Seçki 2005: düşüncələrim və qənaətlərim

Azər H.Həsrət. Dərc edilib: 24 saat qəzeti, 06 avqust 2008. Əvvəli ötən sayımızda

…Xaçmaz şəhərinin içindən keçib ucqar bir kəndə görüşə gedirdik. Xaçmaz şəhər dairəsindən olan namizədimizi dəstəkləmək üçün bütün gücümüzü də işə salmışdıq. Elə şəhərin mərkəzini keçirdik ki, tində duran iki polis nəfərindən biri bizi görüb tez əlini telefonuna atdı və lazım olan yerə xəbər verdi. Bir neçə dəqiqə sonra bir nəfər polis zabiti mülki maşınla qəza vəziyyəti yaradaraq bizim maşın karvanımızın qarşısını kəsdi. Sonra da bir az kobud şəkildə səsimizi kəsməyi tələb etdi. Orada nələr baş verdiyini sadəcə görmək lazım idi. Bizim maşınlardakı adamlar bir anda yerə düşüb Xaçmazın tən ortasında üç dəqiqə ərzində bir mitinqə başladılar. Səs-küyə ətrafdakı insanlar toplaşmağa başladı və təsəvvür edin ki, təşkil olunsaydı belə elə bir açıq hava tədbiri alınmazdı. Beləcə şəhərin ortasında özü-özünə bir etiraz aksiyası başladı və sonradan gələn polislər də durum dəyərləndirməsindən sonra bizim yolumuzu açmaqdan başqa çarələrinin olmadığını görüb yolu boşaltdılar və heç bir problem olmadığını dedilər. Karvanımız yoluna davam etdi. Biz getdik. Uzaq-ucqar kəndlərə demokratiya, azadlıq havası çatdırmaq üçün getdik…

Söhbət ucqarlardan düşmüşkən onu da əlavə edim ki, rəqibim Nizami Xudiyev TV kanallarında bir reklam yayınlayırdı. Reklamda iddia edilirdi ki, o, Xaçmazın ucqar dağ kəndlərindəki seçicilərlə görüşlər keçirir və buraların seçiciləri onu dəstəkləməyə söz verir. Təəccüblü bir şey yoxdur, deyilmi? Xaçmazın relyefinə bələd olmayan Nizami Xudiyev kimi adamlar üçün belə bir reklam təəccüblü olmaya bilər. Ancaq iş orasındadır ki, Xaçmaz rayonunun ərazisində nəinki dağ, heç təpə belə yoxdur. Elə isə cənab Xudiyev Xaçmazın hansı ucqar dağ kəndlərində seçicilərlə görüş keçiribmiş? Bax, belə bir adamı YAP hakimiyyəti bizə zorla deputat eləyib və bu adamın Xaçmaz seçicilərinə bu günə qədər heç bir faydası dəyməyib…

Bir də qeyd olunacaq daha bir maraqlı məqam var. Xudat şəhər icra nümayəndəliyi şəhərdə namizədlərin seçicilərlə görüşləri üçün yerlər ayırmışdı. Bu yerlərin arasında Xudat Mədəniyyət Evinin önündəki meydan yox idi. Ancaq onlar öz ağıllarına uyğun biclik edərək Nizami Xudiyev üçün orada konsert təşkil etdilər. Faiq Ağayevdən tutmuş bilməm kimə qədər AzTV efirinə möhtac müğənnilər gəlib Xudat camaatına konsert verdi. Maraqlı olan bilirsiniz, nədir? Konsert zamanı Nizami Xudiyevə söz veriləndə ətrafındakılardan başqa kimsə onu alqışlamamış, əl belə çalmamışdı. Ancaq həmin tədbiri də AzTV-də göstərib xalqın bu namizədə sevgisi kimi qələmə verdilər…

Biz də iddia etdik ki, hakim partiyanın namizədi harda seçicilərlə görüşübsə, orada öz mitinqimizi keçirməliyik. Ancaq onu da bilirdik ki, buna izn verən deyillər. Ona görə də maraqlı bir taktikaya əl atdıq. Rəsmən müraciət edib Mədəniyyət Evinin qarşısında seçicilərlə görüş keçirmək istədiyimizi bildirdik. Məktubumuz icra nümayəndəsinə çatandan sonra məni ora dəvət edib “izahat” verdilər ki, qeyd olunan yerdə toplantı keçirmək olmaz. Mən deyəndə ki, necə olur YAP-ın namizədinə izn verilir, bizə yox? Deyildi ki, orada sadəcə konsert olub, ancaq siz seçicilərlə görüş keçirmək istəyirsiniz. Dedim, nə deyirik ki, siz izn verməyin, bizsə keçirəcəyik. Gəlin polislə, əsgərlə bizim tədbirə müdaxilə edin, məsuliyyəti də sizin olsun…

İcra nümayəndəliyindən çıxıb seçki qərargahımızın üzvləri ilə görüşdüm. Təcili olaraq seçiciləri mitinqə çağıran elanlarımızı divarlara yapışdırmalarını istədim. Yer də həmin yer idi: Xudat Mədəniyyət Evinin qarşısı! Əslində biz orada mitinqin normal baş tutacağına əmin deyildik. Ancaq bizə qarşı sərtlik ediləcəyini də düşünmürdük. Buna görə də elan etdiyimizdən fərqli bir planı ağlımızda tutub hərəkətə keçdik.

