“Kürd” kartı yaxşı “oyun” qurmağa imkan verir…

Azər Həsrət

Azər Həsrət

Etnik bütpərəst, tat, yəhudi…” adlı yazımda söz vermişdim ki, prezident Heydər Əliyevin kürd olmasıyla bağlı dövriyyədə olan fərziyyələr haqqında fikirlərimi qələmə alacam. Bəlkə də bu məsələ bir az gecikmiş ola bilər. Ancaq düşünürəm ki, bununla bağlı şəxsi qənaətlərim xüsusən də yetişməkdə olan milliyyətçi və yurdsevər gənclər üçün faydalı ola bilər.

Heydər Əliyev uzun illər Sovet hakimiyyətinin ən seçilən təmsilçilərindən biri və təbii ki, Azərbaycanda birincisi olub. Sovet dönəmində onun şəxsiyyəti ilə bağlı geniş müzakirələr olmasa da 1993-cü ildə, yəni artıq müstəqil Azərbaycanda hakimiyyətə dönüşündən həm öncə, həm də sonra haqqında doğru-yalan olmazın iddialar ortaya qoyuldu. Doğru olanlar onun kommunist keçmişi ilə bağlı idi və Heydər Əliyevin özü də bunları rədd etmirdi. Ancaq yalan olanlar ictimaiyyət üçün yeni sayıla biləcək fikirlər idi ki, onlardan da birinin üzərində geniş dayanmaq fikrimiz var.

Mən Heydər Əliyevin adını 20-ci yüzildə 70-ci illərin çocuğu, 80-ci illərin yeniyetməsi olaraq hər gün eşidirdim. Bu da təbii idi. Çünki həmin dönəm üçün ən irəli getmiş Azərbaycanlı idi Heydər Əliyev. Uşaqdan böyüyə hər kəs onun adını bilir və bununla da əslində fəxr edirdi. Xüsusən də 80-ci illərin birinci yarısında onun Moskvada yüksək vəzifədə olması bizi qürurlandırırdı.

1987-ci ildə, mən Almaniyada əsgərlik çəkərkən Heydər Əliyevi vəzifədən uzaqlaşdırmışdılar. Moskva bir Azərbaycanlının daha da irəli gedə biləcəyindən və Sovet İttifaqının başına keçəcəyindən rahatsız olaraq onun önünü kəsmişdi. O zaman mənim üçün xoş olmayan bir hal da baş vermişdi: Bizim hərbi hissədə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlərinin portretləri asılan lövhə vardı (əslində bu, hər yerdə belə idi). Bir gün görəndə ki, Heydər Əliyevin protretini lövhədən çıxarıblar, bir az pis olmuşdum. Yəni Heydər Əliyevin kimliyindən daha çox (əslində onun kimliyinə qarşı heç bir iddiamız yox idi) məni bir Azərbaycanlının portretinin SSRİ-nin əsas rəhbərliyinə daxil olan şəxslərin sırasından çıxarılması ağrıtmışdı. Ancaq təbii ki, dönəmin şərtləri çərçivəsində buna etiraz edəcək halımız yox idi…

Sonra SSRİ dağıldı. Azərbaycan müstəqil oldu. Ölkədə ən ciddi təlatümlər yaşandı və 1992-ci ildə hakimiyyətə gələn Əbülfəz Elçibəy ən böhranlı durumda – 1993-cü ildə Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Məhz dəvət etdi. Bəlkə də biriləri bu fikrimə qarşı hansısa iddialar irəli sürəcək, ancaq yenə də deyirəm ki, Heydər Əliyevi Bakıya prezident Əbülfəz Elçibəy dəvət etmişdi.

