“Şübhə etmirəm ki, ortaq əlifba təklifimiz müsbət qarşılanacaq”

Azər Həsrət

Bakı, Yalquzaq.com, 06.09.2010 – Xəbər verdiyimiz kimi Yeddi Dövlət – Bir Millət Konseyi türk xalqları arasında integrasiya proseslərini sürətləndirmək və ortaq türk dilinin formalaşması üçün ortaq türk əlifbası üzərində çalışmalara başlayıb. Artıq bu məsələnin geniş ictimaiyyətin müzakirəsinə çıxarıldığını da xəbər vermişdik. Məsələnin daha çevik bir şəkildə qərara bağlanması üçün Yeddi Dövlət – Bir Millət Konseyi sentyabrın 7-də Azərbaycandakı Atatürk Mərkəzində Dünya Gənc Türk Yazarlar Birliyi ilə birlikdə dəyirmi masa müzakirələri keçirəcək. Lakin bəzi çevrələr hələ də bu məsələdə şübhəçi mövqeyindən əl çəkmir, türk xalqlarının fərqli əlifbalardan istifadəsini daha məqsədəuyğun hesab edirlər. Təbii ki, belə bir mövqe yalnız ortaq türk əlifbası çalışmalarını əngəlləməyə yarar.

Az sayda da olsa fərqli mövqedən çıxış edənlərlə bağlı məsələyə münasibət bildirən Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrət Yalquzaq.com-a açıqlamasında bunu təbii qarşıladığını deyib: “Biz istənilən təşəbbüsü irəli sürərkən onun lehinə çıxanlarla bərabər əleyhinə çıxanların da olacağını bilirik. Ona görə də bəzən fikirlərimizə qarşı olanlara da vaxt xərcləməli oluruq”.

Azər Həsrət onu da qeyd edib ki, düz bir ay öncə irəli sürdükləri ortaq türk əlifbası təşəbbüsü əslində geniş ictimai dəstək görüb: “İstər Azərbaycandan, istərsə də digər türk toplumlarından məsələ ilə bağlı çoxlu sayda fikirlər daxil olub. Bizi sevindirən odur ki, hələlik böyük çoxluq ortaq əlifba məsələsində ən qısa zamanda bir qərarın olmasını arzu edir. Bundan başqa, bizim təklif etdiyimiz ortaq əlifba layihəsi demək olar ki, tam şəkildə dəstək görür. Bu isə o deməkdir ki, uzun müzakirələrə elə də çox gərək yoxdur. Ən qısa zaman içində dövlətlərimiz məsələni rəsmi şəkildə həll etməlidir”.

Konsey başqanı onu da əlavə edib ki, Atatürk Mərkəzində keçiriləcək müzakirələrdən sonra türk dövlət başçılarına müraciət etmək fikrindədirlər. “Heç şübhə etmirəm ki, dəyərli dövlət başçılarımız ortaq əlifba təklifimizi müsbət qarşılayacaq”, – deyə o, bildirib.

Oxunma sayı: 7290
Share