Seçki 2005: düşüncələrim və qənaətlərim

Azər H.Həsrət. 24 saat qəzeti, 05 avqust 2008 (Anons)

2005-ci il ölkəmizin tarixində daha bir seçki izi buraxmaqla özünü müxalifətçi hesab edən mənim kimi insanların taleyinə əlavə bir məğlubiyyət də yazdı. Bu məğlubiyyəti nə qədər qəbul etməsək də, onun başqa adı yoxdur. Heç ola da bilməz. Ya zəlzələdən, ya da ki, vəlvələdən, biz məğlub olduq. 2005-ci ilin Milli Məclis seçkilərində “Azadlıq” Bloku başda olmaqla müxalif qüvvələr daha bir dəfə əliyevlər hakimiyyətinə məğlub oldu. Ancaq bunu etiraf etmək üçün özlərində güc tapa bilmədilər…

Mən seçkiyə qatılmaq haqqında qərarımı hələ çox öncədən vermişdim. Özü də ki, bu dəfə artıq yetərincə təcrübəli, millət vəkili olmağa hazır bir insan kimi iddialı idim. Bundan öncə də seçkilərdə iştirakım olmuşdu. Hələ 1995-ci ildə universitet tələbəsi olarkən məşq etmək üçün namizədliyimi irəli sürmüşdüm. Onda həm maddi, həm də siyasi kapitalım zəif olduğundan imza belə toplaya bilmədim və seçkidən çəkildim. Növbəti cəhdim 2000-ci ildə oldu. 9 saylı Xətai Seçki Dairəsindən namizədliyimi irəli sürdüm. Qısa bir müddətə lazım olan imzaları toplayıb DSK-ya təqdim etdim. Orada oturan çox “müdrik” DSK üzvləri mənim təqdim etdiyim imzaların “lazım olan” qədərini saxta elan etdi və səsvermədən kənarda qaldım. Adamlar o qədər “müdrikcəsinə” hərəkət etmişdilər ki, hətta ən yaxın qohumlarıma məxsus imzaları da saxta elan etmişdilər…

2000-ci il seçkilərində mənim dairəmdə Maksim Musayev adlı bir YAP-çının qələbəsini rəsmiləşdirdilər. Ancaq bu “qələbə” ciddi tənqidlərə davam gətirmədiyi üçün nəticələr ləğv edildi və yenidən prosesə qatılma imkanı ortaya çıxdı. Təkrar seçki zamanı namizədliyimi irəli sürməyi düşünürdüm ki, başqa bir müxalifətçi – Yurddaş Partiyasının sədri Mayis Səfərli də namizədliyini irəli sürdü. Onun müxalifətçi kimi daha “stajlı” olmasını nəzərə alaraq geri çəkildim və adamlarımdan da onun üçün işləməyi xahiş etdim. Adı çəkilən şəxs deputat seçildi və… dərhal da müxalifətçiliyin daşını atdı. Necə deyərlər, babalı öz boynuna. Bununla belə 2000-ci il seçkilərində çox ciddi siyasi kapital və təcrübə toplaya bildim və bu, növbəti seçkilər üçün mənə lazım olacaq ciddi amillərdən biri oldu…

2005-ci il seçkilərinə qatılmaq haqqında qərarımı elə 2000-ci ildə vermişdim. Ancaq seçkilərə necə qatılacağımı tam qət etməmişdim. Bununla belə bir şey aydın idi ki, müstəqil namizəd olaraq seçkilərə qatılmaq daha məqsədəuyğundur. Təbii ki, bu zaman məni hansısa siyasi qüvvələrin dəstəkləməsindən imtina etməyi ağlıma belə gətirmirdim. Və hətta arzu edirdim ki, özümə yaxın saydığım qüvvələr məni dəstəkləməyə razı olsunlar. Razı oldular da…

