Oğru elə bağırdı ki…

Azər Həsrət

Azər Həsrət

Mən “Azadlıq” qəzetində uzun müddət deyilə biləcək bir zaman kəsimində yazar olmuşam. 1998-ci ildə müxbir kimi fəaliyyətə başlayıb sonradan köşə yazmağa başlamışam. Və bu, 2005-ci ilin sonuna qədər davam edib. Düz səkkiz il edir. Az müddət deyil…

2005-ci ilin sonunda “Azadlıq”la üzülüşəndən sonra bu qəzet demək olar ki, məni yad eləməyib. Yalnız bir neçə dəfə özlərinə sərf edən məsələlərdə məndən münasibət öyrəniblər. Mənim fəaliyyətlərim haqqında bir cümlə də olsun bu qəzetdə yer almayıb deyərdim…

Ancaq yer alıb demək də olar. Yalnız tənqid və bəzən də həddini aşıb təhqirə meyllənən yazılar olub. Adını çəkməyə belə layiq bilmədiyim birisi bir dəfə məni İlham Əliyevin prezidentliyini qanuniləşdirməkdə ittiham edirdi. Boş verməli oldum sonda. Çünki özünün təbirincə desək, “ali məktəbi bitirməsinə imkan verilmədiyi üçün” ali təhsili yox imiş…

Bir müddət sonra başqa bir yazıda məni “tənqid” etdilər. Birisi mənim Yeddi Dövlət – Bir Millət dərnəyi ilə bağlı fəaliyyətlərimi “tənqid” edirdi. Özü də bu “tənqidçi” həmin yazıdan az öncə hörmətli jurnalistlərimizdən birindən yazılı üzr istəmişdi ki, onun yazısını oğurlayaraq hansısa müsabiqəyə təqdim edib və yer tutubmuş. Bunu da boş verdim getdi. Yəni adı üstündə, mən bunun nəyinə bənd olum ki?…

İndi də biri peyda olub. Məni “tənqid” edir. Bəyan olunmuş adı Qan Turalıdır. Düzü, onun haqqında heç bir bilgim yox idi. Yazdığı və xüsusən də kontekstdən çıxarıb yazdığı məni bir qədər pəjmürdə etdiyindən bu adamın kimliyi ilə maraqlandım. Təbii ki, hər zamankı kimi ilk müraciət etdiyim ünvan İnternet oldu. Yəni bu adamın nə yeyib nə içdiyini, nəylə nəfəs aldığını öyrənmək üçün bundan kəsə yol düşünmədiyim üçün. Axtarış apardım. Önümə nələr çıxmadı, Allah?!

…İlk gözümə sataşan Gülnarə Rəfiqin 20 mart 2008-ci ildə “Bizim Yol” qəzetində dərc edilən “Qan Turalının oğurluğu” (elə belə də yazılıb! – A.H.) başlıqlı və ““Cinayətin dostları” irqinin tipik nümayəndəsi” alt başlıqlı yazısı oldu. Oxudum və mənə “sataşanın” kim olduğu haqqında ən ayrıntılı bilgini elə burdan aldım. Bəlli oldu ki, Qan Turalı adlı bu gənc Gülnarə Rəfiqin 23 fevral 2008-ci ildə dərc edilmiş yazısını nöqtə və vergülünə toxunmadan, öz adından hörmətli qəzetlərdən birində dərc etdiribmiş! Gülnarə Rəfiq bu məsələ haqqında yetərincə tutarlı fikirlərini qeyd etdikdən sonra yazır ki, Qan Turalı bəlkə də həqiqətən “sevdiyi qıza bir dəstə çiçək almaqçün oğurluq eləyib”. Daha sonra isə deyir ki, “mən Qan Turalının e-mailinə yazıb ona və onun kimilərə müharibə elan etmişəm. Naqisliklə, mənəviyyatsızlıqla, oğurluqla, səviyyəsizliklə müharibədə udacağımı da düşünmürəm. Amma yenə də kolleqadır, darda qoymaq olmaz. Qan Turalı, əgər sabah cibində yenə də pulun qurtarsa, çirkaba bulaşma. Mənim cılız müəllim maaşımdan sənə verəcək nəsə bir şey tapılar. Bu dəfə ağız açmağa utanma…” Düzü, bunu oxuyandan sonra Tanrıya üz tutub “nə yaxşı ki, mən Qan Turalı deyiləm” deyə şükür etdim. Belə sözlər mənim üçün çox ağır olardı…

