Türk dövlətlərindəki ekologiya təşkilatlarının iş birliyi imkanları

Azər Həsrət

Bakı, Yalquzaq.com, 25.08.2010 – ALYANS – Canlı Aləmin Mühafizəsi İctimai Birliyinin Mətbuat Xidmətindən Yalquzaq.com-a daxil olan bilgiyə görə, avqustun 24-də Gəncliyin Elmi Mədəni İnkişafı (GEMİ) İctimai Birliyinin mərkəzi qərargahında ALYANS – Canlı Aləmin Mühafizəsi İctimai Birliyinin Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrətlə görüşü keçirilib. Görüşün əsas məqsədi Türk ölkələri arasında Eko ALYANS-ın yaradılması ilə bağlı müzakirələrin aparılması olub.

Müzakirələr zamanı Eko ALYANS-ın yaradılması ilə bağlı problemlər, perspektivlər, mövcud ekoloji problemlər və atılacaq addımlar müzakirə olunub.

Görüşdən görüntü

Görüş zamanı çıxış edən Alyansın rəhbəri və təşəbbüsün müəllifi Mənsurə Rəsulzadə ekologiya sahəsində mövcud vəziyyət, digər ölkələrlə ekoloji problemlərin həlli yollarının vacibliyindən danışıb. O, eyni coğrafi qurşaqda yerləşən Türk dövlətləri arasında ekologiya sahəsində də əlaqələrin genişləndirilməsi, iş birliyinin gerçəkləşdirilməsi üçün uyğun qurumlar arasında ilişkilərin vacibliyini dilə gətirib. Mənsurə Rəsulzadə bu işdə Yeddi Dövlət – Bir Millət Konseyinin əlaqələrindən yararlana biləcəklərini vurğulayıb.

Görüşdən görüntü

Öz növbəsində Konsey başqanı Azər Həsrət layihənin uğurla həyata keçirilməsi üçün Yeddi Dövlət – Bir Millət Konseyinin öz köməyini əsirgəməyəcəyini bildirib. O, qeyd edib ki, Konsey ekologiya sahəsində iş birliyi üçün Türk dövlətlərində tərəfdaş təşkilatların tapılmasında və ilkin koordinə işlərində yardımçı olmağa hazırdır. “Biz global ekoloji tarazlığın qorunması üçün Türk coğrafiyasında bu yöndə aparılacaq işlərə mümkün olan yardımları etməyə hazırıq”, – deyə Konsey başqanı bildirib.

Sonda ALYANS – Canlı Aləmin Mühafizəsi İctimai Birliyinin təşəbüssü təqdirə layiq qiymətləndirilib və müzakirələrin davamı qərara alınıb.

Görüşdə iştirak edən Alyansın idarə heyətinin üzvlərindən Sumara Əliyeva, Elşən Rəhimov, Elmir Səlimov və Ələkbər Vəliyev də öz fikirlərini dilə gətirib.

Görüşdən görüntü

Mətbuat Xidmətindən onu da bildiriblər ki, ilk dəfə Türk ölkələri arasında Eko ALYANS-ın yaradılması təşəbbüsü ALYANS – Canlı Aləmin Mühafizəsi İctimai Birliyi tərəfindən irəli sürülmüş və təkliflər Türk ölkələrində fəaliyyət göstərən müvafiq qurumlara göndərilmişdir.

Oxunma sayı: 6491

1 Comment to "Türk dövlətlərindəki ekologiya təşkilatlarının iş birliyi imkanları"