…Mitinq günü gəldi. Xudatda bir canlanma vardı. Bu da təbii idi. Kiçik bir əyalət şəhərini silkələyə biləcək bir hadisə gözlənirdi. Özü də ona görə ki, biz artıq iki ay idi Xudat da daxil olmaqla dairəmizin bütün yaşayış məntəqələrində görüşlər keçirib insanları hərəkətə gətirmişdik. Bunun məntiqi sonluğunu hər kəs gözləyirdi. Hətta başqa namizədlərin Xudatda adam saymadığı (nə böyük rəzalət!) qaraçıların məhəlləsində də görüşümüz olmuşdu. Özü də çox təmtəraqlı və səs-küylü. Qaraçılar bizə deyirdi ki, həyatlarında ilk dəfə belə bir şey görürlər. Heç vaxt heç bir siyasət adamı onların məhəlləsinə gəlib dərdləri ilə maraqlanmayıbmış… Əslində bunu bizə təkcə Xudatın qaraçıları deyil, görüş keçirdiyimiz bir sıra balaca kəndlərin camaatı da demişdi.

…Heç yadımdan çıxmaz, balaca bir kəndə görüşə getmişdik. Cəmi otuz evi vardı. Ancaq bizimlə görüşə azı yüz adam gəlmişdi. Və deyirdilər ki, Sovet İttifaqı dağılandan bizim kəndə heç bir rəsmi şəxsin ayağı dəyməyib…

Nə isə. Xudatda mitinq hazırlıqları sona çatdı. Saat üçdə bizim sonuncu mitinqimiz məhz şəhərin mərkəzində olmalıydı. Saat ikidən adamlar meydana toplaşmağa başlamışdı. Bizim duruma nəzarət edən adamlarımız da orda idi. Onlara demişdik ki, əgər hər hansı hərəkətlənmə olsa dərhal bizə xəbər versinlər. Bir müddət sonra bu xəbər gəldi. Bizə bildirdilər ki, polis və icra nümayəndəsi meydana gəlib camaatın dağılmasını tələb edir. Təxminən beş yüz metrlik məsafədəydik. Ona görə də dostlarımıza dedim ki, indi biz piyada şəhərin mərkəzindən keçib mitinq yerinə gedəcəyik. Hər kəs təmkinli olmalıdır. Heç bir təxribata, xüsusən də bizi dəstəkləməyə gəlmiş insanlara qarşı zorakılığa yol vermək olmaz. Bunu deyib yola düzəldik. Yol boyu şəhər sakinləri bizə baxıb maraqla nə baş verəcəyini gözləyirdi…

Meydana daxil olduq və bizi görən insanlar “Azadlıq” və “Azər Həsrət” şüarlarını qışqırmağa başladı. Meydan lərzəyə gəldi. Bu hayqırtılar yeni-yeni insanların meydana axmasına səbəb oldu. İnsanların arasından keçib polislərə və icra nümayəndəsinə yaxınlaşdıq. Bizə vaxtı uzatmaq lazım idi. Ona görə də salamlaşıb hal-əhval tutduq. Nə baş verdiyini, problemin nədən ibarət olduğunu soruşduq. Onlar bizə bildirdilər ki, bu meydanda mitinq keçirmək qanunsuzdur. Qarşılığında biz də dedik ki, bu qədər insanı dağıda bilmərik. Bir neçə dəqiqə beləcə bayırda danışıqlar aparandan sonra razılığa gəldik ki, mədəniyyət evinin içərisinə girib söhbət edək. İçəridə söhbətimiz onun üzərində quruldu ki, ya biz mitinqə gələnləri mədəniyyət evinin zalına toplamalıyıq, ya da ki, icra nümayəndəliyinin təyin etdiyi mitinq yerinə – dəmir yolunun altındakı stadiona aparmalıyıq. Biz deyəndə ki, adamlarımız zala yerləşməz, onlar başqa bir təklifləri olmadığını, mitinqi stadionda davam etdirməli olduğumuzu dedilər. Elə bizə də bu lazım idi. Əslində mitinq üçün yer seçəndə ağlımızda tutduğumuz başqa hərəkətlər idi ki, onlar da baş verirdi. Yəni biz planlaşdırmışdıq ki, polis və icra nümayəndəliyi Mədəniyyət Evinin qarşısında mitinqə izn verməyəcəyi təqdirdə Xudatın içindən yürüş etməklə stadiona gedəcəyik. Bu isə balaca bir şəhərin demək olar ki, yarısını əhatə edirdi və insanlara çox ciddi təsir imkanı yaradırdı. Elə belə də oldu. Biz bayıra çıxıb toplaşanlara elan etdik ki, stadiona gedirik. Planımızdan xəbərsiz olan tərəfdarlarımız etiraz edəndə göz vurub him-cimlə anlatdıq ki, belə lazımdır. Onlar bizi anlayınca hərəkətə keçdik. Mindən çox insan Xudat kimi balaca bir əyalət şəhərinin içində siyasi tələblərlə yürüşə başlamışdı. Təsəvvür edin ki, hakimiyyət nümayəndələri bundan nə qədər pərişan olmuşdular. Müşahidəçilərimizin verdiyi məlumata görə, deyirmişlər ki, kaş onları Mədəniyyət Evinin qarşısından uzaqlaşdırmayaydıq. Əslində düz düşünürmüşlər. Çünki biz stadiona çatanda sayımız artıq iki mini keçmişdi…

