Seçki 2005: düşüncələrim və qənaətlərim

Azər H.Həsrət. Dərc edilib: 24 saat qəzeti, 07 avqust 2008. (Əvvəli ötən sayımızda)

Amerikalı xanım haqlı idi. Xaçmazın da daxil olduğu Şimal bölgəsində “Azadlıq” Bloku özünü hiss etdirə bilməmişdi. Ona görə belə olmuşdu ki, blokun namizədləri çox zəif idi. Bakıdan çıxıb Sumqayıtı keçəndən sonra Xızı, Siyəzən, Dəvəçi, Quba, Xaçmaz və Qusar kimi rayonlardakı seçki dairələrində blokun fəaliyyəti gözə dəymirdi. Yalnız Xudatın mərkəz olduğu mənim dairəm və bir az da Bahəddin Həziyevin namizəd olduğu Siyəzən rayonunda “Azadlıq” Bloku özünü hiss etdirə bilmişdi. Bu hissetdirmə də blokun hesabına deyil, namizədlərin öz hesabına baş vermişdi. Bakıdan Rusiya sərhədinə hərəkət edənlər heç bir yerdə narıncıların rəmzlərinə rast gələ bilməzdilər (56-cı dairə istisna olmaqla). Hətta iş o yerə çatmışdı ki, bizimkilər blokun qonşu dairələrdəki namizədlərini tapa bilmirdilər. Məsələn, bu günə qədər də biz Qusardan kimin namizəd olduğunu öyrənə bilmədik. Yaxud da ki, Quba və Dəvəçi rayonlarındakı dairələrdə bizim namizədlərimizin nə işlə məşğul olduğunu müəyyən etməyi bacarmadıq. Yalnız 55 saylı Xaçmaz şəhər seçki dairəsində Müsavatın namizədi Məlahət xanım Mürşüdlü ilə müəyyən təmaslarımız oldu. Onun da bu bölgəyə aidiyyatının yoxluğu (Tovuzludur), həm də maddi təchizat imkanlarının aşağı olması normal kampaniya aparmağa imkan vermirdi. Ona görə də bir daha vurğulamaq istərdim ki, Sumqayıtdan Şimala doğru böyük bir ərazidə normal kampaniyanı yalnız mən aparmışdım və qalib də gəlmişdim. Deməli digər dairələrdə də belə kampaniya aparılsaydı inqilab da etmək olardı, hakimiyyət də geri çəkilərdi. Ancaq hakimiyyət haqlı olaraq belə zəif qüvvənin qarşısında geri çəkilmədi və zəiflərdən ibarət komandaya qoşulan mənim kimi qətiyyətli namizədlər də daha bir seçkini yelə verməli oldu…

…Nəticələr gəldikçə rahatsızlığımız artırdı. Bir qayda olaraq rəqəmlər müşahidəçilərimiz məntəqələrdən çıxarıldıqdan sonra “hesablanır”, bülletenlərlə istənilən iş görülürdü. Hətta bir məntəqədə Nizami Xudiyevə nə az, nə çox, düz 900 səs yazmışdılar. Utanmadan, çəkinmədən. Ancaq maraqlı məsələlər də var idi. Xudatda yerləşən hərbi hissənin əsgərləri mənə səs vermişdilər. Elə bu da mənim uğurlu kampaniyamın ən bariz sonucu idi. Digər bir maraqlı məqam isə öz doğma kəndimdəki məntəqədə mənə verilən səslərin ləğv edilməsi idi. Yüzdən artıq səsi etibarsız elan edib bir o qədər də əsas rəqibimə səs yazan həmkəndli qohum-qardaşım bununla daha bir şərəfsizliyə imza atmışdı. Başqa bir maraqlı məqam isə qonşu kəndlərdən birində bizim çox uğurlu açıq hava görüşümüzdən sonra həmin kəndin icra nümayəndəsini işdən çıxarıb yerinə mənim xalam qızının təyin edilməsi idi. Nizami Xudiyev bizdən öncə orada “görüş” keçirmişdi. Buna alayarımçıq bir tədbir də demək olardı. Xalam qızı hakimiyyət başına gətirildikdən sonra YAP-ın namizədi yenidən həmin kənddə görüş keçirdi. Bu dəfə bir az daha yaxşı təşkil olunmuş şəkildə…

…Nəticələr gəldi. Elan edildi ki, Nizami Xudiyev ona heç bir dəxli olmayan Xaçmaz seçicilərinin böyük rəğbətini “qazanıb” və on iki min səs alıb. Əsli-nəcabəti Xaçmazdan olan və seçicilərlə görüşlərində özünü onlardan biri kimi təqdim edən Azər Həsrətə isə cəmi dörd min yüz otuz səkkiz səs verilibmiş. Faiz etibarilə bu, mənim üçün 20, Xudiyev üçünsə 59 rəqəminə bərabər idi.