2005-ci ilin parlament seçkiləri öncəsi vicdanlı və ədalətli bir oyuna girişmək qərarına gəldim. Yəni əlimdə olan qeyri-siyasi imkanları seçkiyə qatmamaq qərarını verdim. İlk işim ondan ibarət oldu ki, həmin ilin may ayında könüllü olaraq Mətbuat Şurası üzvlüyündən imtina etdim. Özü də açıq şəkildə bəyan edərək ki, mən siyasətə qatılıram və hesab edirəm ki, bir jurnalist olaraq öz peşəmi siyasi proseslərə alət etməməliyəm. Bunun davamı olaraq elə həmin ilin iyul ayında Azərbaycan Jurnalistlər Konfederasiyası kimi çox nüfuzlu bir qurumun baş katibliyindən də istefa verdim. Həmin andan da demək olar ki, media ilə əlaqələrimi kəsdim. Yəni seçkilərə jurnalist olaraq deyil, siyasətə atılan iddialı bir şəxs kimi qatılmaq qərarı verdim. Bütün bunları ona görə edirdim ki, mənimlə yarışacaq kimsələrə öz iradə və arxayınlığımı nümayiş etdirim. Həm də göstərim ki, vicdanlı və ədalətli siyasi oyun necə olmalıdır…

Beləliklə, jurnalistikadan tam ayrılmış bir şəkildə seçkilərə qatılmaq qərarına gəldim. Qərarım da öncədən bəlli idi: müstəqil namizəd kimi 34 saylı Xətai II Seçki Dairəsindən yarışa qatılmaq. Bu fikrimi bir sıra siyasi xadimlərlə, eləcə də yaxın ətrafımla müzakirə etməyə başladım. Təbii ki, həmin dairənin mənim üçün üstünlükləri vardı və həmin imkanlar seçkini udmağıma şərait yaradacaqdı. Müzakirələr sonucu belə qərara gəldim ki, ən iddiali və ciddi siyasi müxalifət olaraq “Azadlıq” Blokunun dəstəyini almaq üçün müraciət edim. Düzdür, Eldar Namazovun başçılıq etdiyi blokdan da (şəxsən onun özündən deyil) çox ciddi təklif gəlmişdi. Ancaq hesab etdim ki, ideoloji və bir sıra başqa səbəblər üzündən “Azadlıq” Bloku ilə seçkilərə getməyim daha məqsədəuyğun olar. Beləcə fikrimi blokun rəhbərlərindən olan AXCP sədri Əli Kərimliyə bildirdim və demək olar ki, dərhal da onun razılığını aldım. Sağ olsun, müstəqil namizəd kimi məni blokun rəsmi şəkildə dəstəkləməsi üçün hər şeyi edəcəyinə söz verdi. Və etdi də. Ancaq ortaya bir balaca problem çıxdı və biz onu Əli bəylə müzakirə etməli olduq. Bir müddət sonra bəlli oldu ki, Müsavat Partiyasından Nəsib Nəsibli də öz namizədliyini mənim dairəmdən irəli sürmək istəyir. Əli bəy bu xəbəri mənə çatdıranda alternativ haqqında düşünməyimi məsləhət bildi. Əslində onu da deyim ki, mən iki dairəni gözaltı etdiyimdən bu duruma hazır idim və Əli bəyin təklifinə qarşılıq olaraq fikrimi dərhal ifadə etdim: yəni mən namizədliyimi Nəsib Nəsiblinin xeyrinə 34-cü dairədən geri çəkib öz doğma rayonuma – Xaçmaza gedirəm. Orada mərkəzi Xudat şəhərində yerləşən 56 saylı dairədən namizədliyimi irəli sürürəm. Əgər Müsavat Partiyası bu namizədliyə razı olsa “Azadlıq” Blokunun dəstəyi ilə seçkiyə qatılıram. Əks təqdirdə mən blokun dəstəyindən imtina edib namizədliyimi 34-cü dairədən irəli sürürəm və tam bir müstəqil şəxs kimi seçkilərdə iştirak edirəm. Əli bəy mənim bu cür mövqeyimi fədakarlıq kimi dəyərləndirməklə bərabər blokun digər rəhbərləri ilə məsləhətləşdikdən sonra fikrini çatdıracağına söz verdi. Və qısa müddət sonra məlumat verdi ki, blokda təmsil olunan partiyalar mənim 56 saylı dairədən namizədliyimi dəstəkləməyə hazırdır. Buna sevindim və hazırlıqlara başladım. İlk işim Xudat şəhərinə gedib buradakı yerli fəallarla görüşmək oldu. Müsavat və Xalq Cəbhəsi partiyalarının fəalları, həmçinin bir müddət sonra ADP rayon təşkilatının rəhbəri ilə görüşüb seçki taktikamızı müzakirə etdik. Xüsusi olaraq qeyd etmək istərdim ki, elə ilk anlardan dostum Ramazan Əliyevin başçılıq etdiyi Müsavatın yerli təşkilatı öz fəallığı ilə diqqətimi cəlb etdi. Xüsusən gənclərdən ibarət olan bu təşkilatın üzvləri bir anda toplaşıb istənilən işi yoluna qoymağı bacarırdılar. Əlbəttə ki, bloku təmsil edən digər partiyaların fəallarının əməyi də gözardı edilməməlidir.