Heydər Əliyev hakimiyyət başına gələr-gəlməz onun haqqında olmazın fikirlər səsləndirilməyə başladı ki, bunlardan da biri və daha çox istifadə ediləni onun milli mənsubiyyəti ilə bağlı idi. Xüsusən də milli-demokratik qüvvələrin önündə gedənlər bizim kimi milliyyətçi gənclərə təlqin edirdi ki, Heydər Əliyev kürddür, PKK-nı da o qurub və belə bir adamdan Azərbaycan Türk dövlətinə başçı olmaz. Daha doğrusu onun Azərbaycan kimi önəmli bir türk dövlətinə başçılıq etməsi ziyanımızadır. Əlbəttə ki, hərəkatçı və coşqun gənclər olaraq biz, önümüzdə gedənlərin hər sözünə inanırdıq və buna da inanmışdıq. Halbuki bir az dərindən düşünsəydik milliyyətçi-demokrat Əbülfəz Elçibəydən soruşmalıydıq ki, bu “PKK qurucusu olan kürd”ü niyə hakimiyyət başına dəvət etmisiniz? Biz bunu kimsədən soruşmurduq və soruşmadıqlarımız da bizim milli duyğularımızı beləcə istismar edirdilər.

İddia edilirdi ki, 1937-ci ildə hansısa qəzetdə Heydər Əliyevin qardaşı, sonradan akademik olan Həsən Əliyevin haqqında “ilk kürd professor” ifadəsi yazılıbmış. Ancaq həmin qəzeti kimsə kimsəyə göstərə bilmirdi. Hətta deyirdilər ki, Heydər Əliyev qəzetin o sayını bütün arxivlərdə məhv elətdirib. Yəni anlaşılan buydu ki, Heydər Əliyev kürd olduğunu gizlədirmiş. Niyə, nə üçün? Milliyyətçi-demokrat öndərlərimizin buna da cavabı vardı: Azərbaycan kimi türk dövlətinə başçılıq etdiyi üçün. Biz də buna inanırdıq.

Sonra bu “kürd” prezident Azərbaycan türk dövlətini bölücülərdən təmizləməyə başladı. Əvvəlcə talışların adından istifadə edən Əlikram Hümbətovu təmizlədi. Ardından da ləzgilərin adından istifadə edən, erməni-rus istehsalı olan “Sadval”ın əl-ayağını yığışdırdı. Sonra ölkənin bütünlüyünü təhlükə altında qoyan ayrı-ayrı şəxsləri və onların qurumlarını zərərsizləşdirdi. Bizim “kürd” və üstəlik də “PKK qurucusu” adlandırdığımız Heydər Əliyev yavaş-yavaş Azərbaycan türk dövlətini parçalamaq, bölmək istəyənlərin əl-ayağını yığışdırdı. Biz isə hələ də onu türk olmamaqda “ittiham” edirdik. Hətta iş o yerə çatmışdı ki, Azərbaycanın bağımsızlıq dönəmində ingilis dilini mükəmməl öyrənməyi bacarmış, ancaq Azərbaycan dilini öyrənməyə səy belə göstərməyən birisi bölücü Əlikram Hümbətovu müdafiə etməsini əsaslandırmaq üçün Heydər Əliyevin kürd olduğunu iddia etməkdən çəkinmirdi. Biz buna da mağmıncasına göz yumurduq…

Əslində Heydər Əliyev kürd deyildi. Olması da imkansızdı. Çünki istər Sovet dönəmində, istərsə də sonrakı dönəmdə bizim kürd olduğunu iddia etdiyimiz bu şəxs Azərbaycan türkünün milli kimliyini təsdiqləmək üçün mümkün olan hər şeyi edirdi. Hətta SSRİ-nin ən güclü dönəmində – 1978-ci ildə Azərbaycan SSR Konstitusiyası qəbul edilərkən oraya Sovet dövrü üçün ilk dəfə olaraq dövlət dili haqqında (Azərbaycanca) maddənin salınması da Heydər Əliyevin adına bağlıdır. Əslində Heydər Əliyevin Azərbaycan milli kimliyinin təsdiqi üçün etdiklərinin hamısını bir tərəfə qoysaq təkcə pantürkist şair Hüseyn Cavidin nəşini 1982-ci ildə, yəni onun yüz illik yubileyi ərəfəsində İrkutskda qəbirdən çıxartdırıb Naxçıvanda təmtəraqla torpağa verən məgər Heydər Əliyev deyilmiydi? Bir kürd bir pantürkistə, qatı türk millətçisinə nədən bu qədər can yandırmalıydı ki? Özü də Sovetin ən güclü dönəmlərində? Axı sovetlər bu əməlinə görə Heydər Əliyevə güllələnmə belə verə bilərdi!

