar da bizim acılarımızı eyni dərəcədə paylaşır və bizim kimi Qarabağın işğaldan qurtuluşu üçün hər an döyüşə atılmağa hazırdırlar.

– Azər bəy, təmsilçisi olduğunuz dərnəyin Güney Azərbaycan məsələsinə baxışı nədən ibarətdir?

– Güney Azərbaycan məsələsi bizim ən ciddi şəkildə diqqətdə saxladığımız iki məsələdən biridir. Bu məsələlərdən digəri Doğu Türküstandır. Bizim, əlbəttə ki, Güney Azərbaycanın gələcək taleyi ilə bağlı yanaşmamız olduqca konkretdir. Yəni biz düşünürük ki, dünyanın heç yerində sayı 30 milyonu aşan bir millətin ana dilində məktəblərinin olmaması normal bir şeydir. Yaxud da ki, bir ölkənin vətəndaşlarının yarısını təşkil edən Güney Azərbaycan türklərinin daim farslar tərəfindən aşağılanması da barışa biləcəyimiz hal deyildir. Ona görə də dərnək olaraq bu insanlarımızın hüquq və azadlıqlarının, həm də mənafelərinin digər türk dövlətləri tərəfindən də qorunmasının vacibliyinə inanırıq. Yəni bizə görə, Güney Azərbaycan problemi təkcə Azərbaycan Respublikasının və güneylilərin özlərinin deyil, bütün türk dünyasının problemidir.

– Bir jurnalist olaraq bu məsələnin həllini necə görürsünüz?

– Əlbəttə ki, mənim Güney Azərbaycan məsələsinə həmişə fərdi baxışım da olub. Bilirsiniz ki, bu məsələnin həlli üçün bir neçə konsepsiya irəli sürülür. Biriləri İranın Qərb standartlarına uyğun demokratikləşdirilməsini, başqaları federallaşmasını, üçüncülər isə Güney Azərbaycanın ümumiyyətlə İrandan ayrılıb Azərbaycan Respublikasına birləşməsini müdafiə edirlər. Mən də sonuncuların sırasında yer tuturam. Yəni mənə görə, Güney Azərbaycan Quzeylə birləşib başkəndi Təbriz olan vahid dövlət qurarsa, İranın digər hissələrində qalan türklər də bunun hesabına nicat tapa bilər.

– Sonda Sizə suallarımızı cavablandırdığınıza görə öz təşəkkürümüzü bildiririk və gələcək işlərinizdə uğurlar arzu edirik.

– Mən də sizə Güney Azərbaycan məsələsi və bütövlükdə Türk Dünyasına xidmətlərinizdən dolayı təşəkkür edirəm.

Söhbətləşdi: Elnur Eltürk

Qaynaq: GünAz.TV

Oxunma sayı: 7522
Share