Lazımi qaydada sənədlərimi toplayıb DSK-ya təqdim etdim. İmza vərəqlərini fəallar arasında payladım və bir neçə günün içində imzalar hazır oldu. Başlanğıc üçün pis deyildi. Qısa müddət ərzində namizədliyim qeydə alındı. Təbii ki, digər namizədlərə də hörmətlə yanaşmağı nəzərdə tuturdum. Bununla belə hesab edirdim ki, mübarizəni hakim YAP-ın namizədinə qarşı aparmalı olacam. O da bəlli oldu. Bu, Xaçmaz rayonuna heç bir dəxli olmayan, ora üçün heç bir fəaliyyəti ilə diqqəti cəlb etməyən Nizami Xudiyev oldu. AzTV-nin rəhbərini mənim dairəmə namizəd “təyin” etmişdilər və öncədən qalib elan etmişdilər. Beləcə namizədlərin qeydiyyatı dövrü bitdi və təbliğat kampaniyası başladı…

İlk görüşümü doğma kəndim Dədəlidən başlamaq qərarına gəldim. Özü də kəndin məktəbinin həyətində. Mən bu məktəbi bitirmişdim. Düz on il bu məktəbdə oxumuşdum. Və insanların, xüsusən də müəllimlərimin yaddaşında xoş izlər buraxmışdım. Yeri gəlmişkən, bütün müəllimlərimə təşəkkür etmək istərdim. Onlar həm sözü gedən görüşdə, həm də ki, kampaniyanın sonrakı günlərində məni kişi kimi dəstəklədilər. Kəndimizdəki görüşdən ən yadda qalan o oldu ki, biz bu toplantıya səsucaldansız getmişdik. Əslində bu da mənim bir fəndim idi. Mən ilk təmaslardan özüm haqda qeyri-adi rəylərin yaranmasına nail olmaq istəyirdim. Beləcə sonradan “Azadlıq karvanı” adlandırdığımız maşın dəstəsi ilə kəndə daxil olduq. Kəndin demək olar ki, bütün başıpapaqlıları məktəbin həyətinə toplaşmışdı. Qaydaya uyğun olaraq ağsaqqallarla əl verib görüşdüm, hal-əhval tutdum. Ramazan bəy toplantını uyğun şəkildə açıq elan etdi və mənim seçki qərargahımın başçısı Elçin Ramazanlıya söz verdi. Qaydaya uyğun çıxışlar, təqdimat, ağsaqqal xeyir-duası səsləndi. Yeri gəlmişkən bu xeyir-duanı verən kənddəki qapıbir qonşumuz Əhəd dayıya da təşəkkür etmək istərdim. Həm də onu qeyd etmək istərdim ki, bu adam Sovetin bərk gedən vaxtında da öz sözünü deməkdən çəkinməzdi. İndi yaşlansa da yenə eyni gümrahlıq və qətiyyətlə sözünü dedi. Daha bir təşəkkürüm isə mənə tarix dərsi keçmiş Abdulrəhim müəllimə ünvanlıdır.

