Etnik bütpərəst, tat, yəhudi…

Azer Hasret

Azər Həsrət

Bu sözlər mənim haqqımda deyilir. Özü də deyilənlərin hamısı deyil. “Qulaq gündə bir söz eşitməsə kar olar” deyirlər. Elə düz də deyirlərmiş. Əslində məsələnin üzərindən keçmək də olardı. Ancaq keçməsəm yaxşıdır məncə. Çünki bir zaman gələcək ki, biriləri mənim keçmişimi araşdırıb oradan milli kimliyimin – Türklüyümün şübhəli olması haqqında “faktlar” aşkar edəcək. (Bir zamanlar biriləri Heydər Əliyevin kürd əsilli olması haqqında “faktlar” aşkar etdiyi kimi. Bu haqda ayrıca yazım olacaq.) Deyirəm, qoy bu yazı da həmin araşdırmaçılar üçün bir mənbə olsun.

Hardasa 10-12 il bundan öncə bir dostumuz mənə zarafatla “yevreybaş” deyirdi. Jurnalist cameəsinin yaxşı tanıdığı Seymur İsmayıl adlı bu bilgisayar qurdu mənim yorulmadan çalışdığımı və ard-arda gələn uğurlarımı (xüsusən də beynəlxalq səviyyədə) görüb deyərdi ki, bir türk bu qədər başarılı ola bilməz. “Sənin cismin türk olsa da beynin yəhudidir” deyirdi Seymur. Əlbəttə ki, bu, bir zarafat idi və Seymur da, mən də damarımızda yalnız türk qanı axdığını gözəl bilirdik. Və onu da bilirdik ki, “Türk Milləti zəkalıdır, Türk Milləti çalışqandır!” (M.K.Atatürk)

Sonra uzun müddət bu söhbət unuduldu. Yəni başqa heç bir zaman heç bir kəs mənim milli kimliyimlə bağlı “müzakirə” açmadı. Təbii ki, Seymurun zarafatından da heç bir zaman incimirdim və indiyə qədər də normal münasibətlərimiz, bir-birimizə etibarımız qalmaqdadır…

Son bir neçə ayda bu məsələ yenidən gündəmə gətirilir. Az qalsın həftədə bir nəfər ortaya çıxıb məni hansısa etnik qrupun nümayəndəsi elan edir. Təzə-təzə buna fikir vermirdim. Ən azından ona görə ki, yaşadığım bölgə – Xaçmaz rayonu etnik azlıqların sıx məskunlaşdığı yerdir və ona görə də biriləri bəzən elə düşünür ki, orada doğulanların hamısı etnik azlığın nümayəndəsi ola bilər. Yanlış yanaşmadır təbii. Ancaq bənd olmağa da dəyməzdi…

Öncə bir gənc məni “tat” adlandırdı. Tanımadığım və nəylə nəfəs aldığını belə bilmədiyim bu gənc sosial şəbəkələrdən birində mənim üçün “bir tatdan elə bu da gözlənilirdi” deyə yazdı. Buna səbəb isə mənim “biz Azərbaycanlı olduğumuz qədər Qazaxıq” yazmam olmuşdu. Mən də o gənclə məzələndim və əlaqəni kəsdim. Yəni yazdım ki, “məni tat adlandırmaqla xətrimə dəyirsən. Çünki mənsub olduğum bölgə ləzgilərin sıx yaşadığı bölgədir və ləzgi adlandırsaydın bəlkə inananlar tapılardı. Üstəlik, tatlara qarşı da heç bir iddiam yoxdur və bunu da hara istəyirsən, ora yoz”…

Az sonra “Azadlıq” qəzetində ünvanıma “tənqidlər” seriyasından daha bir yazı dərc edildi və həmin yazının altındakı şərhlərdən birində (yeri gəlmişkən, “Azadlıq” qəzetinin İnternet saytındakı şərhlər çox zaman tərbiyə çərçivəsini aşır və düşünürəm ki, bu hal şərhləri yazanlarla bərabər onları oxucuların ixtiyarına buraxanlara da şərəf gətirmir) məni “etnik bütpərəst” adlandırdılar. Təbii ki, bənd olmadım. Bu da belə keçdi…

