Kişi adam

Ötən il noyabrın 6-da səsvermənin sona çatmaq üzrə olduğu məqamda seçki qərargahımın üzvləri ilə etdiyim bir söhbəti xatırlayıram. Axşama doğru 56 saylı Xaçmaz kənd seçki dairəsinin demək olar bütün məntəqələrindən məlumat toplanmışdı ki, total saxtalaşdırma tətbiq edilir. “Azadlıq” Blokunun vahid namizədi kimi artıq noyabrın 6-dək bilirdim ki, ən azı 80% səslə YAP-ın namizədini darmadağın edəcəm. Görünür, hakimiyyət sahibləri də bunun belə olduğunu özləri üçün aydınlaşdıra bilmişdilər ki, səsvermə günü ağına-bozuna baxmadan saxtalaşdırmaya getdilər… Və halalca qələbəmi haramca şəkildə mənimsədilər… Elə həmin axşam hər şey bəlli olmağa başladıqda seçki qərargahımın üzvləri ilə söhbətdə dedim ki, birdən, Allah eləməmiş, müxalifətin qələbəsi yenə də əlindən alınıb bir neçə nəfər Milli Məclisə buraxılar və mən də onların arasında olaram. Bu mənim üçün biabırçılıq olardı. Dostlarımın (əsasən müsavatçılar) verdiyi cavab indi də qulaqlarımda cingildəyir: “Sən kişi adamsan, qardaş! Biz səndən elə belə prinsipiallıq da gözləyirdik!”

***

Seçkini yenə uduzduq! Ya vəlvələdən, ya zəlzələdən. Qələbəni əldən verdik. Ağıllı davranmağa üstünlük verdik və biz ağılla hərəkət etməkdəykən dəlilər vurub çayı keçdi… Yenə də ənənəvi davranışlarımızla milləti bezdirməyə başlamışıq. Yenə də müxalifət sıralarındakı kövrək birliyə balta çalınır. Partiyalararası qovğa başlayıb. Yenə də əsas rəqib öz işindədir. Bizsə hələ də qərar verib qətiyyət nümayiş etdirə bilmirik. Qələbəsi tanınmış müxalifətçiləri deyirəm. (Əslində onların nə qədər müxalifətçi olduğunu da yoxlamağa ehtiyac var.) Bunlar mandatdan imtinanı rəsmiləşdirəcəklərini demişdilər. Artıq üçüncü aydır ki, millət həmin rəsmiləşdirməni gözləyir. Onu da xatırlayıram ki, Milli Birlik Hərəkatının öndəri Lalə Şövkət də qalib müxaliflərdən biri kimi mandatdan imtina edəcəyini demişdi. Elə o vaxt bəzi dostlarım deyirdi ki, əsl kişi kimi davranan da məhz Lalə Şövkət olacaq. Ziddiyyətlidir, deyilmi? O qədər kişinin arasında hamı bir qadının kişi kimi davrana biləcəyinə inanırdı!

***

Lalə Şövkət mandatdan rəsmən imtina etdi! Kişi kimi! Əslində bu xanımdan başqa cür davranış gözləmirdik də. O, kişi adamdır. Kişi kimi davranmağı dəfələrlə sübut etməyi bacarıb və şübhəmiz yoxdur ki, bundan sonra da bacaracaq. Əgər bir insan saf mahiyyət üzərində köklənibsə, onun davranışı məhz belə də olmalıdır. Azərbaycanda dünənin, bu günün və bəlkə də sabahın əsl kişilik simvollarından biri məhz Lalə Şövkətdir. Və bir az da irəli gedib deyərdim ki, Azərbaycanın belə bir xarakterə sahib olan prezidentə çox böyük ehtiyacı var. Ümid etmək istərdim ki, müxalifət düşərgəsinin başbilən və öndəgedənləri 2008-ci il üçün bunu nəzərə alacaqlar.