…Söz namizədə verildi və elə o anda da hiss etdim ki, mən deputat olmaq üçün doğrudan da hazıram. Təsəvvür edin ki, açıq və geniş bir meydanda xeyli insan toplaşıb. Və sənin də səsucaldan qurğun yoxdur. Belə olan surətdə səsin və natiqlik qabiliyyətin yerində deyilsə, batdın. Şükürlər olsun ki, mənim belə problemim olmadı. Təbii səsimlə çıxış etməyə başladım və dərhal da insanların diqqətini cəlb edə bildiyimin fərqinə vardım. Bəli, adi kənd adamları mənim nitqimə köklənmişdi. Heç bir mikrofonsuz-filansız mən Tanrının verdiyi bir səslə öz doğma məktəbimin həyətində deputatlığa namizəd olaraq öz doğma müəllimlərimin və həmkəndlilərimin önündə çıxış edirdim. Elə bil mənə vəhy gəlmişdi. İndinin özündə də həmin toplantıdan çəkilən kadrlara baxanda tüklərim biz-biz olur. Bu qədər səlis və yüksək səviyyəli bir nitq söyləyə biləcəyimi təxmin etmirdim. Baxmayaraq ki, özümə inanırdım. Və daha maraqlı bir məqam isə günlər keçəndən sonra həmkəndlim olan bir qadının mənim mikrofonla çıxış etdiyimi iddia etməsidir. Toplantı yerindən iki kilometr aralıda tarlada çalışdığını söyləyən qadın mənə deyirdi ki, mikrofonunun səsi çox güclü çıxırdı. Ona deyəndə ki, mən mikrofonsuz danışırdım, buna heç cür inanmaq istəmədi. Ancaq inanmalı oldu. Çünki bu çıxış kənd camaatının gözü qarşısında olmuşdu…

Bununla da kampaniyamız başladı. Dairəmizə daxil olan bütün seçki məntəqələrini əhatə etmək qərarına gəldik və bütün kəndləri gəzdik. Hər kənddə sadə insanlarla açıq hava görüşlərimiz oldu. Əvvəlcə bu görüşlərə yerli icra nümayəndələrini xəbərdar etməklə gedirdik. Ancaq bəlli olanda ki, bu xəbərdarlıq əleyhimizə işləyir, taktikamızı dəyişməli olduq. Yəni bundan sonrakı görüşlərə xəbərsiz getməyə başladıq. Bəzi dostlarımız əvvəlcə bunun effekt verə biləcəyinə inanmasa da hadisələrin gedişi göstərdi ki, belə daha yaxşıdır.