Biz inqilab etmədik. Dostlarıma da tapşırdım ki, heç bir artıq hərəkətə yol vermədən hər kəs çəkilib evinə getsin. Elə də etdilər. Səhərisi gün mən də sənədlərimi və hər şeyimi toplayıb Bakıya yollandım. İlk işim “Azadlıq” Blokunun mərkəzi qərargahı ilə əlaqə saxlayıb məlumat vermək oldu. Heç soruşmadım da ki, “bəylər, hanı inqilab?”. Onsuz da soruşsaydım, cavab verən olan deyildi. Sonra isə MSK-ya gedib sənədli-sübutlu şikayətlərimi təqdim etdim. Ordan da bir ümidim yox idi. Ancaq ən azından tarix üçün arxivə gedəcəyini nəzərə alıb şikayətlərimi təqdim etdim. Bəzi dostlarım deyirdi ki, gələcəkdə Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək üçün sonacan gedim. Ancaq dövlətimi kimlərinsə qınağına məruz qoymamaq üçün bunu rədd etdim…

Səsvermə bitdi. Bizimkilərdən az bir qismin qələbəsi rəsmi olaraq tanındı. İndi nəticələri ləğv edib “Azadlıq” Blokunun “qələbəsini” rəsmi olaraq təsdiqlətmək üçün hərəkətə keçən “narıncılar” ortaya normal və məntiqə dayana biləcək heç bir arqument qoya bilmirdilər. Toplantılar keçirilirdi. Bu toplantılara bütün uduzanlar dəvət edilirdi. Yəni gerçəkdən uduzanlar da bizimlə bir sırada addımlamağa dəvət edilirdi. Blok rəhbərliyinin məntiqinə görə biz bütün narazıları bir araya gətirib hakimiyyətə qarşı dirəniş göstərməliymişik. Bu toplantılara hətta elə adamlar dəvət olunurdu ki, onlar bütün kampaniya boyu hakimiyyətə mədhiyyə oxumaqları ilə diqqəti cəlb etmişdilər. Sadəcə millət belə yaltaq və ikiüzlü adamlara səs verməmişdi və biz də “Azadlıq” Bloku olaraq onları aramıza alırdıq. Buna dözmədim. ADP qərargahında keçirilən toplantılardan birində çıxış üçün söz alıb dünənə kimi bizə qarşı olanları da aramıza almamızın bir mənəviyyatsızlıq məsələsi olduğunu deməli oldum. Sözlərim faydasını verdi də. Yox, yox, düşünməyin ki, blok rəhbərliyi onlardan imtina etdi. Əksinə, həmin yaltaq və ikiüzlü adamların özləri bu sözlərimdən sonra bir daha bizim toplantılara qatılmadılar. Yəni ən sonda onların qəlbinin hansısa küncündə gizlənən abır-həya bu adamları bizdən uzaqlaşdırdı. Onlar getdilər. Bizsə mübarizəyə davam edirdik. Mitinqlər, zallardakı toplantılar, mətbuatla, beynəlxalq qurumlarla iş və s. Ancaq bütün bunlara baxmayaraq elan edilmiş rəsmi nəticələrə ciddi təsir imkanları artıq əldən çıxmışdı. Düzdür, “ümid sonda ölür” deyib mübarizəni davam etdirirdik. Bu mübarizədə blok rəhbərləriylə birgə biz də təkliflərlə çıxış edirdik. Ancaq təəssüflər olsun ki, bizi eşidən yox idi. “Lider”lərimiz bizi eşitmək belə istəmirdilər. Yaxud da eşidən zaman “yaxşı, yaxşı” deyib keçirdilər. Mənimsə məntiqə, əxlaqa, ədalətə söykənən təklifim vardı. Hakimiyyətlə düşmənçiliyə son qoyub seçkinin obyektiv nəticələrini elan etmək lazım idi…