Gülnarə Rəfiqin bu yazısından sonra bir az daha axtarış apardım. Və bəlli oldu ki, bu adamın işi-gücü elə üzdə olanlara çamur atmaq imiş. Ən çox çamur atdıqlarından biri də yazıçı Anarmış. İndi gəl bu adamdan “Anar hara, sən hara?” deyə sual etmə! Sonra gördüm ki, çox dəyərli ziyalımız Kamil Vəli Nərimanoğlu da bunun “tənqid” etdikləri arasındadır. Hələ bu harasıdır? Çingiz Aytmatovu da onun “tənqid obyektləri” sırasında görəndə artıq adamın nə yeyib nə içdiyini (və nə qusduğunu) anlamağım çətin olmadı…

Bir də önümə maraqlı bir sual-cavab çıxdı. Media Forum saytında 2009-cu ilin avqustunda dərc edilmiş sual-cavabda bu adamın verdiyi cavablar artıq onun haqqında qəti qərara gəlməyimə yetərli oldu. Buna sual verirlər ki, “eyni cinsdən olanların nikahına necə baxırsınız?” Cavabı çox lakonikdir: “normal baxıram“. Bir şey demirik, öz işidir…

Mən Azərbaycanın xoşbəxtliyini sosializmdə görürəm” deyən bu gəncə belə bir sual da verilib: “Həmişə Qan Turalıdan söhbət düşəndə mənim gözümün qabağına yazıçı Anar gəlir. Sanki bir növ Qan Turalı yazıçı Anarın kölgəsinə çevrilib. Olmazmı ki, biz Qan Turalını yazıçı Anara görə deyil, elə Qan Turalı olduğuna görə tanıyaq?” Verdiyi cavab bəlkə də özünə “orijinal” görünə bilər. Ancaq quş buraxdığını anlamadığı üçündür ki, belə cavab verib: “Mən altı aydır Anar Rzayev haqqında heç bir ayrıca yazı yazmamışam. Kölgəyə gəldikdə isə, qurumuş ağacların kölgəsi olmur”. Yəni bir zamanlar doğrudan da Anarın kölgəsinə sığındığını, indi isə Anarın “qurumuş ağac” olması üzündən kölgəsiz qaldığı üçün ondan yazmadığını deyir bu “istedadlı” gənc. Di gəl buna anlat ki, istər quru, istərsə də yaş olsun, ağacın hər zaman kölgəsi olur. Özü də Anar kimi nəhəng, köklü-gövdəli bir ağac ola. Digər tərəfdən də “dəvə nə qədər zəifləsə də təkcə dərisi bir eşşəyin yüküdür”. Anar nə qədər “tənqid” edilsə də onun qələminin mürəkkəbi bir deyil, min Qan Turalının çəkisi qədərdir…

Çəkidən söz düşmüşkən, həmin sual-cavabda başqa bir iri çaplı ziyalı ilə bağlı bir məsələ haqqında da soruşulur: “Kamil Vəli haqqında “Kult.az”dakı yazını oxudum. Hansı çəkinə, yaşına, başına yaraşıb ki, bu cür ziyalı barədə belə yazı yazırsan? Bu haqqı hardan, nəyinə güvənərək özündə görürsən?! Həddini bil! Qələmindən çıxanlara fikir ver”. Buradan da aydın olur ki, bu adam yetənə yetir, yetməyənə bir daş atır…

Başqa bir adamın da maraqlı sualı var: “Qan Turalının türk mətbuatından yazılar mənimsədiyi, köşə yazılarını borc alıb-verdiyi, bunu qonorar xətrinə etdiyi haqda şayiələr dolaşmaqdadır. Bir yazar kimi Qan Turalı radikal mövqedən çıxış edir, rüşvətxorları, əliəyriləri tənqid edir. Sizcə, buna mənəvi haqqınız çatırmı?”. Bu sualın ikinci hissəsi isə psixoloqlar üçün maraqlı ola bilərdi: “Sizin sakit, hətta utancaq təbiətli olduğunuzu söyləyirlər. Yazılarda bunun tam əksini görürük”. Bunu şərh etmək belə istəməzdim. Çünki dediyim kimi, psixoloq işidir bu…