…Təsəvvür edin ki, qəfildən kənddə bir dəstə adam peyda olur. Onlar hakimiyyətin bütün mərtəbələrində oturan məmurları çəkinmədən tənqid edir, özü də ən uca səslə. Bizim istifadə etdiyimiz texniki vasitələr 200 evlik bir kəndin bu başından digər başına qədər səsimizi çatdırmağa imkan verirdi. Və qəfildən kəndə yayılan səs insanları evdən çıxıb səs gələn tərəfə getməyə sövq edirdi. Beləcə hər kənddə bəzən 100-200 nəfərin iştirak etdiyi açıq hava toplantısı alınırdı ki, bu da hakimiyyətin namizədini narahat etməyə bilməzdi. Hətta iş o yerə çatmışdı ki, hazırda mənim Milli Məclisdəki yerimdə oturan Nizami Xudiyev eyni kənddə daha bir görüş keçirməli olurdu. Görüş deyəndə də əslində eyni adamların kəndbəkənd daşınmasından söhbət gedə bilər. Yəni bir qrup müəllim, həkim, icra və bələdiyyə nümayəndəsi YAP-çı namizədin ardınca düz iki ay Xaçmazın kəndlərini gəzməli olmuşdu. İşin maraqlı tərəfi də o idi ki, həmin adamların böyük bir qismi mənə, yaxud da tərəfdarlarıma xəbər göndərirdi ki, onsuz da biz Xudiyevə səs verən deyilik. Sadəcə işimizi itirməmək üçün onun ardınca gəzməyə məcburuq…

Kampaniya çox maraqlı və coşğun başladı və eləcə də davam edib sona çatdı. Elə ilk gündən başa düşürdüm ki, məni dəstəkləyən, ardımca gələn insanlar təzyiqlərə məruz qala bilər. Ona görə də seçki qərargahıma cəlb etdiyim insanlarla açıq və kişiyana bir söhbət etməyə qərar verdim. Onlara dedim ki, əgər hər hansı hərəkətin önündə mən olmasam onda bir addım belə atmayın. Buna etiraz edən dostlarıma izah etdim ki, bu kampaniyanın öndəri mənəm və bütün hərəkətlər mənim qələbəm üçün edilməlidir. Əgər mən öndə olmasam, onda heç deputat olmağa da layiq deyiləm. Ona görə də kimsə məndən iznsiz və məndən önə keçərək hər hansı hərəkətə yol verməməlidir… Və kampaniyanın sonuna qədər hər bir hərəkətin önündə özüm oldum. Bu işdə mənim yanımdan heç ayrılmayan dostlarım da oldu. Ramazan Əliyev, Elçin və Şövkət Ramazanlılar, Sahib və Balakişi bəylər, Azad Oğlanov, gənc dostumuz Loğman bəy və onun komandası. Bu insanlar mənimlə birlikdə seçkinin həyəcanını yaşamaqla bərabər bütün iş-güclərini atıb gecə-gündüz çalışırdılar. Mən də onlara layiq olmağa çalışırdım. Misal üçün, elə ilk günlərdən birində axşam vaxtı mənə zəng gəldi ki, Loğman bəyi polis incidib. Səhərisi günü erkəndən Ramazan bəyi də yanıma alıb Xudatın o zamankı polis rəisi Azər Əliyevin yanına getdim. Bu, onunla ilk görüşüm idi. Özümü təqdim edib Loğman bəylə bağlı məsələdən narahatlığımı ifadə etdim. Ədalət naminə deməliyəm ki, adaşım məni bir polisə xas olmayacaq qədər nəzakətlə qəbul edib dinlədi. Biz anlaşa bildik. Mən ondan xahiş etdim ki, əgər kampaniyama qoşulan hər hansı adamla bağlı probleminiz olsa mütləq mənimlə əlaqə saxlayın. Bu adamlar mənə görə meydandadır və onların taleyinə də mən cavabdehəm. Tutulacaq, döyüləcək və hətta öldürüləcək adam varsa o da mənəm. Özüm durub dururkən mənim kampaniyamla məşğul olan kimsəyə bir söz belə deyilməməlidir. Təbii ki, bütün bunlar bizim qanunlar çərçivəsində davranmağımızın qarşılığında mümkün idi. Və biz polis rəisini əmin də etdik ki, heç bir qanun pozuntusuna yol verən deyilik. Sağ olsun, sözünü tutdu. Biz də sözümüzü tutduq. O cür hay-küylü kampaniyamız dövründə polislə aramızda demək olar ki, heç bir qarşıdurma olmadı. Yalnız bir haldan başqa.

Davamı

Oxunma sayı: 8395
Share