Türk Zirvəsində ortaq türk əlifbası da gündəmə gətiriləcək

Azər Həsrət

Bakı, Yalquzaq.com, 15.09.2010 – Bəlli olduğu kimi 15-16 sentyabr tarixlərində İstanbulda türk dövlət başçılarının qatılımı ilə növbəti Türk Zirvəsi gerçəkləşəcək. Zirvəyə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Türkmənistan prezidentləri qatılacaq. TürkPA baş katibi Ramil Həsənovun da qatılacağı zirvədə Özbəkistan prezidentinin iştirakı hələ də sual altındadır.

Zirvədə müzakirə ediləcək məsələlər arasında ortaq türk əlifbası da var. Bu haqda Yalquzaq.com-a Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrət bilgi verib.

Ortaq türk əlifbası yazı nümunələri

Bəlli olduğu kimi Sovetlərin çökməsindən sonra ortaq türk əlifbası dəfələrlə ciddi müzakirə edilsə də son illər bu məsələ demək olar ki, gündəmdən çıxarılmışdı. Bu durumu nəzərə alan Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrət bu ilin avqustundan məsələni yenidən gündəmə gətirərək ən qısa zamanda ortaq türk əlifbası layihəsini də ictimaiyyətin müzakirəsinə təqdim etmişdi. Türk dünyasında geniş əks-səda doğuran məsələ ciddi dəstək görməklə bərabər ən qısa zamanda icrası yönündə çağırışlar da səslənmişdi. Çağırışlardan hərəkət edərək Yeddi Dövlət – Bir Millət Konseyi bu il sentyabrın 7-də Dünya Gənc Türk Yazarlar Birliyi ilə birlikdə Azərbaycandakı Atatürk Mərkəzində ortaq türk əlifbasının müzakirəsini də təşkil etmişdi. Elm və ədəbiyyat adamları, media ictiamiyyəti və gənclərin geniş qatılımı ilə keçən müzakirə sonucu Türk Zirvəsinə müraciət edilməsi qərara alınmışdı.

Azər Həsrətin verdiyi bilgiyə görə, qərara uyğun olaraq müraciəti hazırlamazdan öncə o, TürkPA-nın baş katibi Ramil Həsənovla əlaqə saxlayaraq bu müzakirələr haqqında məlumat verib və ondan ortaq türk əlifbasını Türk Zirvəsindəki çıxışı zamanı gündəmə gətirməyi xahiş edib. Ramil Həsənov da öz növbəsində məsələyə xüsusi önəm verdiyini və çıxışında bu məsələnin də yer alacağını bildirib. O, həmçinin qeyd edib ki, Türk Zirvəsindən sonra ortaq əlifba məsələsilə bağlı çalışmaları sürətləndirmək planı da var. TürkPA bunun üçün Azərbaycandan və türk dövlətlərindən mütəxəssislərin də cəlb ediləcəyi ortaq çalışmalara başlayacaq.

Azər Həsrət bu gəlişməni ciddi irəliləyiş adlandıraraq ən qısa zamanda türk dövlət başçılarının ortaq əlifba icraatlarına başlayacağına şübhə etmədiyini bildirib.

Oxunma sayı: 10671
Share

1 Comment to "Türk Zirvəsində ortaq türk əlifbası da gündəmə gətiriləcək"