A.Həsrət: Namizədlərinin yerini dəyişmək YAP-ın müstəsna hüququdur

Azər Həsrət

Bakı, AzerHasret.com, 29.09.2010 – Xəbər verildiyi kimi Yeni Azərbaycan Partiyası vahid siyahı üzrə namizədliyini irəli sürdüyü üzvləri ilə bağlı qərara yenidən baxaraq iki seçki dairəsində onların yerini dəyişib. Bu namizədlər arasında Milli Məclisin üzvü Gülər Əhmədova da var. Öncə namizədliyi 15-ci seçki dairəsindən irəli sürülən millət vəkili imza toplama kampaniyasını da başa vurmasına baxmayaraq YAP onun həmin dairədən geri çəkilərək 34 saylı Xətai II seçki dairəsindən namizədliyini irəli sürməsini təmin edib. Bu isə öz növbəsində dairədəki mübarizə şəraitinə təsirsiz ötüşməyəcək. Ən azından ona görə ki, həm millət vəkili olması, həm də hakim YAP tərəfindən dəstəklənməsi bu namizədin digər iddialı namizədlərə qarşı dirəniş göstərə bilməsinə şərait yaradacaq. Məsələ ilə bağlı fikrini öyrəndiyimiz 34 saylı Xətai II seçki dairəsinin ən iddialı namizədi Azər Həsrət, deyəsən, YAP-ın bu gedişindən heç də rahatsız deyil.

Azər Həsrətin seçki qərargahından verilən bilgiyə görə o, seçki kampaniyası dövründə hər cür gözlənilməz gedişlərə hazır olduğundan YAP-ın namizəd yerdəyişməsinə də normal yanaşdığını bildirir: “Hər şeydən öncə nəzərə almalıyıq ki, YAP da daxil olmaqla istənilən partiyanın öz namizədləri ilə bağlı qərarlarına yenidən baxması müstəsna hüququdur. Burada hay-küyə səbəb olacaq heç bir hal baş verməyib. Yəni hakim partiya yenidən durum dəyərləndirməsi yaparaq qərara gəlib ki, öz namizədlərindən birini başqa dairəyə keçirsin. Təbii ki, bütün bunlar qanun çərçivəsində baş verdiyi üçün bizim irad tutmağa haqqımız yoxdur. Digər tərəfdən də bizim dairədə 20-yə qədər deputatlığa iddialı şəxs var və onların sırasında kiçik bir dəyişikliyin edilməsi heç nə ifadə etmir. Mən əvvəlki əhvalda öz kampaniyamı aparıram və rəqiblərimlə bağlı heç bir əndişəm yoxdur”.

Hakimiyyətin öz namizədinin qələbəsini təmin etmək üçün inzibati resurslardan gen-bol istifadə edəcəyi ilə bağlı ehtimala da 34 saylı Xətai II seçki dairəsinin namizədi çox təmkinli münasibət bildirib: “Əlbəttə ki, 2005-ci ildə 56 saylı Xaçmaz kənd seçki dairəsində ciddi fərqlə əldə etdiyim qələbənin rəsmiləşdirilməsinə inzibati əngəllərin olduğunu nəzərə alsaq belə ehtimal etmək olar ki, eyni hal indi də təkrarlana bilər. Bununla belə düşünürəm ki, builki seçkilər daha demokratik və şəffaf keçiriləcək və belə olan halda yalnız seçicilərin seçdiyi namizəd də qalib olacaq. Mən inanmıram ki, hansısa məmurlar yenidən seçki proseslərinə müdaxilə edərək həm dövlətimizi, həm də prezidentimizi pis vəziyyətdə qoymaqla mənim kimi fəal mövqeyi olan vətəndaşları narazı salmağa cürət edəcəklər. Ən azından mən buna inanıram və ona görə də seçkiyə arxayın bir şəkildə qatılıram”.

Oxunma sayı: 6463

1 Comment to "A.Həsrət: Namizədlərinin yerini dəyişmək YAP-ın müstəsna hüququdur"