Dünən isə lap təzə və bir az da qaba bir “hücuma” məruz qaldım. Türkiyədən olduğunu iddia edən birisi üzümə şappıldatırcasına mənə sual verdi ki, “sən gizli yəhudimisən?” Çaşıb qaldım! Adama, “bunu hardan çıxardınız?” deyə sual verdim. Cavabı lap göydəndüşmə oldu: şəklinizdən elə görünür! Təbii ki, bu adama Türk olduğumu sübut etmək üçün ciddi enerji sərf etmədim. Ancaq aramızda qısa bir mükalimə keçdi. Adam iddia etdi ki, bir çox yəhudilər öz kimliklərini gizlədərək başqa millətə mənsub olduqlarını iddia edirlər (haqsız da sayılmaz əlbəttə). Bu isə doğru bir şey deyildir. Və adam iddia edir ki, mən də yəhudi kimliyini Türk adıyla pərdələyən birisiyəmmiş! Mükalimənin davamında mənim yəhudilərə münasibətimi də sorğuladı adam. Dedim ki, Türk millətinə sayğı duyan hər bir millətə, o cümlədən yəhudilərə hər zaman sayğı duyarıq əlbəttə. Yəni bizə sayğı duyanlara sayğı duyarıq anlamında. Adam “bizə sayğı duymanız yaxşı haldır” deyərək söhbəti bitirdi. Bu cümləsindən anladım ki, artıq mənim Türklüyümə şübhəsi qalmadı…

Yeri gəlmişkən, bir neçə ay öncə də buna bənzər söhbət olmuşdu. Bir gənc mənim Türk milliyyətçisi olduğumu “dəqiqləşdirmək” istəyirdi. Açıqca dedim ki, elədir. Sonra kürdlərə münasibətimi soruşdu. Dedim, hər kəsə, o cümlədən kürdlərə sayğım var. Təbii ki, Türk millətinə qarşılıqlı sayğı duyan kürdlərdən söhbət gedir. Gənc qayıtdı ki, “kürdlər nə vaxtdan adam olub ki, onlara sayğı duyursan?” Dedim ki, kürdlərlə PKK-nı qarışdırmamaq lazımdır. Həm də istər Azərbaycan, istər Türkiyə və bütövlükdə Türk dünyasının qayda-qanunlarına tabe olan və özünü vətəndaşı olduğu ölkənin layiqli fərdi kimi aparan kürdləri niyə düşmən gözündə görməliyik ki? Bu fikrim gəncin xoşuna gəlmədi…

…Xaçmazda bir zamanlar bizə “moğol” deyirdilər. Bunu etnik qrupların nümayəndələri deyirdi. Hələ Sovet dönəmində və uşaq olduğumuz zaman biz onların milli kimliyi ilə zarafat edərdik. Təbii ki, münasibətlərimiz səmimi olduğu üçün kimsə bu zarafatlardan inciməzdi. Cavabları bu olardı ki, siz də moğolsunuz. Onu da qeyd edim ki, istər o dönəmdə, istərsə də indi, nəinki Xaçmazda, Azərbaycanın heç bir yerində milli azlıq problemi yoxdur. Bir tat, bir ləzgi, bir talış, bir avar, bir kürd, bir yəhudi və s. də özünü mənim qədər Azərbaycanlı hiss edir və onların hansısa etnik qrupa aid olması bu ölkədə insan kimi yaşamalarına əngəl olmur. Ancaq əlbəttə ki, biriləri (xüsusən də Ermənistan, İran və Rusiya qaynaqlı) zaman-zaman qeyri-türklərin milli kimlik hisləri ilə oynamağa cəhd edir və bəzən də aldanaraq onların toruna düşənlər olur. Hətta siyasi kampaniyalar zamanı da bu amilə “arxalananlar” olur…

