Ən qısa zamanda ortaq türk əlifbasını təqdim edəcəyik

Azər Həsrət

Bakı, Yalquzaq.com, 07.08.2010 – Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrət bildirib ki, yaxın iki həftə ərzində başçılıq etdiyi qurum yeddi bağımsız türk dövlətində istifadədə olan latın əlifba formaları əsasında hazırlanmış ortaq türk əlifbasının layihəsini müzakirəyə çıxarmaq fikrindədir. Bunun üçün ilkin hazırlıq işləri görülüb və demək olar ki, ortaq əlifbanın ilkin variantını müəyyənləşdirmək qalır.

“Biz düşünürük ki, türk birliyinə gedən yol həm də ortaq türkcədən keçir. Əlbəttə ki, ortaq türkcənin bir anda formalaşması da mümkün deyil. Bunun üçün ilkin addımların atılması lazımdır. Belə addımlardan ən birincisi ortaq əlifbanın formalaşdırılmasıdır. Əslində bu proses dövlətlərimiz müstəqillik əldə etdikdən dərhal sonra baş verməliydi. Ancaq təəssüflər olsun ki, həmin dönəmin şərtləri buna imkan vermədi və hər dövlətimiz latın əlifbasının qismən fərqli formasından istifadə etməyə başladı. Belə hal isə ortaq türkcənin formalaşmasına əngəl olmaqdadır”, – deyə Azər Həsrət Yalquzaq.com-a bildirib.

Konsey başqanı onu da qeyd edib ki, təqdim edəcəkləri əlifba bir müddət müzakirə üçün açıq olacaq. Lakin bəlli bir dönəmdən sonra həmin əlifbadan istifadə tövsiyə ediləcək. Təbii ki, bu işin daha keyfiyyətlə gerçəkləşdirilə bilməsi üçün TürkSOY başda olmaqla türk dövlətlərini birləşdirən qurumlara da müraciət ediləcək: “Biz vətəndaş olaraq üzərimizə düşəni edəcəyik və hazır layihəmizi TürkSOY və digər müvafiq qurumların öhdəsinə verəcəyik. Əsas odur ki, bu məsələ ətrafında müzakirələr sürətləndirilsin və ortaq rəsmi qərar alınsın. Biz bilirik ki, bu prosesi əngəlləmək istəyənlər də olacaq. Ancaq hər bir çətinliyi aşa bildiyimiz kimi bunu da aşacağımıza heç şübhə etmirik”.

Hazırda yeddi bağımsız türk dövlətində işlədilən əlifbalarla bağlı məsələyə də aydınlıq gətirən Konsey başqanı Azər Həsrət deyib ki, “hazırda Türkiyə və Quzey Kıbrıs Türk Cümhuriyyətində 1928-ci ildə qəbul edilmiş latın əlifbası işlədilməkdədir. Türkmənistan isə 1991-ci ildən bu əlifbanı rəsmən tətbiq edir. Azərbaycanda əlifbanın tətbiqi 1992-ci ildə rəsmiləşdirilsə də yalnız prezident Heydər Əliyevin dönəmində – 2001-ci ildə bu proses tam olaraq başa çatdırıldı. Özbəkistanda 1995-ci ildə latın əlifbasına keçid qərara alındı və bu prosesin 2012-ci ildə başa çatdırılması nəzərdə tutulur. Qazaxıstan da qeyri-rəsmi olsa da keçid prosesinə başlayıb. Artıq bir sıra KİV-lər bu ölkədə xəbərləri həm də latın əlifbasıyla yaymaqdadır. Lakin təəssüflər olsun ki, Qırğızıstanda bu yöndə hələ heç bir addım atılmayıb və ümid edirik ki, hazırlayacağımız ortaq türk əlifbası orada da keçidə təkan verəcək”.

Konsey başqanı onu da əlavə edib ki, ortaq əlifbada “sağır nun” kimi tanınan və “ng” səs birləşməsini ifadə edən hərfin də yer almasını təmin edəcəklər: “Azərbaycan və Türkiyə türkcəsindən başqa yerdə qalan bütün türk ləhcələrində bu səs qalmaqdadır. Əslində Osmanlı dönəmi Türkiyəsi və Cümhuriyyət öncəsi Azərbaycanında da bu səs vardı. Sadəcə kimlərin və nə üçün bu səsdən imtina etdiyini bilmirik. Ancaq düşünürük ki, “sağır nun” dilimizə yenidən qazandırılmalıdır”.

Oxunma sayı: 9597
Share

2 Comments to "Ən qısa zamanda ortaq türk əlifbasını təqdim edəcəyik"

  1. Vüsal Əliyev's Gravatar Vüsal Əliyev
    22 August 2010 - 11:30 - 11:30 | Permalink

    Hər şey düzgündür, mənim işləyib hazırladığım və digər yaxındaşlarımın danışıb müzakirə etdiyimiz formadadır, amma bircə hərfdən başqa. Belə ki, Türkiyə türkcəsində Kk 2 səsi verir: “kağıt” sözündəki səs, “kulak” sözündəki səs. Birinci misaldakı səsi Kk hərfi olaraq qeyd etmək daha düzgündür, ikinci misaldakı səsi isə Qq olaraq. Bu həm də Türkiyə türkcəsi ilə digər türkcələrin sözlərini bir-birinə daha yaxın edəcək. kulak değil – qulaq, koyun değil – qoyun. Digər türkçələrdə, misal üçün Qazaq, Özbəkcədə də bu belədir: qatıq, qoy, tawıq və s.

  2. 9 August 2010 - 8:18 - 08:18 | Permalink

    Azər bəy, sizə bu istiqamətdə uğurlar arzulayırıq. Amma nəzərə alın ki, bu çox çətin bir işdir. Daha doğrusu, mümkün deyil, belə ki artıq gecdir. Bizim ortaq əlifbamız ərəb əlifbası idi, hamı bir cür yazırdı, lakin öz ləhcəsində oxuyurdu. Məsələn, “خبرلر” , yəni “xəbərlər” sözünü götürək, hamı belə yazırdı. İndi türklər yazır: “haberler”; türkmən yazır: “habarlar”; özbək yazır: “xabarlar”; uyğur yazır: ”xewerler”, tatar yazır: “xäbärlar”; qazax yazır: “хабарлар”, biz azərbaycanlılar isə “xəbərlər”. Latın əlifbası ilə ortaq əlifba yaratmaq mümkün deyil, biz və əlifbasını dəyişmiş digər türk xalqları böyük səhvə yol vermişik, indi geriyə qayıtmaq lazımdır, ərəb əlifbasına! Gec-tez, qayıdacağıq da, başqa yol yoxdur… O ki qaldı, türkdilli xalqların ortaq latın əlifbasına, hesab edirik ki, bu ideya üçün özbək latın əlifbasını nümunə götürmək mümkündür. Başqa sözlə, bütün türkdilli xalqlar, 26 hərfli latın əlifbası ilə yaza bilər, necə ki özbəklər belə edirlər və heç bir yeni hərf qəbul etməyiblər.