Millətçiliyin iltihabi forması

Qan Turalı

Qan Turalı

Jurnalistikada olduğum 5 ilin ilk vaxtlarında daha çox konkret şəxsləri hədəfə almışam. Buna görə də baş redaktorlarla hər zaman problemim olub. Lakin sonradan bu işdən əl götürdüm. Əlbəttə, konkret şəxslər haqqında yazmaq vacibdir, bunun lüzumunu inkar etmirəm. Lakin yazıları konkret bir şəxs üzərində qurmağın gərəksiz olduğu qənaətindəyəm.

Istisnalar hər zaman var, Azərbaycanda orijinal adamlar da hər zaman var, lakin bizdə sürü halda eyni düşüncəni bölüşmək kimi feodal adət də mövcuddur. Buna görə də xüsusi mövqeyi olmayan bir sürü insanı bir yazı ilə bitirmək daha gərəklidir.

Bu gün Azər Həsrətin bir fikrini tənqid etmək istəyirəm. Azər Həsrəti orijinal bir adam saymıram. Müxalifətdə olduğu zaman radikallığı belə orijinal deyildi. O, indi də orijinal deyil, lakin elə bir fikir işlədib ki… Bu fikri onlarla adam hər gün deyir, yazır. Bəs o nə deyib?

“Xural” qəzetinə müsahibəsində o elə belə də deyib: “Saparmurad Türkmənbaşı tarixdən gəlib keçmiş türk böyüklərinin hamısına heykəl qoydurub. Aşqabadda bir park saldırıb ki, orda bütün türklərin tarixi şəxsiyyətlərinin büstlərini qoydurub. Bu da Türk birliyi…. Daha nə lazımdır? Ola bilsin ki, bu ölkədə insan haqları pozulub. Mətbuatın hüquqları pozulur və s. Demək istəyirəm ki, o böyük fonda 5 nəfər jurnalistin həbs edilməsi, bir neçəsinin öldürülməsi, xaricə qaçıb sığınacaq almaları, bunların hamısı boş şeylərdir, xırda məsələlərdir. Elə Azərbaycan üçün də… Zamanında ağlımız işləsə idi və Heydər Əliyevin ətrafında toplaşa bilsəydik, onun qətiyyəti hesabına hansısa işləri görə bilsəydik, bəlkə də Azərbaycanda daha faydalı işlərlə məşğul olardıq. Halbuki enerjimizi faydasız şeylərə xərclədik”.

Budur, daha bir ziyanlı düşüncə…

Səhrada pinqvinlər üçün yuva tikməklə, baleti, operanı ləğv etməklə, yazdığı cızma-qaranı müqəddəs kitab elan etməklə bütün dünyanı Türk Dünyasına güldürən ölü diktator 5 büstlə “dava adamı” olur… 5 türkmən azyaşlı ilə münasibətdə olduğu zaman ürəyi dayanan diktator 5 büstlə “millətçi”mi olur? Türkmən xalqının azadlığını boğan, bu azadlıq üzərində özünə milyonlar səltənəti yaradan adam 5 büstlə təmizə çıxır. 5 büst qoyandan sonra jurnalisti tutmaq olar. Bax budur ziyanlı və xəstə millətçilik… Bax budur millətçiliyin fəsadı, onun ilthihablı forması.

Marksizm eybəcərləşərək, murdarlaşaraq bizim köhnə partokratları, indiki YAP-çıları necə yaradıbsa, millətçilik də fəsad verib Azər Həsrəti yaradır. Əlbəttə, mən Azər Həsrəti millətçi saymıram, saya da bilmərəm. Türkmən xalqını mənəvi və fiziki olaraq zorlayan adama qoyduğu 5 büstə görə bəraət verib türkmən xalqını gözardı etmək – xəstə təxəyyülün millətçiliyi bax budur.

Savaddan, istedaddan məhrum olan, pafosu yeganə istinad nöqtəsi olan, heç zaman rasional bir söz deyə bilməyib hər zaman kimlərisə təkrar edən bir adamdır Azər Həsrət….

Ömründə millətçiliyə aid bir kitab oxumamağı, ancaq özündən sitat gətirsə də, savaddan, istedaddan məhrum olduğu göz qabağındadır. Müsahibə boyunca Heydər Əliyevə mədhiyyə oxuyan keçmiş bəyə verilən sonuncu sual belədir: “Siz lap deputat kimi danışırsınız”. O bu suala “ürəkdən gülməklə” cavab verir.

Amma inanıram ki, noyabrın 8-i o, gülə bilməyəcək, çünki bu savadda olan adamları Milli Məclisə salsalar, Milli Məclisinin koridorları da dolar. Üstəlik, özünü təklif edənləri ora salmırlar. “Risk etməyən şampan içmir” – bu alman atalar sözüdür. Bizim atalar sözümüz isə belədir: “Ağa deyir sür dərəyə, sür dərəyə”.

Qaynaq: Azadlıq qəzeti, 21 iyul 2010

Bu yazıya cavabım: Oğru elə bağırdı ki…

Oxunma sayı: 6759

1 Comment to "Millətçiliyin iltihabi forması"