Mitinqimiz də möhtəşəm oldu. Uğurlu kampaniyanın məntiqi sonluğu elə belə də olmalıydı. Bir əyalət şəhəri uzun müddətdən sonra ciddi siyasi canlanma dövrünü yaşayırdı. Xudatda buna bənzər hərəkətlənmə 1990-cı ilin yanvarında olmuşdu. O zaman Bakıya silah və əsgər gətirən qatarların qarşısını kəsmək üçün insanlar relslərin üzərinə uzanaraq yolu bağlamışdılar… On beş il sonra isə biz bu şəhərdə yeni bir hərəkat başlatdıq və uğurlu sona qədər gətirib çıxardıq. Əlbəttə ki, bu hərəkatın bu cür uğurlu alınmasını heç də öz ayağıma yazmaq istəməzdim. Yerlərdəki fəalları, xüsusən də başda Ramazan Əliyev olmaqla Müsavat Partiyası rayon təşkilatının üzvlərini qeyd etməmək olmaz. Bu insanlar doğrudan da cəngavər, qorxmaz aslanlar idilər! Eşq olsun onların hamısına!

…Kampaniyada son akkordu beləcə vurduq. İndi növbə səsvermənin idi. Səsvermə günü günortaya qədər hər şey qaydasında gedirdi. Düzdür, bəzi qüsurlar da baş vermişdi. Ancaq əsas həyəcanlı xəbərlər günortadan sonra gəlməyə başladı. Məntəqələrdən müşahidəçilərimizi çıxarmağa başlamışdılar. Hətta açıq şəkildə seçicilərə təzyiq edərək Nizami Xudiyevə səs verməyə məcbur edirdilər. Etiraz edənləri isə yaxınlıqdakı polislə hədələyirdilər. Buna baxmayaraq adamlarımız dirəniş göstərir, son ana qədər mübarizə aparmağa çalışırdılar. Axşama doğru seçki qərargahımızın üzvləri ilə birlikdə durum dəyərləndirməsi etdik. Vəziyyəti təhlil edib belə qənaətə gəldik ki, hakimiyyət günorta vaxtlarında durumun kəskin şəkildə namizədlərinin əleyhinə olmasını öyrənincə hərəkətə keçib və nəyin bahasına olursa olsun nəticələri Nizami Xudiyevin xeyrinə saxtalaşdırmaq istəyir. Təbii ki, biz də boş oturmamışdıq və hər cürə şəraitə uyğun hərəkət etmək imkanlarımız vardı. Belə demək mümkünsə, seçki kampaniyası başlayandan həm yerli hakimiyyət orqanlarına, həm də məni dəstəkləyən insanlara izah edə bilmişdim ki, istənilən formada mübarizəyə duruş gətirib qalib gəlmək üçün əlimdə hər cür imkan var. Və bunu anladıqlarından idi ki, polis və yerli icra, bələdiyyə orqanlarının nümayəndələri digər namizədlərlə müqayisədə mənim kampaniyama elə də ciddi əngəllər törədə bilmirdilər. Yalnız özfəaliyyət şəklində bəzi şəxslər hakimiyyətə yarınmaq üçün daha qabağa getmək istəyəndə də elə hakimiyyətin nisbətən ağlıkəsən nümayəndələri onları yerinə oturdurdu.

