Azər Həsrət kampaniyasına veriləcək maliyyə dəstəyindən imtina edib

Azər Həsrət

Bakı, AzerHasret.com, 14.10.2010 – Artıq təşviqat müddəti yaxınlaşdıqca deputatlığa namizədlərin və onları dəstəkləyən qüvvələrin həyəcanı da artmaqdadır. Bir sıra namizədlər hələ deputatlığa rəsmən iddia etməzdən öncə özlərinə müxtəlif çevrələrdən dəstək almaq üçün çalışmalara başlamışlar. Lakin az sayda olsa da elə namizədlər var ki, onların dəstək üçün xüsusi çalışmasına gərək yoxdur. Belə namizədlərdən biri də 34 saylı Xətai II seçki dairəsindən iddialı Azər Həsrətdir.

Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı, eyni zamanda tanınmış jurnalist olan Azər Həsrət iddiasını ortaya qoyduğu andan müxtəlif çevrələrdən açıq şəkildə dəstək mesajları almağa başlayıb. Lakin bu dəstəyin önəmli bir hissəsindən imtina etməli olub. Bu təəccüblü olaya münasibət öyrənmək üçün Yalquzaq.com saytı Azər Həsrətə müraciət edib.

“Mən hələ aprel ayında ilk dəfə deputatlığa iddiamı ortaya qoyduğum anda hər şeydən öncə yaxın ətrafım dərhal dəstək vermək haqqında açıq fikirlərini ifadə etdi. Bundan sonra məsələ medianın gündəminə gəldi və ardından da bir sıra partiyalar açıq mətnlə məni öz siyahılarına dəvət etdilər. Mən həmin partiyaların hamısı ilə olmasa da bir neçəsinin rəhbərləri ilə görüşlər keçirdim və ümumi razılığımız bu oldu ki, rəsmən onların siyahısında yer almasam da mənə dəstək versinlər. Partiya siyahısına ona görə qoşulmaq istəmirdim ki, özümü çərçivəyə salmayım. Bilirəm ki, ictimai rəydə mənim tam müstəqil bir şəxs olmağım haqda fikir oturuşub və düşünürəm ki, elə bundan sonra da belə davam etməsi mənim üçün daha əlverişlidir. Çünki mən türk dünyası ilə məşğul oluram və təbii ki, bu möhtəşəm coğrafiyanın məsələlərini hansısa bir partiyanın çərçivəsinə sığdırmaq doğru olmazdı. Bununla belə bütün konstruktiv qüvvələrdən, o cümlədən hakim Yeni Azərbaycan Partiyasından veriləcək dəstəkdən imtina etmək fikrim yoxdur”, – deyə Azər Həsrət Yalquzaq.com-a bildirib.

Azər Həsrət daha bir önəmli, özü də maliyyə əsaslı dəstəkdən imtina etməli olub: “Türkiyədən, Qazaxıstandan olan iş adamları mənə bu kampaniyada ciddi maliyyə dəstəyi təklif etdilər. Bunlar əlbəttə ki, mənim dostlarımın çevrəsindən olan insanlar idi. Lakin onlara Azərbaycan qanunvericiliyinin tələblərini izah edərək nəzakətli bir şəkildə bu dəstəkdən imtina etməli oldum. Bəlli olduğu kimi seçki kampaniyasına heç bir xarici vətəndaş və ya təşkilat maliyyə yardımı göstərə bilməz. Digər tərəfdən də mən özüm bu kampaniyanı aparacaq gücdəyəm və daxildən də hər hansı maliyyə dəstəyi almaq haqqında düşünmürəm. Bununla belə kimlərsə bu kampaniyamda iştiraklarını maliyyə şəklində ifadə etmək istəsələr onları rədd etmək fikrim yoxdur”.

Oxunma sayı: 6974