Az qalsın unutmuşdum. Bu yazını yazmaq üçün dəyərli vaxtımı xərclədiyimə görə həqiqətən də təəssüf hissi keçirirəm. Bənd olmağa dəyəcək adam deyilmiş bu Qan Turalı. Yəni ən azından mənim kimi birisinin onun kimi birisinə bənd olması boşuna zaman xərcləməkdir. Bununla belə bu adam haqqında nə üçün yazdığıma da aydınlıq gətirməkdə yarar var. Dəyərli oxucuların hazırda oxuduğu yazımı Qan Turalının “Azadlıq” qəzetinin 21 iyul 2010-cu il tarixli sayındakı “Millətçiliyin iltihabi forması” adlı yazısına cavab olaraq yazacaqdım. Ancaq önümə çıxan “tapıntılar” məni başqa səmtə yönəltdi və sonda da düşünməli oldum ki, artıq bu adama cavab vermək mənə yaraşmaz. Necə deyərlər, adı üstündə, bu adamın kimliyi zatən göz önündədir. Ən yaxşısı onun yazdıqlarını da özündən öncəkilər kimi boş verim getsin…

Sadəcə olaraq, bu yazını yazmaq üçün xərclədiyim vaxtı Türkiyədən gələn qonağımızı Suraxanı Atəşgahına aparmağım və bütövlükdə bu tarixi abidə haqqında yazıya sərf edəcəkdim. Qaldı sonraya. Təəssüf ki, əlbəttə…

Və sonda. Deyəcəkdim ki, mənə çamur atılan sözügedən yazı “Azadlıq” qəzetinin mənsub olduğu siyasi kəsimin sifarişi əsasındadır, vicdanım yol vermədi (hərçənd birilərinin sifariş etdiyini də düşünməyə haqqım çatır). Çünki o kəsimdə ən azından öldürsən belə inandığından və sərbəstliyindən vaz keçməyəcək Xaliq Bahadır (baxmayaraq ki, mənə qarşı mənfi düşüncələri var), vicdanına heç zaman şübhə etməyəcəyim Rövşən Hacıbəyli (o da ötən il məni tənqid etmişdi, incimədim təbii), öz səmimiyyəti və təmizliyi ilə nümunə ola biləcək Həsən Kərimov var, mən ədalətsizliyə yol verə bilmərəm. Sadəcə olaraq bir şey məni ağrıdır. Öz ziyalılığı ilə hər kəsə nümunə olan Nəcəf Nəcəfovun həyata gətirdiyi “Azadlıq” qəzeti kimlərin əlində qalıb, Allah! Birisi başqasının yazısını oğurlayıb müsabiqəyə təqdim edir, digəri isə bəlkə də sevgilisinə gül almaq üçün başqa qəzetdə başqa müəllifin dərc etdirdiyi yazını öz adından hörmətli bir qəzetdə dərc etdirir… və sonra da belələri Azər Həsrətin üzərinə gəlir. “Gorun çatlasın, Nəcəf bəy!” deyəcəkdim, ancaq onun ruhuna hörmət əlaməti olaraq bunu etmirəm…

Oxunma sayı: 13781
Share

4 Comments to "Oğru elə bağırdı ki…"

  1. lala's Gravatar lala
    23 July 2010 - 17:07 - 17:07 | Permalink

    Ay ALmaz xanim , sizin deyerli dediyiniz shexsleri men gormurem bu gun. Hani onlar? Azerbaycanda ola bilerki elimli adamlar var, amma bu gun Azerbaycanda ziyali adinda kimse yoxdur. Siz ele danishirsiniz ki, guya ki biz bu olkede yashmiriq. Bir olkede ki rushvet en murdar shekilde inkishaf edibrse, hemin deyerli oqlanlarda bunu gorub susursa, onlara ziyali ve ya deyerli demek cox ayibdir mence. Bu bizim her birimize aiddir. Kimse ozunu kenerda saxlaya bilmez. Deyerli olmaq ucun ise heqiqetin gozune dik baxmaq lazimdir. Bunuda ki bizler hec bacarmiriq. Here ozu ucun bir heqiqet uyduraraq ozunu bununla siqortalayir. sadece bu gun biz sizlerden umuruq, ona gore ki, ozunuzu qabaqa verib bu xalqin deyerlileri adlandirirsizin.