…Burada bir hadisəni də xatırlamadan keçə bilmərəm. Xudatkənddə (Xudat şəhəri ilə qarışdırmamalı) seçicilərlə görüşümüz zamanı əslən Ermənistanlı və o zamankı səhiyyə naziri Əli İnsanovun tərəfdarı olduğu deyilən bir həkim bizə qarşı kəskin aqressiya nümayiş etdirmək istədi. Təbii ki, cavabını alıb meydandan çəkilməli oldu. Sonralar öyrəndim ki, Əli İnsanov həbsə atılandan sonra bu adam Müsavat fəallarına yaxınlaşaraq onlarla iş birliyi etmək istəyib. Mənim dostlarım isə ona yerini göstərməli olublar…

…Səsvermə gününün sonuna doğru durum dəyərləndirməsi etdik. Artıq normal seçki keçirilmədiyi faktlarla öz təsdiqini tapmışdı. Nəzərə alsaq ki, o zaman “Azadlıq” Bloku narıncı inqilab etmək haqqında vədlər verirdi, biz də bütün atributları ilə inqilaba hazır idik. Qərarsa mənim olmalı idi. Yəni dairənin öndəri olaraq əvvəldən sonadək bütün addımlar mənim qərarımla atıldığı üçün “inqilab” qərarını da mən verməli idim. Dostlarım nə düşündüyümü soruşmazdan öncə “öl de, ölək!” deyə məni bir az da ürəkləndirdilər. Bu o demək idi ki, həmin axşam mən DSK-nı işğal qərarı versəydim, yəqin ki, kampaniyamın fəalları bunu cəmi on beş dəqiqəyə həll edəcəkdilər. Ancaq bunun baş verməsi və nəticələrinin istədiyimiz kimi olması üçün mərkəzdə – Bakıda ciddi addımlar atılmalı idi. Təəssüflər olsun ki, bu baş vermədiyindən mən dostlarımı bada verməmək üçün heç bir kəskin hərəkətə izn vermədim… Və bu gün də hesab edirəm ki, ən düzgün qərarı onda vermişəm. Çünki mən dostlarıma komanda versəydim ki, inqilab edirik, biz bir dairədə nəyəsə nail ola biləcəkdik. Ancaq bu, çox qısa müddətli bir uğur olacaqdı. Ən geci bir gün içərisində polis və ordu bizi “devirib” hamımızı həbs edəcəkdi. Yəqin ki, məni də gözdən salmaq üçün azad edəcəkdilər və qınaq ünvanı olacaqdım. Ona görə də mənim verəcəyim istənilən qərarı dəstəkləyib icra etməyə hazır olan dostlarımı bada verməmək üçün təkbaşına hərəkətin mənasız olduğunu bildirdim və biz gözləməyə başladıq. Nəticələr gəlməyə başlayanda artıq bəlli oldu ki, tam bir saxtalaşdırma vasitəsilə rəqibimi qalib elan edirlər. Bizim həmin gecə nələr çəkdiyimizi bir Tanrı bilir, bir də ki, özümüz. İnqilabdan əsər-əlamət yox idi. Millətin başını neçə aydır inqilabla piyləyən “böyük öndərlərimiz” heç bir hərəkətə keçmirdilər. Heç bizə zəng edib hansı addımları atmalı olduğumuzu da deyən yox idi. Əslində bunun belə olacağını mən səsverməyə iki həftə qalmış duymuşdum. Ancaq insanların mübarizə əzmini qırmamaq üçün heç kimə heç nə demirdim.

…Seçki kampaniyası dövründə ABŞ təşkilatlarından birinin təmsilçisi bizim dairəyə də təşrif buyurmuşdu. Onunla çox uzun söhbətimiz oldu. Gənc xanım olan bu amerikalı mənim kampaniyamın gedişi ilə maraqlananda bircə onu dedi ki, əgər bütün dairələrdə sizinki kimi kampaniya aparılsaydı yəqin ki, rahatca inqilab edə bilərdiniz. Amerikalı nümayəndə mənə deyirdi ki, şəxsən özü və başqa həmkarları Azərbaycanın bütün bölgələrini gəziblər və “Azadlıq” Bloku namizədlərinin elə də ciddi kampaniya aparmasının şahidi olmayıblar. Yəni o, mənə deyirdi ki, sizin blokun işi inqilablıq deyil. Əslində o, demədən də mən bunu anlayırdım. 2004-cü ildə Ukraynada keçirilən prezident seçkisində (narıncı inqilab zamanı) mən bu ölkənin Çerkassı vilayətinin uzunmüddətli məsul koordinatoru idim. İnqilabın necə və hansı şəraitdə baş verdiyini öz “dərimdə” hiss etmiş adam kimi başa düşürdüm ki, “Azadlıq” Bloku buna hazır və layiq deyil. Bununla belə artıq gec idi və geri çəkilmək də olmazdı…

Davamı

Oxunma sayı: 8339