Mən təklif edirdim ki, gəlin iddia etməyək ki, yalnız “Azadlıq” Blokunun namizədləri qalib gəlib. Buna heç kimi inandıra bilmərik. Yəni biz necə iddia edə bilərdik ki, Qusarda seçicilərin axtarıb tapa bilmədiyi namizədimiz qalib gəlib? Biz necə iddia edə bilərdik ki, Qubada adını indi də öyrənə bilmədiyim namizədimiz qalib gəlib? Biz necə iddia edə bilərdik ki, Xaçmazda seçicilərlə düz-əməlli görüşlər keçirməyi belə bacarmayan Məlahət Mürşüdlü qalib gəlib? Yaxud biz necə iddia edə bilərdik ki, Bakıda özünün maddi və digər imkanları ilə blokumuzun namizədindən qat-qat üstün olan İqbal Ağazadə heç bir imkan sahibi olmayan Fuad Qəhrəmanlıya uduzub? Yəni digər dairələrdə də eyni durum və nəticə var idi. Ancaq bununla bərabər bir sıra dairələrdə biz gerçəkdən qalib gəlmişdik və həmin dairələrin davasını da təşkil etməli idik. Mən əminəm ki, blokumuz savadlı mübarizə təşkil edə bilsəydi mənim dairəmin nəticələri ləğv ediləcək və mən təkrar seçkidə qalibiyyətimi rəsmiləşdirə biləcəkdim. Əslində durum bundan ibarət idi. Ancaq bizimkilər iki ayaqlarını bir başmağa dirəyib bütün ölkə boyu az qala parlament çoxluğunu qazandıqlarını iddia edirdilər…

Mənsə deyirdim ki, gəlin hansı cəbhəyə aid olmasına baxmadan gerçəkdən qalib gələnlərin qələbəsini tanıyaq və onları təbrik edək. Gəlin MSK-nın elan etdiyi siyahıya alternativ siyahımızı elan edək. Yəni bütün dünyaya göstərək ki, biz rəqibin qələbəsini tanımağı da bacarırıq. Bu gün iddia etsək ki, YAP-çılar heç səs almayıb, buna heç kimi inandıra bilməyəcəyik. Üstəlik bizim maddi və siyasi resurslarımızın zəifliyi də hər kəsə bəllidir və belə olan halda tam qələbəyə iddia etməyimiz özümüzü pis duruma salacaq və hakimiyyətin mövqelərini daha da möhkəmlədəcək. Dinləmədilər. Dedilər ki, baxarıq. Ancaq baxmadılar. Getdilər meydanda mitinq etdilər. Bunu da normal və qətiyyətlə təşkil etməyi bacarmadılar. Sonda da 26 noyabr biabırçılığı gəldi və hər şey bitdi. Yenidən geri çəkilib hər birimiz öz yerimizdə oturduq. Və ənənəvi günahlandırmalar, təhqirlər, böhtan və qarayaxmalar qəzetlərə yol almağa başladı. Əsas rəqib olan hakimiyyət yaddan çıxdı. Yenə də biz Müsavat-Cəbhə ittihamlarının at oynatdığı bir meydanda qaldıq. Türkiyəlilər demiş, mən bundan bıktım. Həmişə olduğu kimi dünən dost olanlar bu gün yenidən düşmən oldular. Arada qalansa bizlər olduq. Bir blokun üzvləri olaraq seçkiyə qatıldıq, biriləri aranı qarışdırdı və bir yolun yolçuları pərən-pərən düşdü.

…Biz 116 nəfər olaraq yola çıxdıq. Seçki adlı bir körpüdən keçməli idik. Birlikdə keçməyə başladıq. Hakimiyyət bizlərdən bir neçə nəfərin bu körpüdən keçməsinə imkan verdi. Geridə qalanları isə körpüyə belə buraxmadı (elə mən də sonuncuların arasında idim). Birilərini də körpünün ortasına qədər aparıb suya itələdi ki, sel aparsın (məsələn, Əli Kərimli, Sərdar Cəlaloğlu, Qulamhüseyn Əlibəyli və s. kimi). Körpünü keçən dostlarımız dabanlarına tüpürüb irəli atıldılar (Arzu Səmədbəyli, Nəsib Nəsibli, Pənah Hüseyn və İkram İsrafil kimi). Heç dönüb bizə baxmadılar da. Bu yolu bir gedirdik, ancaq onlar yoldaşlarını atıb hakimiyyətin izn verdiyi istiqamətə yollandılar. Halbuki ən azından elementar əxlaq qaydaları tələb edirdi ki, MM-in işinə qatılmaq üçün bu adamlar blokun bütün namizədlərinin (yaxud da arzu edən namizədlərinin) ümumi toplantısında bu məsələni müzakirə edəydilər. Etmədilər, dabanlarına tüpürüb getdilər. Ancaq bizim bloka daxil olmasa da Lalə Şövkət bütün kişi namizədlərə kişilik dərsi verdi və mandatından rəsmən imtina etdi. Sərdar Cəlaloğlu, Əli Kərimli və Qulamhüseyn Əlibəyli də qalib gəlmələrinə baxmayaraq dirəniş göstərdilər və nəticədə mandatdan məhrum oldular. Ancaq hazırda parlament iclaslarına qatılan adamlar özlərində Lalə Şövkət kişiliyi tapa bilmədilər… və bizi körpünün bu tayında qoyub getdilər… Yolları açıq olsun.

