Ortaq türk əlifbasının layihəsi müzakirə ediləcək

Azər Həsret

Bakı, Yalquzaq.com, 31.08.2010 – Sentyabrın 7-də Azərbaycandakı Atatürk Mərkəzində ortaq türk əlifbasının layihəsi ətrafında müzakirələr keçiriləcək. Dəyirmi masa şəklində keçiriləcək tədbirin təşkilatçıları Yeddi Dövlət – Bir Millət Konseyi və Dünya Gənc Türk Yazarlar Birliyidir (DGTYB). Bu haqda bilgini Yalquzaq.com-a Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı verib. Onun sözlərinə görə, artıq ortaq türk əlifbası məsələlərində gerçək addımların atılması zamanı çoxdan gəlib keçib. “Biz mümkün qədər tez bir zamanda bu məsələnin qəti şəkildə çözümünə nail olmalıyıq” deyən Əkbər Qoşalı atılacaq addımların ciddi ictimai dəstək görəcəyinə də şübhə etmədiyini bildirib.

Əkbər Qoşalı onu da bildirib ki, tədbirin təşəbbüskarı qismində Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrət çıxış edib. “Azər bəy hələ avqustun 7-də bir açıqlama yayaraq ən qısa zamanda ortaq türk əlifbası layihəsini təqdim edəcəklərini birldirmişdi. Doğrudan da bu açıqlamadan iki həftə sonra ilkin layihə ictimaiyyətin müzakirəsi üçün təqdim edildi. Artıq həmin layihə ətrafında müzakirələr başlayıb və biz də bu müzakirələri bir az daha rəsmi şəklə salmaq üçün bu toplantını təşkil edirik”, – deyə o, qeyd edib.

Ortaq əlifba və nümunələr

Məsələylə bağlı Yalquzaq.com-un suallarını cavablandıran Azər Həsrət də ziyalıların, elm adamlarının, gənclərin və medianın iştirakı ilə geniş toplantı keçirməklə ortaq türk əlifbası məsələsini yenidən gündəmə gətirmək istədiklərini deyib. O, qeyd edib ki, “artıq SSRİ-nin dağılmasının 20-ci ili tamam olmaq üzrəykən biz türk xalqları hələ də ən asan bir işi – ortaq türkcənin ilk pilləsi olan ortaq türk əlifbası məsələsini həll edə bilməmişik”.

“Hələ bir zamanlar Mirzə Fətəli Axundzadə ərəb əlifbasını təkmilləşdirmək üçün Osmanlı və İran padşahları ilə müzakirələr açırdı. Hətta onun sonradan latın əlifbasına keçid haqqında fikirlərinin olduğu deyilir. Yəni bizdən 150 il öncə belə latın əsaslı ortaq əlifba düşüncələri olub. Son iyirmi ildə isə bu məsələ daha da aktuallaşıb. Ancaq buna baxmayaraq hələ də ortalıqda rəsmi bir qərar yoxdur. Bizdə olan bilgiyə görə, dəfələrlə ortaq əlifba layihələri müzakirəyə çıxarılıb. Di gəl onu rəsmiləşdirmək üçün gərəkli addımlar atılmayıb”, – deyə Azər Həsrət bildirib.

Konsey başqanı onu da əlavə edib ki, toplantıdan sonra bu ilin sentyabrında İstanbulda keçirilməsi nəzərdə tutulan türk zirvəsinə ortaq əlifbayla bağlı müraciət ünvanlamağı da düşünürlər: “Biz elə bilirik ki, türk dövlətlərinin prezidentləri ən qısa zamanda xüsusi komissiya quraraq qarşıdakı altı ay ərzində ortaq türk əlifbasının layihəsini təsdiq etməli, dərhal da onun tətbiqinə qərar verməlidirlər. Bizim itirməyə vaxtımız qalmayıb artıq”.

Qeyd edək ki, Azər Həsrətin hazırladığı ortaq türk əlifbasının layihəsiylə Yalquzaq.com saytında tanış olmaq mümkündür: www.yalquzaq.com/?p=14763.

Ortaq əlifba və nümunələr

Oxunma sayı: 10094
Share