Danışıqlar dayandırılmalı, D.Qarabağa da heç bir status verilməməlidir!

Azər Həsrət

Bakı, Yalquzaq.com, 18.07.2010 – “17 iyul 2010-cu il tarixində Qazaxıstanın Almatı şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında iki ölkə arasındakı münaqişənin tənzimlənməsi ilə bağlı aparılan danışıqlarda erməni tərəfinin yenidən cığallıq etməsi və hər hansı konstruktiv ünsiyyətə hazır olmaması bir daha onu sübut edir ki, bu işğalçı ölkə təmasları yalnız vaxt udmaq üçün davam etdirir.” Bu fikir Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrətə aiddir. O, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun erməni həmkarıyla görüşdən dərhal sonra verdiyi bədbin açıqlamaya münasibət bildirərkən belə deyib.

“Azərbaycan münaqişənin tənzimlənməsi üzrə “Madrid prinsipləri”nə razılıq verməklə əslində işğalçı Ermənistana çox böyük güzəştə gedib. Lakin erməni tərəfi bundan daha da şirniklənərək öz istəyini, yəni Azərbaycan torpaqlarının bir hissəsini ilhaq etmə arzusunu sonadək həyata keçirmək üçün növbəti dəfə oyun pozanlıq edib. Görünür, Azərbaycanın güzəştlərə hazır olmasını elan etməsi işğalçı ölkənin rəhbərlərində onların olmayan gücünə inamı artırıb və bir az daha basqı edərlərsə bizdən istədiklərini ala biləcəklərini düşünmələrinə yol açıb. Bu isə ondan xəbər verir ki, Ermənistan dövlətinin başında duranlar normal məntiq və yeni dünya qaydalarını ya anlamır, ya da anlamaq istəmirlər. Nəticədə isə Azərbaycanın torpaqları düşmən tapdağında qalır, yüz minlərlə insan yurdsuz-yuvasız yaşamalı olur”, – deyə Azər Həsrət bildirib.

Konsey başqanı onu da qeyd edib ki, Azərbaycan dövlətinin dinc danışıqlara üstünlük verməsi heç də onun zəifliyindən irəli gəlmir: “Bu gün Azərbaycan ordusu dünyanın say-seçmə orduları sırasındadır. Azərbaycan dövlətinin təkcə orduya xərclədiyi vəsait Ermənistanın dövlət büdcəsindən belə artıqdır. Bundan başqa, yalnız Azərbaycan deyil, bütün Türk dünyasının gəncləri torpaqlarımızı Ermənistanın işğalından qurtarmaq üçün sevə-sevə canlarını verməyə hazırdırlar. Belə bir üstün durumdaykən Azərbaycanın Ermənistanla danışıqları dayandıraraq gücünü göstərməsinin zamanı çatmışdır”.

“Biz bir zamanlar Ermənistana güzəşt kimi Dağlıq Qarabağa ən yüksək özünüidarə statusu verməyə hazır olduğumuzu bildirəndə düşünürdük ki, qarşı tərəf bu mövqeyi düzgün dəyərləndirəcək. Ancaq ötən zaman onu göstərdi ki, ermənilər bizim bu xoş məramlı davranışımızı başqa cür dəyərləndirərək daha da üzərimizə gəlirlər. Elə isə biz onlara nəyə qadir olduğumuzu göstərmək üçün dərhal danışıqları dayandırmalı, Dağlıq Qarabağa hər hansı statusun verilməsindən vaz keçməli, Azərbaycan Konstitusiyasına tabe olmayan erməni millətindən olanları Dağlıq Qarabağ da daxil olmaqla ölkəmizin bütün ərazisindən xaric etməliyik. Biz inanırıq ki, Azərbaycanın ali baş komandanı Cənab İlham Əliyev aşağıdan gələn bu istəyə ən qısa zamanda uyğun cavab verəcək və səfərbərlik elan edərək Ermənistanın torpaqlarımızdan çıxarılması prosesinə başlayacaq”, – deyən Konsey başqanı Azər Həsrət fikrini “Ermənistanla danışıqlar dayandırılmalı, Dağlıq Qarabağa da heç bir status verilməməlidir!” sözlərini təkrarlamaqla bitirib.

Oxunma sayı: 5662