2005-ci ilin parlament seçkiləri zamanı mən 56 saylı Xaçmaz kənd seçki dairəsindən namizəd idim. Həmin dövrdə əsas rəqibimin adamları ləzgi kəndlərində söz yayırdılar ki, “bu türk milliyyətçisi sizə qarşıdır”. Türk əsilli kəndlərdə isə söz yayırmışlar ki, Azər Həsrəti Rusiya qaynaqlı ləzgi bölücü təşkilatı “Sadval” (əslində onun ləzgilərə heç dəxli yoxdur. Ermənistan və Rusiya xüsusi xidmət orqanlarının birgə istehsalıdır bu qurum) dəstəkləyir! Təbii ki, seçicilərlə görüşlərimdə hər iki cəfəngiyyatı darmadağın etdik və bir daha bu iddialar səslənmədi!

İndi isə keçək əsas mətləbə. Mənim milli kimliyim niyə sorğu-sual edilir? Etnik qrupların sıx yaşadığı bir bölgədə doğulduğum üçünmü? Əgər belədirsə, bu “sorğu-sual” indi deyil, daha öncədən olmalıydı. Həm də lap orda doğulmuşamsa və hər zaman özümü doğma Dədəli kəndimə bağlı hiss edirəmsə bu niyə qıcıq yaratmalıdır ki? Məncə hər bir insan doğulub böyüdüyü torpağa bağlılığını əbədi olaraq qorumalıdır. Başqa bir sual da maraqlıdır: niyə mənim milli mənsubiyyətimi daha çox ana müxalifət adına iddia edənlər gündəmə gətirir? Bəlkə onlar Türk Dünyası üçün məndən çox çalışırlar da o üzdən? O zaman fəaliyyətlərini görək. Göstərsinlər də bizim xəbərimiz olmayanlardan hər kəs xəbərdar olsun.

Bu milli kimlik məsələsi, məncə, təsadüfən ortaya atılmayıb. Və düşünürəm ki, bu məsələdə siyasi rəqiblərimlə (onları “məni istəməyənlər” adlandırmaq daha düzgün olardı) Türk Birliyi düşmənləri ortaq hərəkət edirlər. Xüsusən son bir ildə mənim öncəki illərdən fərqli olaraq Türk Dünyası ilə bağlı çalışmalarımı açıq şəkildə ortaya qoymağım və bu yöndə əldə etdiyimiz uğurlar, görünür Türk düşmənlərini hərəkətə keçməyə məcbur edib. Azərbaycanda da Türk milliyyətçilərini gözdən salmaq üçün hər zaman tətbiq edilən “etnik azlıq” kartı bu dəfə də işə salınıb deyəsən. Ona görə də bir gün tat, bir gün ləzgi, bir gün yəhudi elan edilirəm. Erməni elan etsələr də təəccüblənəcək halım qalmayıb artıq. Məzəniz olsun, bəylər və bayanlar! Özünüzə daha maraqlı bir məşğuliyyət tapın. Həm də məni heç olmasa etnik qruplara bağlayırsınızsa, birinə bağlayın ki, inandırıcı görünsün. Axı bir insan necə bir neçə (indiki halda üç) etnik qrupa aid ola bilər?

Və sonda bir daha qeyd etmək istərdim ki, istər Azərbaycanda, istərsə də başqa Türk coğrafiyasında yaşayan və mənsub olduğu ölkənin qanunlarına, adət və ənənələrinə hörmətlə yanaşan, Türk dövlətlərinə xəyanət etməyən istənilən qeyri-türk mənim üçün dəyərli insandır. Yəni Türk Milliyyətçisi olmağım heç də qeyri-türklərə düşmən olmağım anlamına gəlməz. Bunu da kim hara istəyirsə ora da yozsun…

Hə, bir də, arzu edənlərə babamın milliyyətinin Türk olduğunu göstərən sənəd də təqdim edə bilərəm. Hərçənd Türklüyümü sübut etməyə gərək duymasam da…

Oxunma sayı: 37299
Share

1 Comment to "Etnik bütpərəst, tat, yəhudi…"