Azər Həsrət siyasi mənsubiyyətinə aydınlıq gətirir

Azər Həsrət

Bakı, AzerHasret.com, 24.09.2010 – 34 saylı Xətai II seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrət bəzi çevrələrdə özünün siyasi mənsubiyyətilə bağlı dolaşan fikirlərə aydınlıq gətirməyə zərurət olduğunu bildirib. Xüsusən də seçki dövründə bu cür məsələlərin qaranlıq qalmasının zərərli ola biləcəyini qeyd edən namizəd 21 il öncə başlayan siyasi fəaliyyətlərinin geniş ictimaiyyətə çox da bəlli olmayan hissələrini açıqlığa qovuşdurmaqla özü haqda yaranması ehtimal edilən yanlış təsəvvürlərə son qoymaq fikrindədir.

Azər Həsrətin seçki qərargahından verilən bilgiyə görə Konsey başqanı ilk siyasi addımlarını 1989-cu ildə – Azərbaycan Xalq Cəbhəsi yarandığı zamandan atmağa başlayıb. Xalq hərəkatının ilk günlərindən fəal şəkildə onun sıralarına qoşulduğunu deyən Azər Həsrət 1991-ci ilin sonlarına qədər rəsmi şəkildə AXC üzvü olub. Bundan sonra isə yaşayış yerini dəyişməsi ilə əlaqədar AXC-dən rəsmən ayrılsa da onun yerlərdə dəstəklənməsində fəallığını davam etdirib. 1992-ci ildə Əbülfəz Elçibəy prezident seçildikdən sonra AXC-yə bərpa edilməsilə bağlı təklif alsa da bunu rədd edib. “Düşündüm ki, artıq AXC hakimiyyətə gəlib və mən yenidən ona üzv olsam insanlar elə düşünəcək ki, hansısa vəzifədə gözüm var. Çünki o dönəmdə bir çox kommunistlər belə vəzifədən ötrü AXC üzvü olurdular. Mənsə bunu məqbul saymırdım və bu qurumdan kənarda qalmağı üstün tutdum”, – deyə 34 saylı Xətai II seçki dairəsinin namizədi bildirib.

Sonrakı dövrlərdə də Xalq Cəbhəsinə rəğbətini gizlətməyən, hətta bir neçə dəfə bu quruma üzvlük haqqında düşünən Azər Həsrət jurnalist fəaliyyətilə məşğul olduğu üçün siyasətdən uzaq durmağa çalışıb: “Mən jurnalistin siyasi mənsubiyyətini məqbul hesab etmədiyim üçün rəğbətim olan siyasi qüvvənin sıralarına qoşulmurdum. Ancaq 2001-ci ildə AXCP sədri Əli Kərimliyə qarşı ədalətsiz təbliğat aparıldığı dövrdə məhz ona dəstək olmaq məqsədilə bu partiyanın sıralarına qoşulmaq haqqında açıqlama ilə çıxış etdim. Sonrakı mərhələdə hətta qurumun Xətai rayon təşkilatına formal da olsa ərizə ilə müraciət edərək bu bəyanatın boş bir şey olmadığını göstərdim. Ancaq təbii ki, fəaliyyətim daha çox jurnalistikaya aid olduğu üçün partiyanın rayon təşkilatı ilə əlaqələrim demək olar ki, çox qısa oldu və bir müddət sonra ümumiyyətlə kəsildi. Və faktiki olaraq partiyasız bir şəxs kimi 2005-ci ildə keçirilən Milli Məclis seçkilərinə qatıldım”.

2005-ci ildə müxalif “Azadlıq” blokunun namizədləri sırasında olmasına da aydınlıq gətirən Azər Həsrət bunları deyib: “Təbii ki, “Azadlıq” ən iddialı müxalif blok idi. Mən də bunu nəzərə alaraq öz ictimai-siyasi təcrübəmi bu siyasi qüvvənin imkanları ilə birləşdirmək fikrində idim. Ona görə də o zaman yaxın olduğumuz AXCP-nin rəhbərliyinə bunu bildirdim. Və 2005-ci ildə də 34-cü dairəyə iddia edirdim. Lakin Müsavatın namizədi Nəsib Nəsibli də bu dairəyə iddia etdiyi üçün qarşılıqlı anlaşma şəraitində mən güzəştə getdim və namizədliyimi 56 saylı Xaçmaz kənd seçki dairəsindən irəli sürdüm. Təbii ki, həmin seçki kampaniyasında “Azadlıq” bloku mənim üçün bir qəpik belə pul xərcləmədi. Çünki özüm də blok rəhbərliyinə bildirmişdim ki, mənə sadəcə siyasi dəstəyin bəyan edilməsi yetərlidir. Əlbəttə ki, bu yerdə Müsavat Partiyası Xaçmaz rayon təşkilatının fəallarının və xüsusən də onun sədri Ramazan Əliyevin zəhmətləri unudulmamalıdır”.

2005-ci il seçkilərindən sonrakı mərhələyə də toxunan Azər Həsrət deyib ki, rəsmi partiya üzvlüyü olmasa da hər zaman AXCP-nin yanında olub. Lakin 2005-ci ilin dekabrında hələ də özünə bəlli olmayan səbəblərdən bu siyasi cəbhədən uzaqlaşdırılıb. Sonrakı iki il ərzində bir qədər istirahətə üstünlük versə də səhhətində yaranan problemlər üzündən bu “istirahəti” daha bir il uzatmalı olub. Yalnız 2008-ci ildə keçirilən prezident seçkilərində “Seçki 2008” QHT Koalisiyasının qurucularından biri kimi bu siyasi kampaniyada müşahidənin təşkiliylə məşğul olub. 2009-cu ildən isə hər zaman məşğul olduğu türk dünyası çalışmalarını daha sürətlə davam etdirmək üçün Türkiyədə yeni fəaliyyətə başlayan Yeddi Dövlət – Bir Millət Kültür və Dayanışma Dərnəyinin baş təmsilçisi olma təklifini qəbul edib və qeyri-siyasi platformada çalışmağa davam edib.

“Göründüyü kimi mənim siyasi həyatımda partiya fəaliyyəti olmayıb. Yalnız 2005-ci il seçkilərindən sonra AXCP-də görəv üstlənmək planım vardı. Ancaq qeyd etdiyim kimi həmin siyasi kəsimdən uzaqlaşdırıldığım üçün bu baş tutmadı. Bununla belə sonrakı mərhələdə bir neçə partiyadan hətta ikinci şəxs səviyyəsində vəzifə təklifləri alsam da bunlardan nəzakətli bir şəkildə imtina edərək müstəqil fəaliyyətə üstünlük verdim. Ancaq bu o demək deyil ki, partiya fəaliyyətindən ömürlük imtina edirəm. Çox güman ki, siyasi proseslərin gedişindən asılı olaraq yaxın zamanlarda pariyalaşma məsələm ətrafında düşünməli olacam”, – deyə Azər Həsrət fikrini yekunlaşdırıb.

Yeri gəlmişkən onu da deyək ki, Azər Həsrətin biografiyası ilə www.azerhasret.com/?page_id=1018 səhifəsində tanış olmaq mümkündür.

Oxunma sayı: 8925
Share

1 Comment to "Azər Həsrət siyasi mənsubiyyətinə aydınlıq gətirir"