“Qırğızıstanın Heydər Əliyev kimi qətiyyətli siyasətçiyə ehtiyacı var”

Azər Həsrət

Azər Həsrət: “Nə qədər ki, ciddi, qətiyyətli, sanballı şəxs hakimiyyət başına gəlməyib, bu ölkədə anarxiya baş alıb gedəcək”

Orta Asiyada yerləşən türk ölkəsi Qırğızıstanda vəziyyət yenidən qarışıb. Bir müddət bundan öncə köhnə hakimiyyəti devirərək yerinə gələn yeni hakimiyyət və keçid dövrünün prezidenti Roza Otunbayeva da Qırğızıstanda sabitliyi bərqərar edə bilmədi.

Belə ki, yenidən insanların küçələrə axışdığı, mitinqlər təşkil etdiyi və yeni hakimiyyətin istefaya çağırıldığı haqqında məlumatlar gəlməkdədir. Onu da qeyd edək ki, Qırğızıstandakı sabitliyin bərqərar olunması üçün türk dövlətləri də müəyyən addımlar atmırlar. Yəni oradakı hadisələrə türkdilli dövlətlərin soyuqqanlılığı başadüşülən deyil.

Qırğızıstandakı hadisələrin baş vermə səbəblərini “Şərq”ə şərh edən Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrət deyib ki, türk dünyası ölkələrinin hər hansında bir hadisə baş verdiyi zaman, türk dövlətləri dərhal müdaxilə etməlidirlər: “Yəni mən demirəm ki, türk dövlətləri ora qoşun salmalıdır və s. Sadəcə olaraq ölkədə durumun düzəlməsi üçün yardımlar edilməlidir. Amma təəssüflər olsun ki, Qırğızıstanda baş verənlərlə bağlı türk dövlətlərində susqunluq var. Düzdür, hansısa bəyanatlar verildi, kiçik həcmli yardımlar da edildi. Amma diqqət çəkəcək, situasiyanı dəyişə biləcək yardımlar olmadı. Əlbəttə ki, bu da narahatedici amildir. Türk dövlətləri və onların rəhbərlərinin bir araya gələrək müəyyən tədbirlər haqqında fikir mübadiləsi aparıb yekun qərar verməsi lazımdır”.

Hadisələrin yenidən başlamasına gəldikdə isə A.Həsrət deyib ki, Qırğızıstanda nə qədər ki, ciddi, qətiyyətli, sanballı şəxs hakimiyyət başına gəlməyib, bu ölkədə anarxiya baş alıb gedəcək: “Qırğızıstanın Azərbaycanın ümummilli lideri Heydər Əliyev kimi qətiyyətli bir siyasətçiyə ehtiyacı var. Əks halda Qırğızıstandakı bu qarşıdurmalar davam edəcək. Həmçinin bir səhv cəhət də ondan ibarətdir ki, Qırğızıstan referendum keçirdi, konstitusiyaya dəyişiklik edərək parlamentli respublikaya çevrildi. Hansı ki, Qırğızıstan üçün bu heç arzuolunan deyildi. Çünki Qırğızıstan kimi ölkələrdə tək əldən idarə olunan hakimiyyət daha effektlidir, nəinki çoxluğun demokratiyası. Çoxluğun demokratiyası artıq arzu olunmayan müzakirələrə, söz güləşinə və bunun sonradan meydanlara çıxmasına səbəb olur. O da nəticə etibarilə acınacaqlı sonuclara gətirib çıxarır. Məsələn, 1993-cü ildə Heydər Əliyev də hakimiyyətə gələndə ölkədə demək olar ki, Qırğızıstanda indi baş verən hadisələr yaşanırdı. Yəni burada da bəzi bölücü qüvvələr aktivləşmişdi, Azərbaycan torpaqları durmadan işğal olunurdu. Üstəlik də Rusiya bu məsələlərin içərisində açıq şəkildə oyun oynayırdı. Və Heydər Əliyevin qətiyyətliliyi, uzaqgörənliyi, siyasi situasiyalardan daha ustalıqla baş çıxara bilməsi bir neçə ilin içərisində Azərbaycanda xaosun aradan qaldırılmasına gətirib çıxardı. Demək olar ki, ölkədəki nəzarətdənkənar bütün qruplar zərərsizləşdirildi. Nəzarətdən kənarda qalıb nə isə etmək istəyənlərə də dərs oldu ki, burada dövlət var, dövlətin başında rəhbər var. Ona görə bu gün də Azərbaycanda o vaxt yaradılan sabitlik hökm sürür. İndi Qırğızıstanda da situasiyadan çıxmaq üçün qətiyyətli bir şəxsin hakimiyyətə gəlməsinə ehtiyac var. Mən demirəm ki, Roza Otunbayeva qətiyyətsiz siyasətçidir, zəifdir. Amma biz arzu edirik ki, o, qətiyyətini ortaya qoya bilsin. Yəni dövlətin başında dayanan şəxs ölkənin sabitliyi, təhlükəsizliyi naminə lazım gəlsə pozuculuqla məşğul olan qrupların başını əzməyi də bacarmalıdır. Hələ ki, Qırğızıstanda bunu görmürük. Ona görə də mən yaxın vaxtlarda orada sabitliyin bərqərar olunacağına o qədər də ümidli deyiləm”.

Anar Bayramoğlu

Qaynaq: Şərq qəzeti, 29 iyul 2010

Oxunma sayı: 7128
Share