  2. Almaz müəlimə's Gravatar Almaz müəlimə
    23 July 2010 - 11:12 - 11:12 | Permalink

    Yazını oxudum və dəhşətə gəldim. Bu Q.Turala mən insan deməzdim….Gedib halal zəhmətlə, beyninin məhsulunu bəhrəli və düzgün yazılar yazmağa sərf etməkdənsə (düzü buna savad lazımdır, görünür Tural da bundan məhrumdur), gör nə işlərlə məşğuldur. Belələrinin əlindən tariximiz də saxtalaşa bilər…Şükürlər ki, bu tip ünsürlər torpağımızda çox cüzidir.
    Hörmətli Lala xanım, sizin burada yazdığınız mövqe tamam başqa məcraya gedir. Əgər yazını tam oxumuşsunuzsa orada simasız yazar olan, adını da “jurnalist qoyan” birisinin özündən qat-qat yüksək zirvədə olanlara söz atmağından bəhs edilir. Belə bir misal var, böyük və dəyərli insanların ayaqqabılarının altına hərdən bir toz, çınqıl, saqqız ….. yapışanda həmin şəxsiyyət arada bir ayağının altını əlini belə vurmadan təmizləməli olur… Azər bəy kimi oğullara və digər dəyərli şəxsiyyətlərə deyilən çirkab sözlər də ayaqqabı altında qalmış o sadaladığım çirkli tozlardır… Ona görə də dəyərli insanların ayaqqabısının altında qalan “tozlar” elə həmin dəyərli şəxsiyyətlərin ayaqqabısının da altında olur, zaman geçdikcə, dəyərli insanlar yeridikcə, halal zəhmətlə zirvəyə qalxdıqca o “tozlar” özü-özlüyündə tökülüb yox olurlar… Ona görə də “……. yazsın, karvan keçsin”! Siz ey dəyərli şəxsiyyətlər öz dəyərli vaxtınızı həmişəki kimi səmərəli və bəhrəli işlərinizə sərf edin. Bu tip ünsürlərə fikir verməməyi məsləhət görürəm. Bizim çox gözəl ziyalılarımız var, onları da yalnız dəyərli və sağlam düşüncəli insanlar tanıyıb anlayar. Bu kriterilərdən məhrum olanlar nə yazıq ki, haradan bilsinlər ki, səxsiyyət nədir, dəyər nədir, Vətən nədir, millət nədir! Bu an bir məsəl yadıma düşdü: Deyilənə görə cəhənnəmdə 3 qır qazanı olur. Onun da yalnız birinin qapağı olmur. Deyilənə görə bu qır qazanından yalnız birinin ağzı açıq olur, bura yalnız azərbaycanlılar üçündür…Və deyilənə görə ona görə qapaqsızdır ki, oradakılar bir-birinin ayağından çəkməklə o qazandan heç birinin çıxmağına imkan vermirlər…. Sözümü deyirəm, yiyəsi anlayar məncə…

  3. lala's Gravatar lala
    22 July 2010 - 17:12 - 17:12 | Permalink

    men hec kimin terefini saxlamaq fikirinde deyilem, amma sizde aq yalanlari bize sirimayin. Yadinizda saxlayin ki, biz Azerbaycanda yashayir, kimin kim olduqunu siz yazarlardan yaxshi bilirik. Besdirin yalandan Anari terifliyib daq bashina qoyduqunuz. Ne yazici kimi, ne de deputat kimi o bu xalqa lazim deyil. Bu xalq bu gun cox passibdir, ona gorede de siz bundan istifade edib xalqin adindan danishirsiniz. Vaxt var idi ki, Anar Goycay rayonuna gelende onu ordan qovdular ki, senin kimi deputat bize lazim deyil (shexsen men onda orda idim). Yazici kimi de babat bir yazicidir. Yeni o yazici olmasa bele Azerbaycan edebiyyati hec ne itirmez. Azerbaycan xalqi bu gun ona gore bu gundedirki sizin kimilerin umudine qalib. Sizde ki bir birinize camur atmaqdan bashqa elinizden hec ne gelmir. vallah adam sizlere baxanda oz milletine nifret edir. Gorun adini ziyali qoyanlarimiz ne gundedir.

  4. Anar Ənvər's Gravatar Anar Ənvər
    22 July 2010 - 11:20 - 11:20 | Permalink

    bu yazını oxumağa başladığımdan beynimdə bir cümlə fırlanırdı-“Gör “Azadlıq” kimlərin məskəninə çevrilib”. Onu da sonda dəyərli müəllif özü dilə gətirdiyi üçün,artıq mənim nəsə deməyimə ehtiyac qalmır. O ki,qaldı Q.T.-a (və ya Qanturalı, və ya QanTural, və ya Qan-Tural-hər nəysə artıq.) özü kimi qələmə aldıqlarını da önəmsiz, mənasız, səviyyəsiz hesab edirəm. Belə birinə baş qoşmağa dəyməz.