Mən deyirdim ki, gəlin ağıllı olaq. YAP-çılar da daxil olmaqla gerçək qaliblərin qələbəsini tanıdığımızı elan edək. Məsələn, Şəkidən Əli Məsimlinin deputat seçilməsini niyə qəbul etməməliydik? Məncə, şəxsinə, bir bəstəçi kimi musiqi sənətkarlığına hörmət etdiyim Cavanşir Quliyevdənsə Əli Məsimlinin deputat kürsüsündə oturması daha məqsədəuyğundur. Yaxud da Qubadan seçilmiş (sözün həqiqi mənasında seçilmiş. Yeri gəlmişkən həmin dairədən bizim namizədimizi də axtarıb tapa bilmirdik) Vahid Əhmədovun millət vəkili olmasının nə zərəri var? Eləcə də QHT sektorunda ad çıxarmış, öz intellektual və təşkilatçılıq imkanları ilə seçilən Azay Quliyevin, Azərbaycanı AŞPA-da yetərincə normal təmsil edən Gültəkin Hacıyeva və Səməd Seyidovun, keçmiş cəbhəçilər Asim Mollazadə, Cəmil Həsənli və Fazil Qəzənfəroğlunun, yaxud Ümid sədri İqbal Ağazadənin parlamentdə olması məgər bizim zərərimizədir? Ziyad Səmədzadə, Valeh Ələsgərov kimi adamların parlamentdə oturmasından da məncə millət fayda görür. Eyni sözləri keçmiş həmkarımız Qənirə Paşayeva haqqında da demək lazımdır. Yevda Abramov, Mixail Zabelin, Sabir Rüstəmxanlı, lap elə Fəzail Ağamalı və Zahid Oruc kimi insanların parlamentdə oturması məncə millətin heç də zərərinə sayıla bilməz. Eyni zamanda bizim istəyimizdən asılı olmayaraq gerçəkdən qalib gəlmiş Siyavuş Novruzov, Mehriban Əliyeva, Əli Əhmədov kimi insanların da qələbəsini etiraf etmək, məncə, bizə başucalığı gətirərdi. Bu siyahını uzatmaq da olardı. Ancaq uzatmadan bir kəlmə ilə təkrar demək istərdim ki, biz gərək hər şeyi qara rəngdə görməyək. Rəqibin qələbəsini etiraf etməyi bacarmağın özü də bir mərifət məsələsidir və bunu edənlər həmişə hörmət qazanırlar.

Mən o zaman təklif edirdim ki, gəlin yuxarıda adlarını çəkdiyim və çəkmədiyim gerçək qaliblərin qələbəsini etiraf edək. MSK MM-in tərkibini elan edir, bizsə şərti olaraq öz “Milli Məclis”imizi elan edək. Dinləmədilər. İddia etdilər ki, qələbə tam olaraq bizimdir. Ona görə də çox istəyib azdan da oldular. Daha doğrusu olduq. Bacarmadığımız, layiq olmadığımız qədər istədik, bizə layiq bildikləri qədərini verdilər. Pay alan yoldaşlarımız da arxaya belə baxmadan gedib Milli Məclisdə oturdular. Və indi də iddia edirlər ki, sən demə onlar parlamentdə olmasaydı ölkə və millət əldən gedəcəkmiş. İndi adam istəyir bunlara sual versin ki, ötən üç il ərzində millətin və dövlətin əldən getməməsi üçün nə etdiniz? Hansı beynəlxalq qurumlarla intensiv iş apardınız? Sizin deputatlığınıza görə Milli Məclisimiz hansı ciddi məsələləri həll etdi? Yəqin bir şeylər tapıb deyəcəklər. Ancaq mənim bildiyim odur ki, nə edilibsə və edilirsə hakimiyyət istədiyi və etdiyi üçün edilir…

Davamı

Oxunma sayı: 7701
Share