Ortaq türk əlifbası geniş müzakirə edildi

Azər Həsrət, Ramiz Əskər, Əkbər Qoşalı

Bakı, Yalquzaq.com, 07.09.2010 – 07 sentyabr 2010-cu il tarixdə Azərbaycandakı Atatürk Mərkəzində “Ortaq türk əlifbası: keçmiş və gələcək” mövzusunda dəyirmi masa keçirildi. Tədbirin təşkilatçıları qismində Yeddi Dövlət – Bir Millət Konseyi və Dünya Gənc Türk Yazarlar Birliyi çıxış edirdi.

Tədbirin aparıcısı, Yeddi Dövlət – Bir Millət Konseyinin üzvü, Dr. Ramiz Əskər giriş sözündə türk xalqlarının qədim tarixi, ortaq dəyərləri və böyük türk coğrafiyasındakı üç dil qrupu – oğuz, qıpçaq, karluklar haqqında bilgi verdi. O, öz çıxışında ortaq türk əlifbası müzakirələrinin hələ 20 il öncədən sürətlənməsi haqqında da fikirlərini dilə gətirdi. Türk xalqlarının tarixi dil abidələri olan “Kitabi Dədə Qorqud”, “Kutadqu Bilig”, “Manas”, “Divanü Lüğət it-Türk” barədə danışan Ramiz Əskər ən qısa zamanda ortaq türk əlifbasının qəbul edilməsi vacibliyini vurğuladı.

Daha sonra söz alan Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı ortaq dəyərlərimiz, virtual aləmdə aparılan müzakirələr, qarşılıqlı münasibətlər və bu məsələlərdə ortaq türk əlifbasının oynaya biləcəyi rol haqqında fikirlərini səsləndirdi. O, bir neçə il öncə ortaq əlifba olaraq “Orxon-Yenisey” əlifbasını gördüyünü, ancaq praktikliyi baxımından latın əsaslı əlifbanın daha məqsədəuyğun olduğunu söylədi. Eyni zamanda bağımsız türk dövlətlərinin hazırda imkanlarının artdığını da dilə gətirən Əkbər Qoşalı ən qısa zamanda ortaq əlifba məsələsinin həll ediləcəyinə ümidli olduğunu bildirdi.

Tədbirdə əsas məruzəçi kimi çıxış edən Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrət isə məsələyə tarixi yöndən baxmağın vacibliyini söylədi. O hələ 150 il öncə böyük Azərbaycan fikir adamı Mirzə Fətəli Axundzadənin də əlifba islahatı üçün ciddi çalışdığını vurğuladı. Axundzadənin öncə ərəb əlifbasını islah etmək, sonra isə latın əlifbasına keçmək üçün Osmanlı və İran padşahlarına məktublar yazdığını, Osmanlı xanədanının məsələyə müsbət yanaşdığını, ancaq İran tərəfinin pozuculuq etdiyini söyləyən Azər Həsrət bu hərəkatın çar Rusiyasının süqutundan sonra da davam etdiyini bildirdi. 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultaydan sonra türk xalqlarının latın əlifbasına keçdiyini, sonradan isə Sovetlərin siyasəti nəticəsində kirilə keçməsini və ardından da kiril əlifbası üzərində oyunlar oynandığını dilə gətirən Konsey başqanı bütün bunların “parçala, hökm sür” siyasəytinin tərkib hissəsi olduğunu dedi. Çıxışının sonunda o, ortaq türk əlifbası layihəsinin hazırlandığını və onun üzərində müzakirələrin aparılmasını istədiyini bildirdi.

Çıxışçılardan şair Musa Ələkbərli, Türk Aydın, Yusif Nəğməkar, Müşfiq Çobanlı, Çingiz Bayramlı, İlqar İlkin, Aqil Camal, Firudin Əhmədov, Aydın Mədətoğlu, Seymur Həsənli və Tariyel Faziloğlu da ortaq türk əlifbasının tətbiqinin çoxdan vacib olduğunu söyləyərək bu yöndə aparılan işlərdə hər cür dəstəyə hazır olduqlarını bildirdilər. Tədbirin sonunda önümüzdəki həftə İstanbulda keçiriləcək Türk Zirvəsinə məsələylə bağlı müraciət ediləcəyi qərarlaşdırıldı.

Toplantıdan görüntü

Dəyirmi masa haqqında daha geniş bilgi sabah yayınlanacaq.

Oxunma sayı: 8300