Deputatlığa namizədin dəstəkləyəcəyi namizədlər olacaq

Azər Həsrət

Bakı, AzerHasret.com, 11.10.2010 – 34 saylı Xətai II seçki dairəsindən deputatlığa namizəd, müstəqil jurnalist və Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrət builki seçkilərdə yalnız özünün millət vəkili olması üçün deyil, həm də uyğun bildiyi şəxslərin seçilməsi üçün çalışacaq. Bu haqda Azər Həsrətin seçki qərargahından bilgi verilib.

Verilən bilgidə deyilir ki, Azər Həsrət hələ seçkiyə bir neçə ay qalmış Milli Məclisin hazırkı tərkibini təhlil edərək fəaliyyətdə olan deputatlardan cəmi otuzunun mütləq yenidən seçilməsini arzu etdiyini bildirmişdi. Bundan sonra isə o, MM-ə seçilməsini arzu etdiyi yeni simalar haqqında da bir təhlil hazırlayaraq ictimaiyyətə təqdim etmişdi. Hazırda isə Azər Həsrət qeydə alınan namizədlərlə bağlı fikrini açıqlamağı düşünür.

Məsələylə bağlı münasibətini bildirən Azər Həsrət deyib ki, namizədlərin qeydiyyatı başa çatdıqdan dərhal sonra özünün əvvəlki təhlillərində yer alan adlarla qarşılaşdırma aparacaq və sonra da tərəfdarı olduğu namizədlərdən ibarət 125 nəfərlik siyahını açıqlayacaq: “Mən seçki öncəsi çox fəal şəkildə MM-in həm fəaliyyətdə olan tərkibi, həm də orada görmək istədiyim yeni simalar haqqında araşdırmalar aparmışdım. Bu gün sevinirəm ki, hazırda qeydiyyata alınanlar arasında mənim rəğbətlə qarşıladığım namizədlər çoxluq təşkil edir. Bu isə ondan xəbər verir ki, builki seçkilərin sonucunda MM-in keyfiyyəti ciddi şəkildə dəyişə biləcək. Və mən də hər zamankı ənənəmə sadiq qalaraq səsverməyə qədər MM-in arzu etdiyim tərkibini açıqlamağı düşünürəm. Daha bir təhlili isə seçkilərdən sonra gerçəkləşdirərək bütövlükdə prosesə qiymət verəcəyik”, – deyə o, bildirib.

Azər Həsrət onu da deyib ki, MM-in tərkibi haqqında fikirlərini dilə gətirərkən insanlara partiya mənsubiyyətinə görə deyil, onların verimlilik dərəcəsinə görə yanaşır: “Mənim əvvəlki siyahılarımda dəyərli saydığım YAP üzvləri də, müxalif və tərəfsizlər də vardı. İndi də dəstəkləyəcəyim namizədlər arasında partiya fərqinə baxmadan layiq olanları ictimaiyyətə təqdim edəcəyəm”.

Oxunma sayı: 7073
Share

1 Comment to "Deputatlığa namizədin dəstəkləyəcəyi namizədlər olacaq"

  1. 12 October 2010 - 8:16 - 08:16 | Permalink

    Bu xəbər aşağıdakı saytlarda da dərc edilib:
    http://www.vatanpress.com/?p=2739
    http://www.yalquzaq.com/?p=15927