***

Kişi adam Lalə Şövkət öz nümunəvi addımını atdı. Və əsl kişilik nümunəsi göstərdi. İndi mənim üçün maraqlıdır ki, eyni cəbhənin özünə kişi deyənləri hansı üzlə mandatdan imtina məsələsini hələ də “müzakirə” edəcəklər. Qardaş, kiminlə, nəyi müzakirə edirsiniz? Hər şey göz qabağında deyilmi? Bu arada mənə dəstək vermiş “Azadlıq” Blokunun rəhbərlərindən də qeyri-müəyyənliyə son qoyacaq addımlar gözləmək haqqımız var. Partiyalar hələ də birgə yekun qərar verə bilmirlər ki, MM-ə gedək, ya getməyək. Nəyisə gözləyirlər! Nəyi gözləyirsiniz axı?! Artıq hər şey bitib! MM-in daha bir saxta tərkibi işinə başlayıb və bizə millət vəkili kimi sırınanların legitimliyi barədə müzakirələr də səngiyib. Elə isə çamura bulaşmamaq üçün qəti qərar verməkdə niyə tərəddüd edirsiniz, bəylər!

***

AXCP deyir ki, MM-in indiki tərkibini tanımır və onun işində iştirak etməyəcək. Yaxşı, elə isə AXCP-dən millət vəkili seçilmiş Cəmil Həsənli nəyi gözləyir? Mandatdan imtinanı rəsmiləşdirməkdə ona nə mane olur? Bəlkə bu adam yenə də əvvəlki kimi yoldaşlarını buraxıb MM-in işinə qatılmaq üçün zaman xərcləyir? Öz işidir. Ancaq məncə bizim etibarımızla alver etmək yetər artıq! Müsavat Partiyasının da mandat qazanmış üzvləri şübhəli davranır. Qardaş, məgər hər şey aydın deyil sizə? Əgər aydın deyilsə, yəni siz burnunuzdan uzağı görməkdə çətinlik çəkirsinizsə, lütfən bizi də əsir-yesir etməyin. Yaxud da hansısa oyunlar oynayırsınızsa, yenə də lütfən, bizi alət etməyin.

***

Biz, “Azadlıq” Blokundan olan 115 nəfər yola çıxdıq, yoldaş olduq. Bir körpüdən keçməli idik noyabrın 6-da. Ən azı yarımız keçdik o körpüdən. Bacardıq, qalib gəldik və ardımızca yerdə qalanları da keçirə bilərdik həmin körpüdən. Bunu anlayanlar bir neçəmiz istisna olmaqla geridə qalanlarımızı itələyib suya saldılar ki, sellərə qərq olaq. Göz dağı üçün aramızdan bəzilərini körpünün o tayına buraxdılar. Lalə Şövkət də “Azadlıq” Blokundan olmasa da körpünü keçməyi bacaranlardan idi. Ancaq o, geri dönüb mübarizə yoldaşlarının başına gətirilənləri görüncə özünü körpüdən atdı! Bəli, məhz atdı ki, əsl yoldaşlığın nə olduğunu göstərə bilsin. Özünü fəda etməyi bacardı bu insan. İndi, “Azadlıq” Blokundan olan mandatlılalara üz tutub deməyim gəlir ki, qardaş, mən kimin ardınca getməkdə haqlı olardım? Öz yoldaşlarını sellərin qoynunda atıb getmək istəyənlərin, yoxsa öz əqidə yoldaşlarının acı taleyini paylaşanların? Məncə, bu sualın cavabı elə özündədir.

***

Bir də fürsətdən istifadə edib “Azadlıq” Blokunun rəhbərlərindən soruşmaq istərdim ki, biz, yəni həmin o 115 nəfərdən biriləri daha sizə lazım deyilik? Niyə blokun namizədlərinin toplantıları keçirilmir? Üstəlik, bizimlə birlikdə olmaq istəyən 500-dək müstəqil və ya başqa bloklardan olan namizədlər də belə toplantılara ehtiyac duyur. Bu potensiala ehtiyacınız yoxdurmu, bəylər? Bir düşünün barı. 2008-ə bir şey qalmayıb. Və bir də Lalə Şövkətin kişilik nümunəsini də yaddan çıxarmayın!

Azər H.Həsrət. Dərc edilib: Media Forum, 19 yanvar 2006

Oxunma sayı: 8017
Share