Biz ən güclü şəxsiyyətlərimizə “etnik” damğası vururuq! Niyə, nə üçün?! Bəlkə bunun altında yatan bir hikmət var da bizim xəbərimiz yox?! Var! Hikmət var! Özü də düşməndən qaynaqlanan və bizim milliyyətçi duyğularımızın istismarına yönələn bir hikmətdir bu!

Heydər Əliyev böyük Azərbaycanlı idi. Sağlığında və hətta deyərdim ki, dünyasını dəyişəndən sonra belə ən təsirli Azərbaycanlıdır Heydər Əliyev. Və elə düşmənlərimizi də rahatsız edən budur! Ona görə də nə etməliydilər? Heydər Əliyevlə Azərbaycan xalqı, xüsusən də çoxluqda olan türk kəsimi arasında nifaq salmaq lazım idi! Və bir zamanlar bunu bacardılar da hətta! Hər şeyi ilə Azərbaycanlı, türk olan Heydər Əliyevin kürd olması və hətta PKK-nın qurucusu olması haqqında nağıllara bizi inandıra bilmişdilər bir zaman. Biz heç, gənc və təcrübəsiz olaraq səhv edə bilərdik. Ancaq önümüzdə gedən və millət üçün “yaxasını cıranlara” nə olmuşdu? Axı onların yanılmağa və bizi yanıltmağa haqqı yox idi!

Bu “kürd məsələsi” indi də Azərbaycanda istismar edilməkdədir. Görünür, birilərinin çörəyi bundan çıxır. Bu yaxınlarda hakimiyyət cəbhəsindəki dostlardan biri ilə söhbət edərkən təəccübümə səbəb olan bir bilgi verdi mənə: bizim kürd kimi tanıdığımız çox yüksək vəzifəli məmurlardan birisi Murad Hacının “Qıpçaq çölünün yovşanı” əsərinin Moskvada rus dilində yenidən dərcini maliyyəşdiribmiş. Yenə də sual olunur: belə bir əməl “kürd”ün nəyinə lazımmış?

“Kürd” olmaqda “ittiham” edilən başqa yüksək vəzifəli şəxslərimiz də var. Sadəcə maraqlıdır ki, niyə yüksək vəzifəlilərin əksəriyyətini daha çox “kürdlükdə” ittiham edirlər? Bəlkə də birilərinə sadəlövh görünən bu sual əslində özündə ciddi mətləbləri ehtiva edir. Bütün dünya “yəhudi istilası”ndan əziyyət çəkməkdəykən necə oldu da Azərbaycan kimi köklü bir dövlət bir ovuc kürdün əlində qaldı? Araşdırmağa dəyər mövzudur məncə. İndilik isə ip ucu olaraq demək istərdim ki, “kürd” kartı Türkiyənin milliyyətçi kəsimi ilə yaxşı “oyun” qurmağa imkan verir…

Oxunma sayı: 13405
Share

2 Comments to "“Kürd” kartı yaxşı “oyun” qurmağa imkan verir…"

  1. Galip Sertel's Gravatar Galip Sertel
    12 August 2010 - 7:58 - 07:58 | Permalink

    Sn.Azer Hasret,Sovyet Rusyası döneminde,biz ,Bulgaristan Türklerinin de adını
    iftihar ve saygıyla andığı ve bizim de gururmuz olan,çok değerli Haydar Aliyef
    hakkında yazınızı okudum,hayran oldum…Ve bu karalama kampanyalarının
    planlı,programlı bir merkezden yapılıp,büyümekte olan ve gelecekte söz sahibi
    olacaka bir Türk Dünyası’nın önünü kesmek amacı ile yapıldığına inanıyorum ve
    Bulgaristan’da 1985 yılında Müslüman Türk adlarımızın, “soya dönüş” safsatasıyla Hristiyan adları iledeğiştirilmesisürecinde,işittiklerim,duyduklarım:
    Haydar Aliyef , SSCB Komünist Partisi Merkez Komitesi Politbüro üyesi olarak,
    Bulgaristan Türkleri’ne yapılan,”soykırımı” andıran bu uygulamaya şiddetle karşı
    çıkmış ve kınamış…İşte bu da araştırılıp açıklığa kavuşturulması gereken değerli bir konu… Hörmetlerimle….